“Azərbaycan”  qəzetinin səhifələrində   - 31-ci yazı Güney Azərbaycan

“Azərbaycan”  qəzetinin səhifələrində   - 31-ci yazı

Əbülqasım Hüseyni: "Xalqımızın əsgərlik xidmətinə marağı"
Azərbaycanın qeyrətli gəncləri xalq qoşunları sıralarına çağırılış elanını oxuduqda ürəkdən misli görülməmiş maraq göstərdilər. Adları oxunan cavanlar bir-birini təbrik etməklə sair yoldaşları da təşviq edirdilər. Cavanlarımız yaxşı başa düşürlər ki, bu dəfəki milli əsgərlik Rza xan dövründəki kimi özgələrin vətən düşmənlərinin və istismarçıların mənafeyini qorumaq üçün, ya cənab Sərtib, generallar və ...lərin sərvətini və əmlakını artırmaq və yaxud onların aşbazxanalarında baş hərəmlərinin göstərişi ilə göy-göyərti arıtlamaq, hamam çamadanını 10 qədəm xanımdan dalı götürmək deyil.
Bu xidmət Azərbaycan xalqının xoşbəxtliyi, tərəqqisi və səadəti yolundadır. Bu xidmət ölkəmizin azadlığını qorumaqdan ötrüdür. Cavanlarımız yaxşı düşünürlər ki, bundan sonra “köpək oğlu”, “anası filan olmuş” kimi sözəri əxlaqsız və ədəbsiz komandirlərin “mübarək” ağzından daha eşitməyəcəklər. Cənab vəkilbaşılar bir daha onlardan həftəlik istəməyəcəklər və o alçaqların şəhvət odu parıldayanda onlar bir daha səbəbsiz yerə şallaq və ya fərdi qaydada qaranlıq həbs cəzasına məhkum olmayacaqlar.
Hal-hazırda aydın bir surətdə görünür ki, milli əsgərliyə səfərbərlik idarəsi məmurları pul və ya “adam” vasitəsi ilə, ya başqa şəxsi baxışlarla “əziz xələfləri” azad etmirlər. Hamı ilə qanun göstərən yol ilə rəftar olunur. Keçmiş məmurların əməliyyatı təkrar olunmur. İki nəfər cavanı gördüm ki, öz adlarını əsgərliyə çağırış elanının sütununda oxuyub bir-birinə deyirdilər ki, gərək biz milli dövlətimizi qüvvətləndirməkdən ötrü hər cür fədakarlığa və candan keçməyə hazır olaq. Bizim xidmətimiz ölkəmizi, canımızı, malımızı, namusumuzu və şərafətimizi daimi surətdə qorumaqdan ötrüdür. Azərbaycan xalqının öz milli dövlətinə bağlı olması Şərqin sair millətlərinə bir böyük göstəriş olacaqdır.
Bu gün Azərbaycan xalqı öz barəsində olan zülmləri, Tehran hökumətindən gördüyü haqsızlıqları, ölkəsinin xarabazara çevrilməsini, ana vətəninin zəngin mədənləri və münbit torpaqları üstündə ac yatmasını nəzərə alıb sübuta yetirəcəkdir ki, Azərbaycan xalqı bir daha alçaq və xain ünsürlərə baş əyməyib az bir zamanda özünü dünyanın ən mütərəqqi millətlərinə yetirəcəkdir.
Keçən dövrün istər əsgərliyi və istərsə qoşun sistemi yalnız kəndlinin, fəhlənin və bütün xalqımızın var-yoxunu əlindən almaq və onu boğmaq üçün qurulmuş bir faşist təşkilatı idi, xalqımızı əbədi olaraq istismar üçün cəhalətdə, fəqrdə və zillətdə saxlamaqdan ötrü idi. Bugünkü milli əsgərliyimiz isə öz xalqımızın səadətini, ölkəmizin abadlığını qorumaqdan ötrü həqiqi bir vəzifə və milli bir xidmətdir. Azərbaycanın igid oğulları yaxşı bilirlər ki, bu gün yer üzündə şərafət və iftixarla azad yaşamaq istəyən millətlərin müntəzəm milli və müasir qoşuna ehtiyacları vardır. Bunun üçün bu cavan milli qoşunumuzun təşkili düşmənlərimizə həddini bildirəcək və ölkəmizin azadlıq və istiqlalını həmişəlik təmin edib ləyaqətli və mədəni bir millət olduğumuzu dostlara və düşmənlərə göstərəcəkdir.
İgid cavanlarımıza eşq olsun!
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 150, 15.03.1946
***
Sahir: "Azərbaycanın təbii nəbatatı"
Azərbaycan demək olur ki, bütün İran yaylasının ən rütubətli və təbii nəbatat (bitki örtüyü – red.) cəhətdən ən zəngin olan bir hissəsidir. Azərbaycanın çölləri nə orta İran səhralarına və nə də Əfqanıstanın susuz çöllərinə bənzər. O, Rusiya çölləri ilə Orta Asiya bozqırları arasında bir keçid sahəsidir. Belə ki, Muğan çölləri və Urmiya otlaqları az-çox Şimali Qafqaz otlaqlarını, Miyana və Zəncan düzənlikləri isə Orta Asiya tikanlı və quru çöllərini andırar. Lakin bu kəsəkli dağların ətəkləri, böyük çayların kənarı, dərələr və dənizə yaxın yerlər bu haldan müstəsna olur. Bu kimi məntəqələrdə təbii aromatik nəbatat, çaylaqlar və yaşıl çayırlar, çəmənlər nəzərə çarpar.
Muğan çölləri Xəzərin sərin nəfəsilə yaşıllanan və gül açan bir məntəqəsidir. Bu məntəqə Şimaldan Kuban çöllərinə birləşir və cənubda da Qaradağ və Savalan ətəklərinə qədər uzanar. Araz bu çölləri başdan-başa suvarır, ona bərəkət və gözəllik verir. Muğanın qışda havası son dərəcə mülayim və bol yağışlı olur.
O, Şahsevən ellərinin qışlağı sayılır və qışın son ayından etibarən onda çiçəklər açmağa başlar. Muğanın boz torpaqları hər cür əkin və məhsul, xüsusilə pambıq əkini üçün fövqəladə əlverişli olur. Əgər texniki (süni – red.) üsulla suvarılarsa, Azərbaycanın “Fərqanə”si olar. Bu gün belə Muğanda texniki suvarma və yeni əkinçilik üsullarına riayət olunmamasına baxmayaraq, yenə də geniş sahədə pambıq əkilir. Muğanın otlaqlarında Şahsevən elləri yüz minlərlə davar, qara mal və dəvə otarar və onların bəslədiyi heyvanlar Azərbaycanın tükənməz təbii sərvətidir.
Muğan çöllərini suvarmaq məsələsi. Qeyd olunduğu kimi, Muğan-Araz sahilində son dərəcə hamar və münbit bir ovalıqdır. Bu ovalığı texniki üsullarla suvarmaq lazımdır. Çünki Arazın yatağı zaman keçdikcə dərinləşir və oranı ibtidai üsulla suvarmaq çətin olur. Belə ki, 17-ci əsrdə inşa olunan suvarma kanalları bu gün çayın səthindən çox yuxarıda qalıblar. Muğanı Arazdan suvarmaq üçün böyük tekniki üsullar və tükənməz səylər gərəkdir. Muğanın torpağı fövqəladə münbit və yayları isti olur, buna görə də pambıq, şəkər qamışı, buğda və sair məhsul üçün əlverişlidir.
Muğan ağacsız bir otlaqdır. Bu yerlərin bahar və qışları hər nə qədər mal, heyvan otarmaq üçün əlverişlidirsə, yay günləri də çox isti və yaşamaq üçün namüsnasibdir. Lakin bu gözəl obanın suvarma sistemi yaradılarsa və süni meşələr salınarsa, yaşamaq üçün ən münasib yer olar.
P.S. “Bozqır” Orta Asiyanın tikanlı və rəngi sarı çöllərinə məxsus olan bir sözdür.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 150, 15.03.1945
***
M. Qüdsi: "Azərbaycanın milli dastanları"
Milli dastanlar millətlərin keçirdikləri iftixar və əzəmət, ya süqut və əsarət dövrlərində üz verən hadisələrdən mövzu alaraq əmələ gəlmişlər. Hər millətin keçmişi, şanlı və müqəddəs xarirələri milliyyət ruhunu təhrik etmək, birləşdirmək və ümidləndirməkdə böyük qüvvəyə malikdir. Dədə Qorqud hekayəsi, Koroğlu və sairə dastanlar Azərbaycanın şərəfli keçmişini, milli əzəmətini və həyatını mühafizə etdikləri üçün qiymətlidir.
Farsların süqutu dövründə yazılan “Şahnəmə”nin də qayəsi istiladan əvvəlki İranın əzəmət və qüdrətini brpa etməkdən ibarətdir. “Şahnamə” farsların məşhur şəxslərini, uzaq şanlı keçmişlərini canlandıran, xatırladan və milli vicdanlarını oyandıran və təhrik edən vasitədən başqa bir şey deyildir. Onu yazmaqdan məqsəd əfsanəvi və xəyali qəhrəmanları vəsf etmək deyil, bəlkə bu əfsanəvi və xəyali qəhrəmanların şəxsində canlandırılmış milli həyat, milli hürriyyət və milli əzəmətdir.
Qədim İranı Zöhhakın zülmündən qurtaran dəmirçi Kavə və ya Firidunun şəxsində farsların Zöhhakdan qabaq milli həyatları və milli ənənələri canlandırılıbdır. Sistanlı Zal oğlu Rüstəm farsın şan və şərəfi olduğu Firdovsi tərəfindən bu sifətdə təsvir olunmuşdur. “Şahnamə” milli fars dastanlarından alınıb və təmiz fars dilində yazılmaqla farsların milli və ədəbi intibahlarında unudulmaz xidmətlər göstərmişdir. Eyni vəzifəni yunanların da “Odissey” və “İlliada”, finlərin “Qale və Ale”, çexlərin “Slaviçera”, almanlarin “Nibe lungin” əfsanələri ifa etmişdir.
Xalqın yaratdığı və yaşatdığı milli dili və milli qrammatikanı, milli tarixi, milli ədəbiyyatı, əxlaqı, milli hüquq və münasibətləri millətin keçmiş tarixi hərəkat və hadisələri, fəlakət və səadətləri, zəfər və məğlubiyyətləri, ələm və kədərləri, şan və şərəfləri ilə birləşməklə onun arzu etdiyi şəkildə dastanlarına mövzu seçilmişdir. Bu dastanlarda müxtəlif qəhrəmanların həqiqi şəxsiyyətləri olmaya bilər. Məsələn, Rüstəm və Əfrasiyabın “Şahnamə”də iki həqiqi fərd olduqları inkar edilir. Lakin bunların iki müxtəlif millət və cəmiyyəti təmsil etmələrinə şübhə edilməz.
Necə Dədə Qorqudun, Kərəmin, Aşıq Qəribin, Koroğlunun, Aşıq Abbasın həqiqi qəhrəman olduqlarını isbat etmək cəhdi bu şəxsiyyətlər ətrafında yaradılmış əsərlərin mahiyyəti üzərində heç bir şey artırmaz.
Zəmanəmizdə eşitdiyimiz və gördüyümüz hadisələr də göstərir ki, dastan və hekayələrin qəhrəmanları mövcud olmaya bilər. Millət onu öz təxəyyülündə yaradacaqdır, onlar mövcud olsalar belə o qəhrəmanın arzusuna, zövq və ruhuna görə onları dəyişərək başqalaşdıracaqdır. Hələlik bunu bilmək gərəkdir ki, hal-hazırda Azərbaycan millətinin də bir “Şahnaməsi” bir “İllada” və “Odiseyi” bir “Nibe lunğin”i vardır, ya yoxdur?
Şübhəsiz, Azərbaycan kimi parlaq tarixi olan bir ölkənin də cahanşümul dastanlara mövzu təşkil edən qəhrəmanları və xariqələri olmaqla orada yaşayan millətin zəngin xalq ədəbiyyatı, zəngin poeziyası, zəngin dastan və hekayələri ola bilər, lakin bu əsərlər harada qalmışdır? Bu suala belə cavab vermək olar: Azərbaycanın milli dastanları siyasi nəzəriyyələr nəticəsində aradan aparılmışdır. Ola bilsin ki, onlardan bir neçəsi 19-cu əsrin əvvəlinə qədər məchul qalmış “Dədə Qorqud” hekayəsi kimi bu zamanadək cırılmış vərəqlər arasından və kitab xəzinələri bucaqlarından çıxarılmayıblar. Ola bilsin ki, əsli aradan getmiş bu dastanlar barədə dəqiq təhqiqatlar edilərsə, onların tərcümə və izləri başqa dillərdə olan dastanlardan ələ gəlsin.
Zəmanəmizdə Azərbaycan şəhərlərində və kəndlərində xalq arasında deyilən dastanlar və nağıllar bu ölkənin keçmiş tarixindən mövzu alırlar. Bu dastanlarda olan qəhrəmanlar xalqın müxtəlif təbəqələrindən, şahzadələrdən tutmuş çobanlara qədər seçilmişlər. Bunlar hər birisi öz təbəqəsinin canlı və həqiqi nümayəndələri ola bilirlər. Bu hekayələr arzu, eşq və bu kimi mənalarla başlanır, Azərbaycanın təbii gözəllikləri ahəngdar (ritmik) bir şəkildə bunlarla təsvir edilirlər və xalqın ruhiyyəsi mütənasib bir halda onlarda əks olunur.
Qəhrəmanların igidlik, düzlük və səxavət ruhuna malik olduqları bu nağılları başdan-başa dolduran davalardan və mübarizələrdən anlaşılır. Bunların arasında çoxlu hicranlar, həsrətlər, məhrumiyyətlər göründükdə onların nəticələri tam müvəffəqiyyətlə bitir və adətən dastan belə bir ibarə ilə axıra çatır: “Onlar yedilər, içdilər, muradlarına yetişdilər, siz də yeyin, için və muradınıza yetişin”.
Bu müqəddimədən sonra Azərbaycan milli dastanlarıının ən qədim və ən zəngini olan “Dədə Qorqud” barəsində danışmağı münasib görürük.
"Azərbaycan" qəzeti. AdF orqanı, Təbriz, say 150, 15.03.1946
***
Əski əlifbadan transliterasiya və farsca məqalələri tərcümə edən: AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun "İran tarixi və iqtisadiyyatı" şöbəsinin elmi işçisi Saleh Dostəliyev, yazıları elmi redaktə edən, şərhlər verən, anlaşıqlı dildə təqdim edən eyniadlı institutun "Cənubi Azərbaycan" şöbəsinin elmi əməkdaşı Səməd Bayramzadə.