“Azərbaycan” qəzetinin səhifələrində  - 42-ci yazı Güney Azərbaycan

“Azərbaycan” qəzetinin səhifələrində  - 42-ci yazı

***
Cavanlar təşkilatının verdiyi tamaşa
Mart ayının 23-də cavanlar tərəfindən “İntiqam” pyesi xalq qoşunları üçün tamaşaya qoyuldu. Tamaşa başlamazdan əvvəl cənab Hüseyn Ciddi tamaşaların verilməsinin lüzumu və əhəmiyyəti barəsində danışdı.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 158, 27.03.1946
***
Aşıq Hüseyn Cavan: "Təzə il"
Novruz bayramında, cümə günündə
Təbim coşdu xoş nəvanı görəndə
Şanlı Təbriz dilə gəldi, səsləndi
Qoca, cavan hər insanı görəndə.
***
Yeridi qəhrəman qızılbaş qoşun
Dayandı dağ kimi, dik tutdu başın
Analar oğlunu, bacı qardaşın
Alqışladı gözəl sani görəndə.
***
Öyüd verdi öz oğluna mərd ana
Dedi, sərhədlərdə dayan mərdana
İgid el yolunda boyansa qana
Geri dönməz o düşməni görəndə.
***
Ucaldı göylərə elimin səsi
Hər yanda oxundu zəfər nəğməsi
Əlində müsəlsəl Babək nəvəsi
Şir ürəkli Səttarxanı görəndə.
***
Milli Hökumətin firqə rəhbəri
Söylədi, bu yoldan dönmərik geri
Cəm etdi ölkədə milli ləşgəri
El sevindi xoş dövranı görəndə.
***
Bu Milli Hökumət, bu milli əsgər
Vətəni günəş tək etdi münəvvər
Yaz, Cavan Hüseyn, hər axşam, səhər
Yeni aləm xoş zamanı görəndə.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 158, 27.03.1946
***
Təbrizdə hərbi zabit məktəbinin açılışı
Hərbi zabit məktəbi yeni ildən rəsmən dərsə başladı. Məktəbin açılışı münasibəti ilə məktəbdə tələbələr üçün ümumi bir mitinq təşkil edildi. Birinci növbədə cənab polkovnik Pənahiyan məktəbin əhəmiyyətini şərh etdi və gələcəkdə milli qoşunumuzun birinci müəllimləri olacaq həmin məktəbdə yetişən zabitlərə müvəffəqiyyət arzu etdi.
Sonra mayor Səfvət məktəbin açılışı barədə əmri oxudu. Üçüncü növbədə polkovnik Pənahiyanın müavini cənab Lətifzadə məktəbin nizam-intizamı ətrafında söhbət etdi. Sonda məktəbin siyasi işlər üzrə müavini cənab Ciddi firqəmizin az müddətdə götürdüyü böyük işləri qeyd etdi, firqənin yaratdığı Milli Hökumət vasitəsi ilə verdiyi islahat və yaradıcılıq vədələrini tamamilə yerinə yetirəcəyini şərh etdikdən sonra mitinq sona çatdı.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 158, 27.03.1946
***
Qoşunumuzu gücləndirməliyik!
Xalqımızın azadlığına kağızlar üstə yazılmış nizamnamələr, öhdəliklər zəmanət verə bilməz. Yalnız xalqımız öz-özünü qorumalıdır. Biz özümüzü azadlığa layiq bilirik və bu azadlığı qorumaq üçün də qoşun qüvvəmizin gücləndirilməsi məsələsi qarşımızda durur.
***

Mədəniyyət tariximizdən xəbərlər
Bazar ertəsi günü, mart ayının 25-də Təbrizdəki sovet məktəbində Novruz bayramı münasibəti ilə sovet məktəbinin şagirdləri tərəfindən tərtib edilmiş konsertə tamaşa etmək üçün mədəniyyət evindən bir dəvət gəlmişdi. Qabaqcadan tənzim olunmuş proqramın maddələrini tamamilə şagird oğlan və qızlar icra etdilər.
Kiçik yaşlı qızlar və oğlanlar bu varyetedə (estrada tamaşası – red.) iştirak etmişdilər. Varyetenin proqramı fövqəladə diqqətəlayiq idi və rolları ifa edənlər dəfələrlə tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılandılar. Məxsusən kiçik şagirdlərin tərəfindən olunan çıxışlar bütün tamaşaçılarda böyük bir həyəcan oyatmışdı. Kiçik uşaqların görkəmli nümayişləri onlarda olan istedadları aydıncasına göstərirdi.
İndiyə kimi Azərbaycanda məktəbli uşaqlar bu cür bir müvəffəiyyət ələ gətirməmişdirlər. Bunun səbəbi aydındır: keçmiş dövrlərdə təhsil proqramı tamamilə xüsusi istismarçı niyyətlər üzərində qurulmuşdu. Keçmiş şəraitdə uşaqlar öz təbii istedadlarından heç vəchlə doğru-düzgün istifadə edə bilmirdilər. Amma sovet məktəbinin düzgün prinsip üzərində idarə olunduğu üçün bütün şagirdlər öz istedadlarından istifadə etməkdən əlavə geniş bir sənət mühiti ilə də tanış olmuşdular.
Bu proqramda uşaqlar Sabirin, Süleyman Rüstəmin, Səməd Vurğunun şeirlərindən çıxışlar etdilər. Uşaqlardan biri Süleyman Rüstəmin “Dəymə” ünvanlı şeirini coşğun bir duyğu ilə söylədi. Onun hərəkəti təbii olmaqla bərabər dərin bir duyğulardan da hekayət edirdi. O biri hissələrdə də tamaşaçıların böyük bir təəssüratda olduqları bilinirdi.
Sovet məktəbinin şagirdlərinin bu varyetedə əldə etdikləri müvəffəqiyyətlər xalqımızın nə kimi bir istedada malik olmasından və onların siyasi və ictimai sahələrdə təkamülə doğru getmələrindən böyük bir nümunədir.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 158, 27.03.1946
***
Mədəniyyət tariximizə aid elanlardan
Culfada “Səttarxan teatr klubu” adında 250 nəfərlik bir teatr səhnəsi yaradılmışdır. Bu klubda bundan sonra tamaşalar, səhiyyə və kənd təsərrüfatına aid milli konfranslar veriləcəkdir.
"Azərbaycan" qəzeti.ADF orqanı, Təbriz, say 157, 26.03.1946
***
M. Niknam: "Bayram münasibətilə"

Hamı edər bir-birinə ehtiram
Gülə, nə gözəldir bu bayram
Al qumaşlar geyinibdir xanımlar
Könüllərdə bir sevinc var, fərəh var
Millət bu gün bir-birilə görüşür
Əlin sıxır, məhəbbətlə öpüşür
Əgər baxan səhraların düzünə
Təbiət də zinət verib özünə
Yaşıl libas geyinibdir çəmənlər
Gülümsəyir yavaş-yavaş səmənlər
Iki bayram birləşibdir, həqiqət
Azər eli tapıb böyük səadət
Bir tərəfdən azad olub elimiz
Şən həyata çatıb bizim əlimiz
Böyük Novruz bayramı da bu yandan
Hər ikisi bizi edib xuraman
Qoy həmişə bayram olsun ellərə
Elim çatsın min-min bu cür illərə.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 157, 26.03.1946
***
Sovet qoşunlarının İrandan çıxmalarına dair
Moskva (TASS) – İranda olan Sovet qoşunlarının 1946-cı il martın 2-dən başlayaraq Məşhəd, Şahrud, Semnan mahallarından çıxmaları artıq qurtarmışdır. İran hökuməti ilə olan razılığa əsasən yerdə qalan sovet qoşunlarının çıxmaları martın 24-dən başlanmışdır. İrandakı sovet komandanlığı hesab edir ki, gözlənilməyən hadisə baş verməzsə, sovet qoşunlarının İrandan tamamilə çıxmaları 5-6 həftə ərzində qurtara bilər.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 157, 26.03.1946
***
Seyid Ziyanın həbs edilməsi haqqında
Tehran – Qəvamüssəltənə Tehran mətbuat konfransında Seyid Ziyanın həbsinə səbəb olan vəziyyət haqqında bir əcnəbi müxbirin sualına cavab verərək bildirmişdir ki, onun həbs edilməsi haqqında qərar hər hansı bir xarici təzyiq olmadan qəbul edilmişdir.
Seyid Ziyanın həbs edilməsi yalnız onun pozuculuq fəaliyyətinin İranın daxili əmniyyəti üçün yaratdığı təhlükə nəticəsində olmuşdur.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 157, 26.03.1946
***
Firidun İbrahimi: "1325-ci ildə"
Xalqımız 1325-ci ilə (1946-cı ilin mart ayının 21-dən 1947-ci ilin mart ayının 21-ə qədərki dövrü əhatə edir – red.) böyük maraq və ümid gözü ilə baxır. Bu ildə Milli Hökumətimiz Azərbaycan xalqının geniş və səmimi etimadına dayanaraq öz vəzifələrini daha da ciddi bir surətdə ifa edib və xalqın gözləntilərini həyata keçirmək uğrunda çalışacaqdır.
Hal-hazırda iqtisadi böhran və işsizlik Milli Hökumətimizin diqqətini cəlb edib. Milli Hökumətimiz bu iki məsələni çox dəqiq bir surətdə həll etmək üçün lazım olan ağıllı tədbirlər qəbul edir, onları icra etməklə ölkənin iqtisadi həyatında yaranmış griliyi tamamilə aradan qaldıracaqdır.
Qış fəslinin qurtarması, islahat və abadlıq işləri üçün əlverişli olan bahar fəslinin başlanması ilə işsizlik nigarançılığı aradan getməkdədir. Bundan ötrü ki, havanın əlverişli olması nəticəsində Milli Hökumətimizin islahat və abadlıq barəsində xalqa verdiyi vədələr tamamilə icraya qoyulacaq və bu tədbirlərin nəticəsində işsizliklə ciddi mübarizə aparılacaqdır. Baharın başlanması ilə Azərbaycanın qəhrəman kəndli və əkinçiləri yorulmadan ölkəmizi qarış-qarış abad etməyə və gözəlləşdirməyə ciddiyyət edəcəklər. Əkinçilərimizin əksəriyyəti bu il özlərinə aid olan yerlərdə əkinçiliklə məşğul olur və ona görə daha artıq rəğbət və həvəslə ölkəmizin abadlaşması və sərvətimizin artması üçün fəaliyyət göstərəcəkər.
Milli yeraltı sərvətlərimizin üstündən pərdələr açılacaqdır və Azərbaycan xalqı bu tükənməz və qiymətli sərvətlərdən istifadə etməyə məşğul olacaqdır. Ölkəmizdə yeni iqtisadi sahələr bütün həyatverici təzahürü ilə özünü göstərəcək və bu yeni şəraitdə əziz ölkəmiz tamamilə səadətə çatacaqdır.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 157, 26.03.1946
***
Mir Mehdi Etmad: "Novruz dəfiləsi"
Ağuşuvu açdın bizə, ey şanlı dəfilə (1)
Haqq nurunu saçdın bizə, ey şanlı dəfilə
Gəlmiş qapuva tazə il, eylər sənə təbrik
Bu nehzətin uğrunda edir vəhd ilə şənlik.
Söylər, yaşa Azər balası, ağ günə çıxdın
Zülmün evini nəqşə çəkib, ədl ilə yıxdın.
Bundan sora xoş, görməli əyyam olacaqdır
Yad qoysa qədəm, sübhü donüb şam olacaqdır.
Sabitqədəm ol, tut bu baharın ətəyindən
Qurtardı səni axırı yağı kötəyindən.
Bu məşəlin aləm uzunu şöləsi sönməz
Heç vaxt bükülməz qolu, əslən üzü dönməz.
Ölsəm də mahaldır çəkim əl öz vətənimdən
Bilsin hamı Azərbaycan, ölməmişəm mən.
1 - Dəfilə "keçid" (parad) deməkdir.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbri, say 156, 25.03.1946
***
Rəssamlar sərgisi
Sovet mədəniyyət evi tərəfindən son zamanlarda elan edilən rəssamların əsərlərindən ibarət sərgi mədəniyyət evinin sərgi salonunda təşkil edilmişdir. Sərgidə Təbrizin rəssam, nəqqaş və xalçaçılarının əsərlərini görmək olar. Sərgiyə bazar günlərindən başqa hər gün gündüz saat 12-dən 16-ya qədər tamaşa etmək mümkündür. Sovet mədəniyyət evi müdiriyyəti.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 156, 25.03.194
***
Tarixi elanlarımızdan
Azərbaycanın möhtərəm əhalisinə, bütün daxili və xarici təbəələrə (vətəndaşlara – red.) elan olunur. Qiraətxanə, klub, təbliğat yerləri, məktəb və hər cür yığıncaq yerləri təsis etmək fikrində olan şəxslər öz məqsədlərini polisə də bildirməklə hörmətli Maarif Nazirliyinə məlumat verməlidirlər. Qeydə alınmada pozuntuya yol verilməyəcəkdir.
Daxili İşlər nazirinin müavini və Azərbaycan polis idarəsi rəisi Milanyan.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 156, 25.03.1946
***
Milli Məclis binasında
Cümə günü (22.03.1946 – red.) axşam saat 7.50-də Novruz bayramı münasibəti ilə Milli Məclis binasında Təbriz qarnizonunun zabitləri şərəfinə xüsusi bir ziyafət verildi. Bu ziyafət fövqəladə səmimi bir mühitdə keçdi. Milli Hökumətin təşkil olunması uğrunda fəaliyyət edən zabitlər 21 Azər medalı ilə təltif olundular.
"Azərbaycan" qəzeti. AF orqanı, Təbriz, say 156, 25.03.1946
***
Əski əlifbadan transliterasiya və farsca məqalələri tərcümə edən: AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun "İran tarixi və iqtisadiyyatı" şöbəsinin elmi işçisi Saleh Dostəliyev, yazıları elmi redaktə edən, şərhlər verən, anlaşıqlı dildə təqdim edən eyniadlı institutun "Cənubi Azərbaycan" şöbəsinin elmi əməkdaşı Səməd Bayramzadə.