“Azərbaycan”  qəzetinin səhifələrində  - 49-cu yazı Güney Azərbaycan

“Azərbaycan”  qəzetinin səhifələrində  - 49-cu yazı

Məhəmməd Əzmi: "Vətən eşqi"

Vətəni sevirəm. Çünki onun sayəsində yaşayıram. Məni doğuran və məni bəsləyən odur. Torpağın üstündə gəzirəm və ömür sürürəm. Ən sonu bu torpağın altında yatacağam. Vətən eşqi, vətən məhəbbəti, vətənin bir ovuc torpağı üçün vücudunu sipər etmək, bir qarış yerini düşmən ayağı altına verməmək üçün canını fəda etmək. Xarab olmuş bir yerini əldən gəldiyi qədər abad etmək və bir eybini və qüsurunu gördükdə dilinin döndüyu və qələminin bacardığı qədər demək və xəbərdarlıq etməklə isbat olunur.
Qeyrətli Azərbaycan millətinin ən birinci vəzifəsi vətəni müqəddəsləşdirmək, onu sevmək və həyatın son dəqiqəsinə qədər ona xidmət etməkdir. Milli həyatımızın bu tarixi günlərində vətəni sevmək və ona xidmət etmək vəzifələrimizin ən başlıcasıdır. Vətən eşqini, vətən hissini ruhunun, fikrinin dərinliklərində və qəlbinin aynasında görən və duyan hər kəs bu rəşid və dilavər millətin ən dəyərli bir fərdi və şanlı vətən anasının ən qiymətli oğludur.
Vətən kəlməsinin məhfumuna inanmaq və onu ürəkdən sevmək bir millətin varlığının əsaslı şərtidir. Bir millətdə vətəni sevmək hətta nə qədər dərin və ona xidmət etmək nə qədər səmimi olursa, elə bir millət də o qədər böyük və millətin əsası da o qədər möhkəm olar. Çünki millətin bu böyüklüyü onun cəmiyyətinin sayının çoxluğu ilə deyil, bəlkə o millətin əxlaqının düzgünlüyü və fərdlərinin fikirlərinin və bədənlərinin sağlamlığı, iradələrinin möhkəmliyi, qəlblərində alovlanan vətən eşqi, vətən məhəbbəti və vətən hissinin dərinliyi ilə ölçülür. Bu millətin tiryək çəkəni, alkol içəni, oğrusu, canisi və qan sürücüsü yoxdur. Əgər vardısa da, bu torpaqdan qovulmuş və qovulacaqdır. Bu torpaq paklar yurdu və aslanlar məskənidir. Bu mühitdə satqın adam yaşatmayıb və yaşaya da bilməz. Bu qədər qəddarcasına istilalar ilə bərabər o qaranlıq günlərdə bu xalqda milliyyət hissini yaşadan, bu hissi yoxluq və fənadan saxlayan, əbədiliyinin zamini olan onun ətəyində alovlanan sönməz və həmişə yanan vətən eşqinin odları və daim parlayan vətən məhəbbətinin şölələridir. Vətəni, vətənin böyüklük və gözəlliklərini, əcadadının keçmişini, övladının gələcəyini və millətinin qüdrətini və qüvvətini sevəməyən millətlər çöküşə üz qoyub məhv olmaları şübhəsizdir.

"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 167, 08.04.1946

***
“Anamın kitabı”

Cümə günü, aprel ayının 5-də (1946) Azərbaycan Dövlət Teatrında Azərbaycanın qiymətli dramaturqu Cəlil Məhəmmədqulizadənin (Molla Nəsrəddin) yazdığı görkəmli əsərlərindən “Anamın kitabı” adlı pyesi tamaşaya qoyuldu. Öncədən hörmətli oxucularımızın nəzərlərinə pyesin mahiyyətini çatdırmaq istəyirəm.
Bu gün bütün dünyanın tanıdığı Azərbaycanın məşhur yazıçısı Cəlil Məhəmmədqulizadə özünün bir çox ölməz əsərləri ilə xalqın düşüncə və idrakının inkişafında böyük və hesabagəlməz xidmətlər etmişdir. “Anamın kitabı” pyesini yazmaqda müəllifin məqsədi nədir? Əlbəttə, bu suala çox asanlıqla açıq cavab vermək olar. Azərbaycanımızın tarixdə dünyanın qüdrətli ölkələrindən birisi olmağına baxmayaraq, tarixin müəyyən bir pilləsində güclü istilaçı dövlətlər tərəfindən parçalanmasını hamımız bilirik. Belə ki, bu parçalanmaq sayəsində uzun illər Azərbaycanın şimali hissəsi çar Rusiyasının, cənub hissəsi isə istilaçı fars təcavüzkarlarının işğalı altına alınmışdır.
Fars istilaçıları bizim ana vətənimiz Cənubi Azərbaycanı öz əsarətləri altına saldıqdan sonra onlara qarşı müqavimət və mübarizə ruhiyyəmizi öldürmək, millətimizi aradan aparmaq, ana dilimizi və milli mədəniyyətimizi yox etmək üçün işlətdikləri siyasətin eynisi də Şimali Azərbaycanda çar Rusiyası tərəfindən irəli sürülürdü. O zaman Çar Rusiyası Azərbaycanda yerli dildə məktəblərin açılmasını qadağan etdiyindən azərbaycanlıların ziyalıları özgə ölkələrdə təhsil almaq məcburiyyətində qalırdılar.
Buna görə də Cəlil Məhəmmədqulizadə özünün “Anamın kitabı “ pyesində oğlanlarının biri Peterburqda, o biri İstanbulda, digəri isə Nəcəfdə təhsil almış bir azərbaycanlı ailəsinin sərgüzəştini şərh edir.
İsbata ehtiyac yoxdur ki, ayrı-ayrı ölkələrdə təhsil görmüş cavanlar müxtəlif əqidə və ruhiyyəyə malik olarlar. Belə ki, pyesdə iştirak edən bu üç qardaş arasında daima əqidə üstündə mübahisə gedir və hər birisi öz əqidəsini və yaşadığı mühitin ona buraxdığı təsiri digərlərinə təhmil etmək istəyir.
Onların arasında gedən nifaqdan anaları dığ naxoşluğuna mübtəla olub ölür, qardaşlar isə biri-birisindən ayrılır və ailələrinin pozulması ilə nəticələnir. Lakin o zaman Azərbaycanda milli mədəniyyətin inkişafına imkan olsaydı, Azərbaycan ailələrində nəinki ayrılıq, bəlkə də möhkəm birlik əmələ gələrdi.
Pyesdən açıq aydın görsənir ki, tarixdə təcavüzkar dövlətlər bir xalqın millətini yox etmək və daimi əsarət altında saxlamaq üçün yeganə tədbir olaraq o millətin ana dilini və milli mədəniyyətini aradan aparmağa çalışmışlar.
Pyesdə o üç qardaşın arasındakı ziddiyyətlərin aradan qaldırılması üçün bacıları Gülbahar onların başdan-başa puç mahiyyətə malik olan özgə dillərdə yazılan kitablarını yandırır və aralarında vəhdət yaranması üçün anaları o müxtəlif dillərdə yazılan kitabların əvəzində öz ana dillərində kitab oxumalarını onlara tapşırır.
İndi bu dəyərli pyesin bizim Azərbaycan Dövlət Teatrının artistləri tərəfindən necə oynanılmasına gəlirsək, mən pyesdəki rolları ifa edən artistlərin məharət və yaradıcılıqlarını sözlərlə izah etməkdən özümü aciz görürəm. Çünki artistlərin hər tək-təki öz rollarının ifasında cavanlıqlarına və milli teatr aləminə yeni atılmaqlarına baxmayaraq, uzun müddət təcrübə görmüş artistərdən heç də dala qalmaz.
Xüsusilə pyesin baş rollarını ifa edən Qəmər xanım Nikpur, Leyla xanım Möhsünpur, cənab Vəlizadə, Səməd Səbahi, İsmayıl Muzduri, Əli Əsgər Rizvan, Əhmədzadə obrazlarının yaradıcılığında xalqın rəğbətini qazana biləcək qədər özlərinə görkəmli yer tuturlar. Rejissorluq və musiqi hissəsinin bədiiliyi, dekorasiyanın gözəl və təbiiliyi pyesi daha da canlandırırdı. Teatr salonunun tamaşaçılarla dolu olması pyesin xalq tərəfindən bəyənilməsinin ifadəsi idi.
Mən milli teatrımızın istedadlı artistlərinə bundan daha da artıq və yüksək müvəffəqiyyətlər arzu edirəm.

Həmid Nikpur
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 167, 08.04.1946

***
Məhəmməd Tağı Zehtabi: "Cavanların diləyi"
(Bizlərə silah verin!)

Bəlkə də bu məqalənin ünvanını görən zaman bəziləri yenə öz fikirlərində Rza xanın törətdiyi malenxoliyanı (depressiyaları - red.) göz önünə gətirib desinlər ki, cavanın diləyi nə ola bilər?
Sərxoşluq, əyyaşlıq, cinayət və ölüm uçurumlarında məhəbbət axtarmaq, yeni çiçəklənən bu dağları zəhərli gülüşlər ilə suvarmaq, ilan qəhqəhələrilə ov ovlamaq, cəmiyyət içində bədbəxtlik və fəlakət toxumlarını cücərdib onu fənalıq girdabına doğru sövq etdirmək cavanların birinci arzusunu təşkil edir.
Bəlkə bu cənablar fikir etsinlər ki, vəzifəyə yiyələnib işin başında olmaq, bundan daha artığı, min cür yaltaqlıqla böyük məqamları tutmaq cavanların arzusunu təşkil edər.
Bəlkə bu həzrətlər fikir etsinlər ki, Azərbaycan cavanı Rza xan məktəbinin şagirdləri kimi tamamilə yalan tarixləri oxuyarkən köhnə qəddar sultanların çürümüş sümüklərini xatırlayıb və onların millətlər qanı ilə qurduqları imperatorluqları yenidən yaratmağı arzu edir! Amma, bu geni pislər bütün ömürlərində səhv etdikləri kimi yenə böyük bir səhvə düçar olurlar. Azərbaycan cavanı millətini məhv etməyi arzu etmir. Azərbaycan cavanı məqam, vəzifə istəmir. Azərbaycan cavanı illər boyu əsarət altında qaldığı zaman zəncirin işgəncəsini görüb və başqa millətlərə ağalıq etmək fikrində deyil. Bunların Azərbaycan cavanın arzularını təşkil etməməyi təbiidir, hətta bu onun fikrindən belə keçməyib.
Bu gün artıq bir məsələ Azərbaycan cavanın fikrini cəlb edir və bu onun bütün vücudunu çulğayıb. Azərbaycanın bütün nöqtələrindən gələn məktublar, imzalanan qətnamələr, olunan tələblər bu məsələnin doğru olduğunu isbat edirlər. Bu cavanlar keçmiş qəhrəman və aslan babaların oğulları olduqları kimi qəhrəman şir balası kimi də fikir edirlər. Onlar fikir edirlər ki, atalarının qanı ilə qurulan bu azadlığı qorumaq onların vəzifəsidir. Ona görə deyirlər ki, "cavanların qanı azadlığın zaminidir".
Hər yerdə, hər məclisdə, hər gəzintidə, hər səyahətdə söhbət olunan zaman aydın şəkildə deyirlər ki, bizim medal, şöhrət, təşviq və pulumuz yalnız bir şeydir, biz bunların heç birini istəmirik, yalnız bir şeyi tələb edirik. Bu istədiyimiz bizə hər şeydir, bu şey bizim bügünki amal və arzumuzdur. Biz onu qardaşdan, puldan, şöhrətdən, medaldan artıq sevirik... O şey silahdır! Cavanlar açıqcasına deyirlər ki, biz istəyirik, silah götürüb "cavanların qanı azadlığın zaminidir" şüarını əməldə gösrtərək. Cavanlar bir səslə deyirlər ki, "azadlıq acını azadlıq düşmənlərinin qanı ilə suvarmaq lazımdır!"
Onlar deyirlər ki, biz əlimizə silah alıb vətənimizin sərhədlərində, dağlarda, daşlarda, boranlarda, qarlar üstündə öz sinəmizi düşmən süngülərinə qalxan edib bir daha keçmiş bədnam səhifələrin doğma yurdumuzun tarixində təkrar olunmasına yol verməməyi arzu edirik. Onlar arzu edirlər ki, silahlı şəkildə azadlığımızın düşmənlərilə amansız müharibə edib və onların qanı ilə bu təzə əkilən azadlıq fidanlarını suvarıb becərsinlər. Onlar arzu edirlər ki, silahlı halda milli ordumuzun qabağında döyüşlərdə Səttarxan babaları olduqlarını göstərsinlər. Onlar deyirlər: “Ölərik, amma dönmərik!”
Bu arzular təkcə gənc oğlanlara aid deyil, eyni zamanda qəhrəman gənc bacılarımız da bu arzuları həmişə öz ürəklərində bəsləyib və onların əməli olduğunu səbirsizcəsinə gözləyirlər. Onlar da deyirlər ki, Azərbaycan Şərqin səadət qapısı olduğu kimi biz Azərbaycan qızları da qadın azadlığını həyata keçirmək üçün öz qardaşlarımız ilə çiyinbəçiyin vətən və azadlıq müdafiəsində iştirak edib və əbədi olaraq azadlığımızı hifz edəcəyik. Onlar deyirlər ki, qulağımızdakı sırğanı satıb milli azadlığımızı müdafiə etməkdən ötrü silah alıb son damla qanımız qalınca döyüşəcəyik. Xülasə, bütün Azərbaycanın qəhrəman gənc oğlanları və qızları bir səslə Milli Hökumətimizə, qəhrəman firqəmizə, bütün rəhbərlərimizə deyirlər ki, milli varlığımızı qorumaqdan ötrü bizlərə silah verin.

"Azərbaycan" qəzeti. Azərbaycan Demokrat Firqəsinin orqanı, Təbriz şəhəri, say, 167, 8 aprel 1946-cı il

***
Əski əlifbadan transliterasiya və farsca məqalələri tərcümə edən: AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun "İran tarixi və iqtisadiyyatı" şöbəsinin elmi işçisi Saleh Dostəliyev, yazıları elmi redaktə edən, şərhlər verən, anlaşıqlı dildə təqdim edən eyniadlı institutun "Cənubi Azərbaycan" şöbəsinin elmi əməkdaşı Səməd Bayramzadə.