“Azərbaycan” qəzetinin səhifələrində  - 43-cü yazı Güney Azərbaycan

“Azərbaycan” qəzetinin səhifələrində  - 43-cü yazı

***
“İzvestiya” qəzetindən
"İran məsələsi"

Sovet dövləti öz varlığının lap ilk günlərindən İran ilə özünün cənub qonşusu kimi dostcasına münasibətlər qurmağa çalışmışdır. Sovet Ittifaqı çar Rusiyasının qabaqkı imperialist siyasətindən imtina etdi və bərabərliyə, qarşılıqlı ehtirama əsaslanan yeni siyasət yolu ilə getdi. Hələ 1918-ci ilin yanvar ayında Sovet hökuməti Iranda nüfuz dairəsi bölgüsü haqqında 1907-ci il tarixli İngilis-Rus sazişini və həmçinin İran xalqının azad və müstəqil yaşamaq hüquqlarını hər hansi bir sahədə məhdud edən və yaxud sıxışdıran bütün digər müqavilə və sazişlərin ləğv edilməsini elan etdi.
Sovet hökuməti İrana dair gələcək siyasətini müəyyən edərək bildirdi ki, o, İran ilə yalnız azad sazişə və xalqların qarşılıqlı ehtiramına əsaslanan münasibətlər qurulacaqdır. Sonralar, 1919-cu ilin iyun ayında Sovet hökuməti İran hökumətinin xeyrinə olaraq Sovet dövlətinin İrandakı hər hansı üstünlük, mədaxil və mülkiyyət hüquqlarından imtina etdiyini aşkar şəkildə göstərdi.
Buna müvafiq olaraq 1921-ci ildə fevralın 26-da Moskvada İran ilə müqavilə bağlandı ki, bu müqavilə hələ də Sovet-İran münasibətlərinin əsasında durmaqdadır. Bu müqaviləyə görə Sovet İttifaqı könüllü və əvəzsiz olaraq Rusiyaya məxsus olan İrandakı çoxlu müəssisələri İrana verdi.
Həmçinin müxtəlif mədən, neft, yol və digər imtiyazlardan imtina etdi. Yəni, Rusiya tərəfindən çəkilən Pəhləvi -Tehran və Qəzvin-Həmədan şosse yolları, Culfa-Təbriz dəmir yolu Sofyan stansiyasından Urmiya gölünə qədər gedən yol ilə birlikdə bütün tikintiləri, lokomativ və vaqonları və digər avadanlığı ilə, Urmiya (Rzaiyyə) gölündəki estekadalar, paraxodlar, gəmilər, onlara aid bütün avadanlıqları ilə, Pəhləvi limanı, mal anbarları, elektrik stansiyası və digər tikintiləri ilə, Məşhəd-Sistan teleqraf xəttləri və həmçinin Rusiya tərəfindən inşa edilmiş bütün teleqraf və telefon xətləri, hər bir əmlakı, binaları avadanlığı ilə bərabər İrana verildi. Sovet İttifaqı 64 milyon qızıl manat qiymətində olan hesab-borc bankını, onun bütün daşınan və daşınmaz əmlakı ilə bərabər İrana verdi. Vaxtı ilə çar hökuməti tərəfindən İrana verilən və ümumi məbləği 70 milyon qızıl manat olan borcları almaqdan imtina etdi. Həmçinin bu borcları təmin edən İranın dövlət mədaxilinə olan hüquqdan da imtina etdi.
Sovet hökuməti İranın müstəqilliyi ilə uyuşmayan xüsusi konsul hüquqlarını da aradan qaldırdı ki, bu hüquqlara görə İrandakı Rusiya vətəndaşları İran məhkəmələrinin səlahiyyətinə tabe deyildilər. Bütün bu mühüm tədbirlərlə Sovet İttifaqı İranın müstəqil və asılı olmayan bir ölkə kimi siyasi və iqtisadi inkişafına kömək etməyə səmimiyyətlə və qərəzsiz hazır olduğunu göstərdi.
İran ilə vaxtilə bağlanmış ağır şərtləri olan müqavilələri ləğv etmək və Rusiyaya məxsus olan varidatdan (əmlak, var-dövlət – red.) və müəssisələrdən imtina etmək haqqında sovet hökumətinin bəyanatı İranın xarici işğal altında olduğu bir dövrdə, yəni o vaxt İranda xeyli miqdarda İngilis qoşunları olduğu bir zamanda elan edildiyi üçün daha artıq əhəmiyyətə malik idi.
Bu tədbirlər İranın xarixi dövlətlərdən asılı olmaqdan qurtarmasına və xalqların ümumi ailəsində İranın bərabər hüquqlu və müstqil bir dövlət kimi tanınmasına kömək etdi. Sovet İttifaqı belə hesab edirdi ki, İranın hakim dairələri iki ölkə arasındakı münasibətlərdə tarixdə misli görünməmiş bu dostcasına hərəkəti anlayarlar və qiymətləndirərlər. Lakin həqiqətdə belə olmadı.
Əksinə, onlar nəinki heç bir minnnətdarlıq hissi göstərmədilər və Sovet İttifaqı ilə dostcasına münasibətlər qurmaq yolu ilə getmədilər, üstəlik Sovet İttifaqının bəzi torpaqlarını qoparmaq və onları İrana ilhaq etmək üçün qəsbkarlıq iddiaları ilə də çıxış etdilər.
1919-cu ilin mart ayında İran hökumətinin Paris sülh konfransına İranın Sovet İttifaqna dair qəsbkarlıq, ərazi iddiaları irəli sürülən memorandumu verildi. O zaman İran hökumətinin başında böyük bəxtiyari xanlarından olan Səmsam-üs-Səltənə dururdu. O, 1906-cı ildə İngiltərə ilə bəxtiyarilər arasında dostluq haqqında müqavilə bağlamaqla məşhur olmuşdu. Bu müqaviləyə görə isə o, həqiqətdə, İngilis neft mədənləri məntəqəsinin başında duraraq İngilis-İran neft şirkətinin mədaxilindən faiz alırdı. O, 1918-ci ildə İranın Baş naziri olduğu vaxt İran demək olar ki, tamamilə İngilis qoşunları tərəfindən işğal edilmişdi. Onun başçılıq etdiyi hökumət isə general Denstervilin İngilis dəstəsinin Bağdaddan Bakıya hərəkət etməsinə və həmçinin general Malleson İngilis qoşunlarının Aşqabadda silahlı müdaxilə etmələrinə mane olmaq üçün heç bir tədbir görməmişdi.
İran hökumətinin 1919-cu il tarixli memorandumunda az qala Qafqazın yarısının, yəni Bakı şəhəri ilə birlikdə bütün Azərbaycanın, İrəvan şəhəri ilə birlikdə bütün Ermənistanın, Naxçıvanın, Dağlıq Qarabağın və daha sonra Dərbənd şəhəri ilə birlikdə Dağıstanın bir hissəsinin İrana verilməsi tələbi irəli sürülmüşdür.
Bundan başqa İran hökuməti şimalda Komsomolets körfəzinə qədər, şərqdə isə Amu-Dərya çayından Krasnovodsk, Aşqabadad (Mərv), Xivə və digər şəhərləri əhatə edən Xəzərin o tayındakı vilayətlərin də İrana verilməsini tələb edirdi. Bütün göstərilən vilayətlərin ərazisi 570.000 kvadrat kilometrdən artıq bir sahəni təşkil edir.
Beləliklə, İranın hakim dəstələri xaricdən də təhrik edilərək azərbaycanlıların, türkmənlərin, ermənilərin, kürdlərin və digər millətlərin yaşadığı geniş Sovet torpaqlarını qoparmaq arzusunda idilər və az qala Xəzər dənizini İranın daxili dənizinə çevirmək iddiasında idilər.
İran mürtəceləri 1919-cu ildə bu cür həddi-hüdudu olmayan ərazini qəsb etmək niyyəti ilə çıxış etdilər. İran hökumətinin öz evində adi bir qayda yaratmağa qadir olmadığı həmin dövrdə bu iddiaları irəli sürdüyünü xatırlasaq, şübhəsiz ki, onlar çox əcaib görünər. Lakin bu bir həqiqət olaraq qalır ki, İran mürtəceləri Sovet torpaqlarının bir hissəsini, o cümlədən Bakını və sovet Türkmənistanının neft dairələrini qəsb etmək və beləliklə də Sovet İtifaqını neftdən məhrum etmək üçün Sovet İttifaqının müvəqqəti çətinliklərindən istifadə etmək istəyirdilər.
İran hökumətinin sərsəm torpaq tələblərini təfsir edərək ingilis generalı Sayks özünün “İranın tarixi” adlı kitabında yazmışdı ki, İran onun torpaqlarında daimi hərc-mərclik və satqınlıq hökm sürdüyünü unudaraq özünün sərhədlərinin Amu-Dərya çayının imperiyanın şərq hüdudu olduğu dövrdəki dərəcəyə qədər bərpa edilməsini tələb edirdi. Başqa bir ingilis tarixçisi Tmperley bu barədə yazmışdır: “Bütün bu tələblər o zaman edilmişdir ki, hökumət İran dövlətini, hətta, müharibədən əvvəlki sərhədlərdə belə təşkil etməyə, idarə etməyə, yaxud nəzarət altında saxlamağa tamamilə qabil deyildi”.
İran nümayəndə heyətinin sərsəm torpaq iddiaları Paris konfransında da müzakirəyə qoyulmadı. Çünki İran Birinci Dünya müharibəsində iştirak etməmişdi. Bununla belə, bu cür tələblərin irəli sürülməsini təsadüfi hesab etmək olmaz. Çünki Sovet-İran münasibətlərinin bütün tarixi boyu İranın bəzi dövlət xadimləri belə bir siyasət aparırdılar ki, Sovet İttifaqını digər böyük dövlələ toqquşdursunlar və bu vəziyyətdən Sovet İttifaqı haqqında özlərinin qəsbkarlıq, torpaq planlarını həyata keçirmək üçün istifadə etsinlər. Bu vəziyyəti təsadüfi hesab etmək olmaz ki, 1919-cu ildə Səmsam-üs-Səltənə hökumətinin heyətinə daxil olan Həsən Həkimi Sovet Qafqazı və Bakıya, Xəzər dənizinin o tayındakı sovet vilayətinə aid qəsbkarlıq planlarının ilhamçılarından biri idi. Həmin bu Həkimi 1945-ci ildən 1946-cı il fevral ayına qədər İran hökumətinə başçılıq etmiş və son zamanlar Sovet-İran münasibətləri mühitini zəhərləmişdir.
Həmçinin bu da təsadüfi deyildir ki, məşhur xarici agent olan Seyid Ziyaəddin İranın siyasi həyatında görkəmli rol oynamağa başladı. Onun bütün fəaliyyəti başdan-başa Sovet-İran münasibətlərini pozmağa və Sovet İttifaqı ilə İngiltərə arasında nifaq törətmək üçün fitnəkarlığa yönəldilmişdir.
1919-cu ildə Paris Sülh konfransında İran hökumətinin memorandumunda şərh edilmiş qəsbkarlıq planlarının ilhamçılarından bəziəri hələ də İranın xarici siyasətinin istiqamətinə xeyli dərəcədə təsir göstərməkdədirlər ki, cənab Həkiminin timsalında biz bunu görürük. Əlbəttə, bu İran xadimləri öz qüvvələri ilə Sovet İttifaqına qarşı bu cür torpaq iddialarını yerinə yetirmək iqtidarında olmadıqlarını anlamayacaq dərəcədə ağıldan məhrum deyildirlər. Buna görə onlar öz siyasətlərini Sovet İttifaqını digər böyük ölkələrlə toqquşdurmaq əsasında qurur və beləliklə öz torpaq iddialarını həyata keçirməyə nail olmağa bel bağlayırlar. 1941-ci ildə Sovet İttifaqına Almaniyanın hücum etməsini onlar öz köhnə qəsbkarlıq planlarının yerinə yetirilməsi üçün əlverişli bir zamanın gəlib çatması kimi qarşıladılar. İranın hakim dairələri faşist Almaniyası ilə oynamağa başladılar. İranın qatı millətçiləri Bakı şəhəri ilə birlikdə Sovet Azərbaycanını, həmçinin digər sovet torpaqlarını və şəhərlərini qəsb etməyə açıqdan-açığa çağıran çıxışlar etdilər. 1941-ci ilin avqust ayında Alman orduları Sovet İttifaqının torpaqlarında irəliləyərkən Tehranda və İranın başqa şəhərlərinə kütləvi şəkildə vərəqələr yayılır və bu vərəqələrdə həmin göstərilən qəsbkarlıq niyyətləri təbliğ edilirdi.
Bütün bunlar İranın hakim dairələrinə və onların xarici siyasi planlarına Sovet İttifaqı tərəfindən sayıqlıq göstərilməsini tələb edir. Gələcək məqalədə biz İrandakı neft imtiyazları məsələsinə aid dəlillər üzərində dayanacağıq ki, bu da İranın hakim dairələrinin xarici siyasətini və onların Sovet İttifaqına münaslərini parlaq surətdə göstərir.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 157, 26.03.1946
***
Əski əlifbadan transliterasiya və farsca məqalələri tərcümə edən: AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun "İran tarixi və iqtisadiyyatı" şöbəsinin elmi işçisi Saleh Dostəliyev, yazıları elmi redaktə edən, şərhlər verən, anlaşıqlı dildə təqdim edən eyniadlı institutun "Cənubi Azərbaycan" şöbəsinin elmi əməkdaşı Səməd Bayramzadə.