“Azərbaycan” qəzetinin səhifələrində  - 35-ci yazı Güney Azərbaycan

“Azərbaycan” qəzetinin səhifələrində  - 35-ci yazı

Tehran Dəmir Yol stansiyasının gömrük məmuru Mahmud Xaki: “Demokratlara böyük bir dərs”

(Müəllif bu yazını Tehranda çıxan “Şahbaz” qəzetinin 17-ci nömrəsində getmiş cənab Pişəvərinin “Keyhan” qəzetinə verdiyi cavab əsasında hazırlayıb).
Pişəvəri “Keyhan” qəzetinə verdiyi cavabda özünün bir millətə rəhbərlik etmək bacarığını göstərdi. Bu cavab əsasında dərin bir fikirdən əldə olunan mühüm və konkret məsələlər onu şübhəsiz tanıtdırdı. Mən nə Pişəvərini tanıyıram, nə də onun həmkar yoldaşlarını! Amma onun cavabını bir dəfə yox, üç dəfə oxudum və mətləblərinə də diqqət etdim. Aşkardır ki, qısa fikirli adamların əksinə olaraq Pişəvərinin yaltaq adamdan və yaltaqlıqdan xoşu gəlmir, çox sadə və kütlənin başa düşəcəyi bir dildə ürək sözünü bəyan etmək istəyir, düzgün və səmimi danışır, özünü ictimaiyyətin önündə ona xidmət etmək istəyən bir xadim kimi tanıtdırır. O, öz şəxsiyyəti ilə deyil, cəmiyyətin bir üzvü olması ilə fəxr edir. Pişəvəri möhkəm bir cümlə ilə onu ictimai işlərin etibarnaməsini inkar edən adam kimi qələmə verənlərin ağzına sərt bir yumruq vurdu və dedi: “Pişəvəri və onun kimi xalq xadimləri siyasi mübarizələrdə özlərinin şəxsi maraqlarını ortaya qoymazlar. Bu çox kiçik və alçaq adamların işidir”.
Əgər Pişəvəri şəxsi maraqlarını ictimai işlərdə ortaya qoymaq istəsəydi, heç vaxt ictimai işləri idarə etməyə layiq ola bilməzdi. Çünki siyasət ictimai işlərə aiddir. Əgər bir adam ictimai işlərdə şəxsi maraq və ya istəklərini ortaya qoyarsa, cəmiyyətə rəhbərlik etmək ləyaqətinə malik olmayacaqdır. Əgər şəxsi istəklər və maraqlar cəmiyyətin işlərinə dəxalət etsə, Tehranın son illərdəki hökumətlərinin eynisi yaradılacaqdır və belə bir vəziyyətin nəticəsi bizim indiki durumumuzdan ibarətdir ki, məlum deyil hara gedib çıxacaqdır.
Pişəvəri cəmiyyətin tərəqqisi yolunda öz şəxsiyyətini unutmuş və Muxtarinin 11 illik məhbəsinin əzablarını da tamamilə yaddan çıxarmışdır. Çünki o, indi böyük bir vəzifəni öhdəsinə götürmüşdür ki, özü o vəzifənin ağırlığını etiraf edir: “Biz indi böyük bir işlə məşğuluq. Keçmişi xatırlamğa belə vaxtımız ola bilməz”. İctimai işlərin idarə olunmasından ağır hansı işi göstərmək olar? O da bir cəmiyyətin ki, 24 il müddətində onun son qətrəsinə qədər sorub bədbəxt bir hala salmışlar.
İndi Pişəvəri və onun yoldaşları cəmiyyətin idarə olunmasının məsuliyyət yükünün ağırlığını yaxşı hiss etmiş və onun əhəmiyyətinə diqqət yetirmişlər. Onlar bilirlər ki, ictimai işlərin idarəsi oyuncaq deyildir ki, şüursuz bir diktator, ya yalançı rəhbər onun öhdəsindən gələ bilsin. Ona görə də bu ağır məsuliyyəti bacarıqlı və fədakar ünsürlər arasında hər birinin bacarıq və ləyaqəti nisbətində bölmüşlər ki, onun ağırlığından azalsın, cəmiyyət işləri yaxşı irəli getsin və xalq daha da artıq rahatlıqda və asayışdə olsun. Pişəvəri “Keyhan” qəzetinə verdiyi cavabda azadlıqsevərlərə böyük bir dərs verir və onların yadına salır ki, “əgər siz həqiqətən demokrat və azadlıq tərəfdarısınızsa, bir rəhbəri və xilaskarı gözləməməlisiniz ki, mühitinizin xaricindən gəlib sizi xilas etsin. Bir millət üçün bundan böyük fəlakət ola bilməz”.
“Keyhan” qəzetində yazılmış “Pəyam be Pişəvəri” (“Pişəvəriyə mesaj” – red.) məqaləsinin müəllifinin istəyi və arzusu bundan ibarət idi ki, əgər Pişəvəri də Səttarxan, Xiyabani və Kuçek xan kimi özünü Azərbaycan məsələsindən qurtarıb Tehran demokratlarının fəryadına yetişsəydi, ehtiram və sitayişə layiq olardı. Burada ixtiyarsız olaraq Pişəvəri deyir: “Bu biçarəlikdir, bu elə bir bədbəxtlikdir ki, diri və ağıllı millətlər onu eşitməkdən nifrət edirlər”.
Bu o deməkdir ki, azadlıqsevərlik adı ilə Pişəvəridən öz nicatını istəyən adam biçarədir, bədbəxtdir, yazıq və çarəsizdir. Belə bir adamın əgər hissi varsa və əgər həqiqi demokratdırsa, heç vaxt Pişəvəridən kömək istəməzdi. Pişəvəri xalq qüdrətinin əzəmətini yaxşı dərk etmiş və ona iman gətirmişdir. O, tehranlılara xitab edib deyir: “Biçarə tehranlılar görünür xalq və millətin qüdrətini hələ də dərk edə bilməmişlər”.
Pişəvəri öz şəxsiyyətini xalqa və cəmiyyətə fəda etmiş, xudbinliyi və eqoizmi ortadan aparmış və xalqa nəhayətsiz hörmət bəsləmiş və demişdir ki, “azərbaycanlı heç vaxt hazır olmaz ki, bir şəxsdən özü üçün nicat və azadlıq gözləsin. Bunlar anlamaq istəmirlər ki, bizim qüdrət və gücümüz mübarizənin milli xüsusiyyətindədir”.
Pişəvəri və onun həmfikirləri bu danılmaz həqiqəti dərk etmiş və anlamışlar ki, “haqqı almaq lazımdır, vermək yox və onu fədakarlıq və milli birlikdən başqa ayrı vasitə ilə almaq olmaz. Azərbaycan xalqı isə özünün qüdrətini milli birlik və milli azadlıqda tapmışdır”.
Pişəvəri və məsləkdaşları dünyaya isbat etdilər ki, irtica kaftarlarının və istismar divlərinin gözlərinin korluğu qarşısında Şərq millətləri öz ictimai işlərini idarə etmək ləyaqətinə malikdirlər və Şərqin geri qalmış xalqlarına göstərdilər ki, bütün xalqlar birlik və ittifaq vasitəsi ilə istismar canavarlarının və şüursuzların törətdikləri bəlaları öz başlarından uzaqlaşdırmaqla azadlıq bayrağını uca dağların başına sancmaq mümkündür. “İndi Azərbaycan xalqı özünü idarə etməyə layiq olduğunu bütün dünyaya isbat etmişdir. Təbriz mərkəz mürtəcelərinin xain siyasətinə baxmayaraq, hər cəhətdən Tehrandan irəlidir”. Pişəvəri öz yazısının sonunda deyir: “Tehran hökumətinin idarəçiliyində isə dərin və qəti naümidlik hökm sürməkdədir, məyus bir millət tükənməyə məhkumdur”.
Bu, ümumi və təbii bir qanundur. Ümidsizliyə düçar olan millət hərəkətdən və mübarizədən düşər və hər bir fərd üçün zəruri və təbii olan səy və təlaş dayanarsa, o fərdin yox olmasına gətirib çıxarar. Fərdlərdən ibarət olan cəmiyyətin vəziyyəti də bu qayda ilədir və istər-istəməz ümidsizlik nəticəsində hərəkət və təlaş sükuta və yoxluğa dönəcəkdir. Əksinə olaraq ümidvar olan bir qəlb gecə-günüz çalışar və hər addım irəli getdikcə, ümidvarlığına bir qədər daha artar, çətinlikləri öz ayağının qabağından qaldırar və nəhayət səadət və xoşbəxtlik məşuqəsin bağrına basar.
Pişəvəri bunu başa düşmüşdü. Ona görə də deyir: “Ümidvar millət isə hər cür çətinliklərə qalib gəlib yaşar və arzularını icra etmək yolunda heç bir fədakarlıqdan ayaq geri qoymaz”. Pişəvəri ürəkyaxıcı axırıncı oxunu kamana qoyub, mürtəcelərin ürəyinə vurmaqla onları ayaqdan salıb ah-zar etməyə vadar etmişdir. O, deyir: “İndi biz hər gün, hər saat irəli gedirik. Tehran isə mürtəcelərin və özlərini azadlıqsevər kimi göstərməyə çalışan boşboğazların qara siyasəti sayəsində fəlakətə sürüklənir. Biz milli mübarizəni axıra qədər aparmağa and içmişik. Ölmək var, dönmək yoxdur”.
Bu cümlə mürtəcelər üçün atom bombasından daha qorxulu və daha öldürücüdür. Bu cümlə son zamanlarda mürtəcelərin beynində əmələ gəlmiş ümidləri ümidsizliyə və yasa çevirmişdir. “Ölmək var, dönmək yoxdur” istismar dəllallarının və mürtəcelərin mütlq və əbədi ölümlərindən ibarətdir. İrticanın ölümü yəqindir, çünki ölmək var, dönmək yoxdur.
Tehran, 01.02.1946.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 147, 12.03.1946
***
"İran hakim dairələrinin azərbaycanlılara qarşı ayrı-seçkilik siyasəti barədə (1925-1979-cu illər)" adlı məqaləmdən bir hissəni diqqətinizə təqdim edirəm.
"... I Dünya müharibəsi illərində İran ərazisi, o cümlədən ölkənin şimal-qərbini əhatə edən Cənubi Azərbaycan torpaqları xarici dövlətlərin hərbi əməliyyat meydanına çevrildi. Rusiyada fevral inqilabı nəticəsində çar mütləqiyyəti devrilsə də, rus qoşunları hələ də Cənubi Azərbaycanı işğal altında saxlayırdılar. 1918-ci ilin fevral-mart aylarında keçmiş rus zabitləri tərəfindən silahlandırılmış erməni quldurları, Şərqi Anadolu və Şimali Azərbaycanda olduğu kimi, Cənubi Azərbaycanın Türkiyə ilə sərhəd bölgələrində Azərbaycan türklərinə qarşı soyqırımına başladılar. Fransız zabitləri və Amerika missionerləri tərəfindən qızışdırılan aysorlar və kürdlər də Azərbaycan xalqına qarşı törədilən bu qanlı qırğında fəal iştirak edirdilər. Nəticədə Cənubi Aərbaycanın qərb bölgəsində 200 min nəfər azərbaycanlı qətlə yetirildi.
Yaranmış ağır vəziyyətdə Osmanlı hərbi qüvvələri Cənubi Azərbaycan türklərinin köməyinə çatdı. 1918-ci ilin martından başlayaraq Maku, Urmiya və Salması işğalçılardan, erməni-aysor-kürd quldurlarından təmizləyən türk hərbi hissələri Təbrizə daxil oldular. Beləliklə, Cənubi Azərbaycan ərazisində xalqımıza qarşı həyata keçirilən qətl və qırğınların qarşısı alındı. Lakin 1918-ci ilin oktyabr ayının 30-da bağlanmış Mudros müqavuləsinin şərtlərinə görə Osmanlı hərbi qüvvələri 1918-ci ilin noyabrında Cənubi Azərbaycanı tərk etməli oldular. Bundan istifadə edən ingilislər Təbriz də daxil olmaqla bütün Cənubi Azərbaycanı işğal etdilər. 1919-cu il avqustun 9-da imzalanmış sazişin şərtlərinə əsasən İran İngiltərədən asılı dövlətə çevrilirdi. Bütün İran, o cümlədən Cənubi Azərbaycan bu alçaldıcı sazişə qarşı ayağa qalxdı. 1920-ci il aprelin 7-də Şeyx Məhəmməd Xiyabaninin rəhbərliyi ilə Təbrizdə başlayan silahlı üsyan qalib gəldi.
İlk günlərdə İranın demokratikləşməsi və demokratik İranın tərkibində Azərbaycana muxtariyyət verilməsi şüarı ilə çıxış edən üsyançılar 1920-ci il iyunun 23-də Təbrizdə Milli Hökumət yarandıqdan sonra artıq diqqəti İranda şahlığın ləğvi və respublika yaradılması ehtimallarına yönəldirdilər.
Londonun Tehrandakı rəsmi nümayəndəsi Persi Koks tərəfindən İngiltərə Xarici İşlər nazirinə göndərilən 14 may 1920-ci il tarixli teleqramda deyilirdi: “Əvvəlki dövrlərdə olduğu kimi, (İranda) başlıca təhlükəli yer vəziyyətin son dərəcə xoşagəlməz olduğu İran Azərbaycanıdır. Əgər bu əyalət Mərkəzi hökumətin öz vəzifələrinin icra edə bilməməsi üzündən dözə bilməyərək ayrılsa, o zaman bu hadisənin İranda ümumi vəziyyətə təsiri kifayət qədər təhlükəli olacaqdır. Kabinet, əlbəttə, yıxılacaq, siyasət, o cümlədən saziş təhlükə altına alınacaq”.
İran Mərkəzi hökuməti İngiltərənin Tehrandakı nümayəndəliyi ilə məşvərətdən və müəyyən hazırlıqdan sonra sentyabr ayının 11-də Təbriz üzərinə hücum təşkil etdi, üsyan yatırıldı, sentyabrın 14-də Xiyabani şəhid oldu, azərbaycanlılara amansız divan tutuldu, evlər yandırıldı, yüzlərlə insan həbs edildi və ya sürgünlərə göndərildi. 1921-ci ilin fevral ayının 21-də hərbi süvari briqadanın rəhbəri kimi dövlət çevrilişi edən, bundan sonra 1923-cü ilə kimi hərbi nazir, 1923-1925-ci illərdə baş nazir vəzifələrini tutan Rza xan 1925-ci ildə ölkə parlamentini onu şah elan etməyə məcbur etməklə Qacar türk hakimiyyətinin varlığına xitam verdi və beləliklə də qondarma “pəhləvilər” sülaləsinin “İran” adı altında çoxmillətli bir ölkədə hakimiyyətini qanuniləşdirmiş oldu. Elə həmin tarixdən başlayaraq İranda hakimiyyətdə olan iqtidar türkləri - azərbaycanlılari ölkənin ərazi bütövlüyünü poza və parçalayaca biləcək bir qüvvə kimi qələmə verirdi..."
Səməd Bayramzadə

***
Əski əlifbadan transliterasiya və farsca məqalələri tərcümə edən: AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun "İran tarixi və iqtisadiyyatı" şöbəsinin elmi işçisi Saleh Dostəliyev, yazıları elmi redaktə edən, şərhlər verən, anlaşıqlı dildə təqdim edən eyniadlı institutun "Cənubi Azərbaycan" şöbəsinin elmi əməkdaşı Səməd Bayramzadə.