“Azərbaycan” qəzetinin səhifələrində  - 36-cı yazı Güney Azərbaycan

“Azərbaycan” qəzetinin səhifələrində  - 36-cı yazı

***
"Şeyx Məhəmməd Xiyabaninin cənazəsi üstündə"
Deyirlər, Abdulla xan Təhmasibi Maku sərdarını təsəvvür edilməz bir alçaqlıq və həyasızlıqla tutub Təbrizə gətirdikdən sonra onun aşıb-daşan sərvətinə, xüsusən əlindəki çox qiymətli təsbehinə sahib olmaq məqsədi ilə göz yaşı tökə-tökə sərdarın qaldığı zindana daxil olub özünün haqsız olan çöhrəsini günahsız kimi təqdim edərək bütün işləri vəzifənin və öz iş icraçısının boynuna atdı və özünü elə göstərdi ki, guya şəxsən o, sərdara qarşı alçaqcasına rəftar etdiyinə görə çox mütəəssirdir və əzab çəkir. Axırda sərdarın təsbehini natəmiz (!) adamların əlinə düşməsin deyə ondan istədi. Mərhum sərdar da qəzəblənmədən bir neçə mənalı cümlə işlədərək qürurla öz təsbehini Abdulla xana peşkəş (!) etdi.
Tarix bu gün Abdulla xan ilə Maku sərdarı arasında olan hadisəni eynən təkrar edir.
Şeyx Məhəmməd Xiyabanının indiyə qədər adını çəkməmiş qəzet redaktorlarının və yazarların əksəriyyətinin Şeyx Məhəmmədin nəçi olduğundan, harada doğulduğundan, necə məhv edildiyindən xəbərsiz olan mərkəz qəzetləri Azərbaycan Demokrat Firqəsi yarandıqdan sonra Şeyxin yaxasından yapışıb qəzetlərinin hər bir nömrəsində o mərhumun sözlərindən misallar gətirirlər və Şeyxi bir iranpərəst azərbaycanlı simvolu kimi qələmə verirlər.
Lakin bundan xəbərsizdirlər ki, Azərbaycanda yaranan demokrat partiyası və başqa azadlıqsevər partiyalar Şeyxin nəzəriyyəsinə əsaslanırlar və Şeyx Məhəmməd Xiyabanının intiqamını almaq üçün təşkil olunurlar.
Biz Şeyxi həqiqi və əsil iranpərəst sayan Tehran qəzetlərinin müdirlərindən soruşuruq: “Bilirsinizmi, Şeyxi kim öldürdü və onu nə üçün öldürdülər?”
Məgər bu həmin Tehran deyilmi ki, Xiyabani qiyamı zamanı bu gün Demokrat partiyasına yağdırdığı təhqir və böhtanları ona münasibətdə də həyata keçirdi və nəticədə Şeyxi bir nəfər vətən xaini, cani kimi qələmə verdi. Məgər həmin Tehran deyildimi ki, Şeyx Məhəmməd Xiyabaninin Azərbaycanı ayırdığını deyirdi və Milli Şura Məclisində Müxbirüssəltənə də tam bir həyasızlıqla demişdi: “Mən xəyanət fikrində olan Şeyx Məhəmməd Xiyabanini öldürməklə İrana ən böyük xidmət göstərmişəm”.
Biz bu ağır keçmişimizi unutmamışıq və ondan xəbərsiz deyilik. Şeyx Məhəmməd bu gün mərkəzi qəzetlərdə yazıldığı kimi vətənpərvərdirsə, İranı sevirdisə, İranın istiqlaliyyətinə hörmət edirdisə, özünü tam mənasında iranlı hesab edirdisə və İran milli şairlərinin əsərlərini əzbər bilməyi vacib işlərdən biri sayırdısa, bəs nə üçün onunla bir xain, bir casus, bir yad adam kimi rəftar etdilər və nəticədə bu gün etdikləri kimi həmin günlərdə də Müxbirüssəltənəni göndərməklə onu öldürdülər?
Şeyx Məhəmmədin sözlərini sitat gətirən cənablar öz faciələrinin üzərinə pərdə çəkmək istəyirlər və müxbirüssəltənələrin, mustofilərin cinayətlərini unutdurmaq istəyirlər. Bu cənablar bilməlidirlər ki, biz Sədrül-əşrafdan əvvəl də bu hiyləgərlərlə tanış idik və məşhur atalar məsəlində deyildiyi kimi “İlan sancmış adam ala çatıdan da qorxar”. Biz məzkəzdən o qədər hiylələr, hoqqabazlıqlar və faciələr görüb dözmüşük ki, bu gün bu qəbildən olan əsassız nağıllara və rəvayətlərə nəinki əhəmiyyət veririk, hətta onları oxumaqdan belə acığımız gəlir.
Dünən Tehran Şeyx Məhəmməd Xiyabanini vətənə xəyanətdə, İrana və onun istiqlaliyyətinə xəyanətdə günahlandıraraq qətlə yetirmişdir, bu gün isə riaykarlıq və hiylə ilə onun cənazəsi üstündə ağlayıb şivən qoparır, özünün layiqli övladlarından birini itirdiyinə görə təəssüf edir. Biz bilmirik ki, bu matəm və şivənlər qoparmaqla cənablar özlərini ələ salmışlar, yoxsa bizi.
Yuxarıda oturan bütün cənablar bilməlidirlər ki, Azərbaycan həddi-buluq yaşına çatmışdır , böyümüşdür və bu cür uşaq hiylələri ilə onu ələ salmaq olmaz.
Biz İranın başqa ərazilərinə nisbətən Şeyx Məhəmmədin fikir və əqidəsinə daha çox bağlıyıq. Şeyx Məhəmməd Xiyabani Azərbaycanın iftixarıdır. Azərbaycanın hər bir vətəndaşı Şeyx Məhəmməd Xiyabaninin dediyi sözləri təkrar edir və səmimi qəlbdən İranı sevir, yalnız bu fərq ilə ki, Şeyxi aldadıb qətlə yetirdilər, lakin biz heç vaxt aldanmayacağıq. Pəhləvi dövründə heç kəsin haqqı yox idi ki, Şeyxin adını dilə gətirsin. Şəhrivər hadisələrindən (25 avqust 1941-ci il tarixində Sovet qoşunlarının İrana girməsi ilə bağlı hadisələr - red.) sonra 20 il müddətində öz böyüklərinin və dahilərinin fikirlərini oxumaqdan məhrum edilmiş Azərbaycan gəncləri böyük bir rəğbətlə Şeyxin bütün kitablarını və deyimlərini toplayıb mütaliə edirlər. Bu gün demək olar ki, Azərbaycanda yaranmış hərəkat Şeyx Məhəmmədin ideyalarından doğulmuşdur. Bu gün mərkəzi qəzetlər onun yazılarına istinad etməklə azərbaycanlıları ələ salmaq istəyirlər. Tarixi şəhrivər ayından sonra Təbriz qəzetlərində Şeyxin adını ilk dəfə çəkmiş yazıçı dostlarımızdan biri idi. O, bu gün İstanbulda təhsil alır. O təklif etmişdir ki, Təbrizdə Şeyx Məhəmməd Xiyabaninin heykəli qoyulmalıdır və bu məsələnin həlli üçün indi də ianələr verilməkdə davam edir. Məqsəd bunu göstərməkdir ki, Tehran kasıbların cibini boşaldan zaman Azərbaycan öz övladlarını dəyərləndirir. Adı çəkilən bütün bu hiylələrlə bizi yolumuzdan edib fəlakətə sövq edə bilməzlər.
“Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, say 30; 17.10.1945
***
Şeyx Məhəmməd Xiyabaninin kəlamları:

* Ey qeyrətli Azərbaycan xalqı! Hamıdan əvvəl sən özün - özünə yardım göstərməlisən. Sən özün - özünə nicat verməlisən.
* İntizam və qayda - qanun müvəffəqiyyətin başlıca şərtlərindən biridir.
* Böyük və ağır bir çarxın dişləri arasında təzyiqə dözüb qalmaq ağıla və məntiqə uyğun deyil.
* Qonşu evi yıxanın evi heç vaxt abad olmaz.
* Qorxmaq insanın iradəsinə məlum bəşəri qüvvələrdən heç biri üstün gələ bilməz.
* Öz nəfsinə tabe olmayan kəs şücaətli və cəsurdur.
* Mənəvi şücaət olmazsa, cismani şücaət (olmaz) yarımçıqdır.
* Qorxaq bir millətin boynuna əsarət boyunduruğu salmaq üçün mahir zülmkar çox asanlıqla tapılır.
* Şərəfsiz adamların sizə hakim kəsilməsini qəbul etməyin.
* Eşq olsun o millətə ki, azadlığı yaşatmaqdan ötrü yaşamağı sevir.
*Hər kəs öz başını saxlamaq üçün yaşasaydı, dünyada böyük simalar, fədəkar qəhrəmanlar, öz canlarını vətən və millət yolunda fəda edən rəşid insanlar tapılmazdı.
*Biz həmişə yaşamışıq, "yolumuz və məqsədimiz aşkardır. Biz Azərbaycanın səadətini və İranın səfalət və xilasını istəyirik.
*Azərbaycanlı yüz il xaricdə qalarsa, əxlaq - ruhiyyə və tərz təfəkkür cəhətdən azərbaycanlıdır. O öz yurdunu, öz ata - baba ocağını sevir, onu yad etməklə iftixar edir.
*Biz həmişə demişik ki, haqqı verməzlər, onu almaq lazımdır. Təbriz şəhəri öz haqqını almağa qadir bir şəhərdir.
*Xalq özü əl - ələ verib öz dərdlərinə çarə tapmalıdır.
* Azərbaycan xalqı yatmamışdır. O bu gün hər bir zamandan qüdrətlidir.
* Demokratlıq ən mütərəqqi və ali bir fikirdir.
* Bizim gizli siyasətimiz yoxdur. Təbliğatımız da həqiqətə dayanmalıdır.
* Dövlətimiz, hökumətimiz demokratiya üsuluna mömin olan şəxslərin əlinə tapşırılmalıdır.
* İftixar, şərəf qazanmaq istəyirsənsə, xalqa xidmət etməlisən.

***

“İzvestiya” qəzetindən: "İran məsələsi"
İranda xarici imtiyazlar

Şirkətin öz dəmir yolları, öz dəniz donanması, öz təyyarə meydanları və təyyarələri, hətta öz polis və jandarmaları vardır ki, bunların da sayı getdikcə artmaqdadır. İranın cənubunda belə bir imtiyaz verilmiş olduğu halda, ölkənin şimal dairələrində Sovet İttifaqına imtiyaz hüququ verməkdən imtina edilməsi mahiyyət etibarı ilə İranda İngilis neft imtiyazının inhisarçı vəziyyətini müdafiə etməkdən başqa bir şey deyildir. Sovet təklifini rədd etmək üçün çıxış edən Məclis vəkilləri bu hadisədə İngilis-İran neft şirkətinin adi müdafiəçiləri kimi hərəkət etmişlər. İran dövlət xadimləri bəzən deyirlər ki, İngilis-İran neft şirkətinin imtiyazı çoxdan, hələ məşrutiyyət dövründən qabaq verilmişdir. Hazırda isə İran xarici şirkətlərə imtiyaz verməkdən imtina edir. Lakin bu iddia tamamilə əsassızdır. Əvvəla, İngilis-İran neft şirkəti ilə yeni imtiyaz müqaviləsi indi də mövcud olan İran konstitusiyası əsasında 1933-cü ildə imzalanmışdır. İkincisi, İran hökuməti və İran məclisi neft və mədən imtiyazlarını xarici şirkətlərə ən son zamanlarda, lap 1944-cü ilə qədər həvəslə verirdilər. 1944-cü ilin ərzində İran hökuməti Amerika və İngilis şikətlərinin nümayəndələri ilə onlara İranda yeni neft və mədən imtiyazları verilməsi haqqında danışıqlar aparmışdır. Həm də prinsip etibarı ilə İran hökuməti onlara bu imtiyazları verməyə razılaşırdı.
Beləliklə, İranın hakim dairələri bu məsələdə Sovet İttfaqının mənafeyi ilə hesablaşmaq istəmirdilər və Sovet İttifaqını ayrı-seçkilik salmaq cəhdlərinə məruz qalan bir vəziyyətdə qoydular.
Bütün bu dəlillər onu sübut edir ki, son 20 il ərzində İranın hakim dairələrinin İranda neft imtiyazları məsələsindəki siyasətləri Sovet İttifaqına qarşı düşmənçilik ruhu daşımaqdadır. Bu siyasət daha çox Sovet İttifaqı ilə digər böyük dövlətlər arasında fitnə salıb toqquşma törətməyə yönəldilmişdir. Bunun üçün İran mürtəceəri hətta, Sovet-İran müqaviləsini dəfələrlə pozmaqdan da çəkinməmişdilər.
Sovet İttifaqı ilə İran arasındakı münasibətlərin inkişafında ciddi əhəmiyyəti olan bütün bu dəlilləri unutmaq olmaz.
N. Alekseyev
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 159, 28.03.1946
***
Əski əlifbadan transliterasiya və farsca məqalələri tərcümə edən: AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun "İran tarixi və iqtisadiyyatı" şöbəsinin elmi işçisi Saleh Dostəliyev, yazıları elmi redaktə edən, şərhlər verən, anlaşıqlı dildə təqdim edən eyniadlı institutun "Cənubi Azərbaycan" şöbəsinin elmi əməkdaşı Səməd Bayramzadə.