"Qəza nəticəsində Nətənz təsisatına böyük miqdarda ziyan dəyib" Güney Azərbaycan

"Qəza nəticəsində Nətənz təsisatına böyük miqdarda ziyan dəyib"

İranın Atom Enerjisi Təşkilatının sözçüsü Bəhruz Kamalvəndi qəza nəticəsində Nətənz nüvə təsisatına əhəmiyyətli dərəcədə ziyan dəydiyini deyib.
Onun sözlərinə görə, yanmış çardaq tipli anbarın yerinə daha böyüyü və qabaqcıl texnologiya ilə təchiz edilmiş anbar tikilməsi planlaşdırılır.
Kamalvəndi bildirib ki, qəza nəticəsində ölçmə cihazları və digər zəruri avadanlıqların bir hissəsi sıradan çıxıb. O iddia edib ki, qəza uranın zənginləşdirilməsinə heç bir təsir göstərməyib, yalnız mütərəqqi avadanlıqların inkişafı və istehsalı ilə bağlı orta müddətli proqramda bir az ləngiməyə səbəb olacaq.
Sözçü sonda hadisənin baş vermə səbəbinin müəyyən olduğunu, lakin təhlükəsizlik məsələləri baxımından hələlik elan edilmədiyini qeyd edib.
Xatırladaq ki, iyunun 30-da Nətənz nüvə təsisatında qəza baş vermişdi. İran rəsmiləri hadisənin detalları və səbəbləri barədə açıqlama verməsələr də, sonradan bir qrup xarici media tərəfindən yayılmış bəzi xəbərlərdə qəzanın kəşfiyyat-təxribat olması barədə ehtimallar irəli sürülmüşdü.
Həmin gün mütəxəssislərin apardığı araşdırmalar hadisənin iranlı rəsmilərin dediyi kimi çardaq tipli anbarda deyil, sentrifüqaların montajı otağında baş verdiyi və təsisatın bir hissəsinin yandığını göstərirdi.
İyulun 3-də isə İranın Ali Milli Təhlükəsizlik Şurası qəzanın səbəblərinin müəyyən olduğu, lakin təhlükəsizlik səbəblərinə görə açıqlanmadığını elan etmişdi.