“Azərbaycan”  qəzetinin səhifələrində  - 50-ci yazı Güney Azərbaycan

“Azərbaycan”  qəzetinin səhifələrində  - 50-ci yazı

***
S.C.Pişəvərinin 5 aprel 1946-cı il tarixində Azərbaycan Milli Məclisinin ikinci ümumi sessiyasının ikinci iclasında etdiyi nitqindən:

Biz yenə də demişdik ki, ölkəmizin təhlükəsizliyini qoruyaq və bu vəzifəmizi də layiqincə yerinə yetirdik və ölkəmizdə misli görünməmiş bir təhlükəsizlik şəraiti yaratdıq. Bizim çoxlu nöqsanlarımız da əlbəttə vardır. Bəzi dövlət işçiləri və fədailər yanlışlıqlar edirlər. Hər kəsin günahı vardırsa, onların cəzasını qanun təyin edə bilər və heç kəs də özgəsinin günahının məsulu deyildir. Məntiqdən xaric cəzalar bizim dövlətimizin ruhiyyəsindən tamamilə xaricdir.
Bir nəfər atanın təqsiri olmaqla onun oğlanlarını təqsirləndirmək olmaz. Yalnız qanun hökumət etməlidir.
Biz ən əvvəldə demişik ki, hər kəs Azərbaycan xaqlının azadlığı əleyhinə mübarizə aparsa, qanun əsasında cəzalanacaqdır. Biz gərək həmişə qanunlarımızı nəzərdə tutaq. Bu qanunlardan xaric olmaq Milli Hökumətə düşmənçilik etmək kimidir. Bütün firqə işçiləri və dövlət üzvləri öz vəzifələrini yaxşıca düşünməlidirlər.
Qanun gərək xalqın azadlığını qorusun. Xalq gərək azad yaşasın. Xalq gərək ali bir mədəniyyətə, əxlaqa malik olsun, ədalət və qanun olan yerlərdə azadlıq və səadət də vardır.
Dövlət bu məsələyə çox əhəmiyyət vermişdir və imkanından xaric surətdə xalqın təhlükəsizliyini təmin etmişdir. İndiyə kimi xalqımızın əksəriyyətini təşkil edən kəndlilərin mal və namuslarının təmini yox idi. Amma indi kəndlilər özlərini azadlıqda və təhlükəsizlikdə hiss edirlər. İndi tamamilə bütün ölkəmizdə təhlükəsizlik bərqərardır. İndi biz bütün nöqtələrdə qanuni polis təşkilatları yaradacağıq.

***
Rza Azəri: "Qəhrəman Təbrizin inqilab tarixindən bir səhifə"

O gün o səngərlərdən cəsarətli fədailər Rəhim xanın qarşısında mövqelərini elə müdafiə etdilər ki, Rəhim xan bir qədəm də olsun irəliləmədiyindən başqa onun atlılarının içinə pozğunluq düşüb gün batandan yarım saat sonra məğlub olaraq qaçmağa üz qoydu. Amma Eyrançı küçəsindəki səngərdə balaca bir evə top gülləsi dəyib xarab elədi və orada səngərdə olan fədailərdən Məhəmməd Cəfər də parça-parça oldu. Daha orada olan fədailər bu səngərdə qalmağın təhlükəli olduğunu hiss edərək çəkildilər. Bu əsnada yanlarında bir gürcü fədai yoldaşları da vuruldu. Sərdarın əmrinə uyğun olaraq yeni bir qüvvə həmin küçəyə hücum edib o küçəni düşmən əlindən geri aldılar. Burada Səttarxanın qardaşı oğlu Məhəmməd xanın ayağına güllə dəydigindən, o cəsur cavan yıxıldıqda fədai Əhməd Kərbəlayi Haqverdi oğlu onu dalısına alıb Sərdarın qərargahı olan “Həqiqət” əncüməninə apardı.
Amma Acıçay tərəfindən hücuma başlayan Maku ordusu dəniz kimi dalğalanırdı. Şəhərin bütün eşiyini qarışqa kimi tutmuşdular. Bu vəziyyət və dəhşətdə həmləyə başladılarsa da, qoçaq Kərbəlayi Hüseyn xan Bağbanın, Xudadad xanın və Həsən xanın komandanlığı altında olan qəhrəman fədai dəstələrinin cəsur müdafiələri qarşısında o böyüklükdə ordu bir addım da olsun qabağa gələ bilmədigindən məyus olub öz yerində Qara Məlik tərəfindən hücuma başlayan düşmənin önünü Hökmabad, Qamişavan (Cəmşidabad) və Əmi Zeynəddinin qəhrəman fədailəri acıqlı pələng kimi kəsdilər. Amma Hökmabadda olan bəzi xainlərin xəyanətinə görə düşmən Ərəkər küçəsinə daxil olub neçə evi qarət edə bildilər.
Alaqapı tərəfində və Hərəmxana bazarından şeypur çala-çala həmlə gətirdilərsə də, məşhur Qafqazlı Məşədi Məhəmməd Sadığın sərkərdəliyi ilə döyüşən qəhrəmanlar öz səngərlərində səddi-İskəndər kimi möhkəm durub onların səflərini daramadağın etdilər və hətta, şeypurçunun çaldığı halda ağzından vurub qanlı şeypurunu da ələ keçirdilər. Hücum edən düşmən xəzan yaprağı kimi yerə tökülüb qaçmağa başladı.
Millətin qanına təşnə olub və onu axıtmağa çox səy edən Mərəndli Şüca Nizam Quruçay tərəfindən Əmrəqıza həmləyə başladısa da, o da çox itkilər verib qaçmaqdan başqa çarə görmədi. Xiyaban və Maralan tərəfindən hücum edən düşmən qüvvələri də o biri cəbhələrdəkilərin aqibətinə uğradılar.
Xülasə, bu gün Təbrizin qanlı mübarizə səhnəsi məhşərdən bir nümunə idi. Toz və dumandan günəşin üzünə pərdə çəkilmiş, top, tüfəng və bomba səsindən qulaqlar tutulmuş və hər tərəfdə qanlar axmaqda idi. Axşama bir saat yarım qalanda düşmən orduları hər tərəfdə tar-mar olub çox böyük tələfatla geri çəkilməyə məcbur oldu. Bu gün Təbrizin mübariz qəhrəman fədailərinin sayı on beş mindən artıq idi. Bu az qüvvə ilə yenə də düşmənlərə qalib gəldilər. Düşmən sərkərdələrindən Avacıqlı Heydər xan, Nəsrulla xan Bəxtiyari, Cavadxan, Şahsevən Yurdçu, Əlixan, Mərəndli Yavər xan öldürüldülər. Aləmə heyrət və tarixlərə zinət verən bu şanlı müdafiədən sonra Eynüddövlə bir daha hücuma cəsarət edə bilmədi. Bu Maku ordusu da 13 ramazana (1908-ci ilin 13 oktyabrına uyğundur – red.) qədər Anaxatunda dayanıb təbrizlilərlə vuruşmada idi. Ramazanın 13-də Kərbəlayi Hüseyn Bağbanın sərkərdəliyi ilə Sərdar tərəfindən göndərilən fədailər ilə şəhərin xaricində etdiyi müharibədə böyük tələfat və əsir verdikdən sonra Makuya tərəf qaçmağa başlayıb məğlub oldular. Eynüddövlə və İslamiyədə oturan mürtəcelər yəqin etdilər ki, əgər yenidən yüz min nəfərlik bir ordu da gələrsə, Təbriz üzərində qələbə çala bilməycəklər və bundan məyus oldular. Sərdar və Salar ilk növbədə Təbrizin işğal olan məhəllələrini almağa qərar verdilər.
Çox böyük və qanlı döyüşlərdən sonra ramazanın 17-də (oktyabr ayının 13-də - red.) Dəvəçi və Surxab məhəllələri təslim oldular. O zaman Təbrizin inqilab bayrağı qırmızı idi. Dəvəçi və Surxab məhəllələrinin ağsaqqalları ayın 16-da (oktyabrın 12-də - red.) Sərdar və Saların yanına gəlib aman istədiklərində “hər kəs damının üzərinə bizim inqilab bayrağımızı vursa, amandadır”, deyə cavab vermişdilər.
Ayın 17-də (oktyabr ayının 13-də - red.) Dəvəçi və Surxab məhəllələrində səhər tezdən lalələr açmışdı. Bütün damların üstündə qardaş qanı ilə boyanmış qızıl inqilab bayraqları dalğalanırdı. Dəvəçi və Surxabın təslim olmasıyla şəhərin iç döyüşləri axıra çatdı. Eynüddövlə də çəkilib getdi və Təbrizin ətrafı Səməd xan döyüşlərinə qədər bir az müddət üçün aram oldu. Bu qanlı döyüşlər hicrətin 1326-cı ilində cəmadiəl axır ayının əvvəlində (1908-ci ilin iyun ayının 1-də - red.) başlayıb ramazan ayının 17-də (1908-ci ilin oktyabr ayının 13-də - red.) dörd ay yarım gecəli-gündüzlü davam edəndən sonra mübariz təbrizlilərin şanlı müdafiələri nəticəsində qalibiyyətlə başa çatdırıldı.

"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 166, 07.04.1946

***
M. H.
"Keçmiş irtica qoşununun daxili vəziyyəti nə cür idi?"

Sabiq quldurluq dövründəki qoşunun əsgərxanalarının (kazarmaların – red.) vəziyyətini nəzərə alsaq, o zaman Azərbaycanın əsgərliyə gedən cavanları bu əxlaqsız mühitdə 2 il xidmət müddətində öz əxlaqlarını və sağlamlıqlarını itirib cəmiyyət içərisinə dönürdülər.
Cəllad və rüşvət yeyən komandirlərin və vəkilbaşıların zülmü və şallağı altında daima əzilməkdə idilər. O böyük kazarma otaqlarının adını “asayeşqah” (istirahət və yataq otağı – red.) qoyub, amma həqiqətdə əxlaqsızlıq və kəsafət yuvalarına daxil olanda həmişə əsgərlərin çirkli paltarlarının və otağın təkinə sərilmiş natəmiz sərəcəklərindən gələn üfunət, tər və kəsafət qoxusu insanın burnuna çarpardı.
Əsgərlərə hər cəhətdən yaşayış sahələrini çətinləşdirib və onları bir nəfər qara qul kimi öz irtica məramlarını yrinə yeritmək və ciblərini doldurmaqdan ötrü hər cür hüquqlardan məhrum etmişdilər. Məsələn, onların yeyəcək vəziyyəti beləydi ki, adına “abquşt” (bulyon – red.) dedikləri yemək bir neçə dənə ət sümüyü və 5-6 dənə də noxuddan ibarət olan bir kasa iyrənc isti su idi. Bir halda ki, hər gün ardıcıl olaraq əsgərlərin yemək payı biçarə millətimizin cibindən verilirdi, elə isə nəyə görə aşbazxanaların o kəsif qazanlarında sür-sümük və bir az noxuddan savayı heç bir şey tapılmazdı. Məlumdur ki, əsgərlərin bu yemək payı o şəhvətpərəst və oğru komandirlərin keflərini, şəhvətlərini və sərvətlərini təmin edirdi.
Əsgərlərin yatacaq yerləri isə bu qaydada idi: başı altına yastıq və yaxud altına döşək salmaq haqqına malik deyildilər, əksinə o bədbəxtləri quru yerdə öz pis və murdar başmaqlarını başlarıının altına qoymaqla bir dənə odeyal ilə yatmağa məcbur edərdilər. Başdan ayağa qədər mikrobxana və bit, birə və sair həşərat koması olan otaqlarda onların həyat sürmələri həqiqətən ağlamalı bir hal idi.
Əsgərlərin heç vaxt öz yemək paylarını istəməyə haqları yox idi. İstədikləri təqdirdə komandirlərin tapdağı altında öləcəkdilər. Onlar yalnız komandirlərin hüsni-rəğbətini qazanıb və onların razılığını əldə etməkdən ötrü siyahıların altını imza etmək haqqına malik idilər.
Əsgərlər kazarmada xidmət etmək əvəzinə ya komandirlərin evində fəhləlik edərdilər ki, nəticədə onları bir mənzil sahib etsinlər və ya da dövlətli binalarda fəhlə yerinə işləyərdilər, o binalarda görüləcək bu işlərin xərci isə mürtəce dövlətin cani və satqın böyük məmurlarının eyş və işrətinə sərf olardı. Xülasə, o biçarə cavanlarımızın başına orada o qədər fəlakət gətirirdilər ki, əsgərlər öz komandirlərinin evinə gedib nökərçilik və fəhlələlik etməyi kazarmada xidmət etməkdən üstün tutardılar. Buna görə də o zaman hər kim öz adını hərbi səfərbərlik elanında görsəydi, hərbi xidmətə (əsgərliyə - red.) getməyi zindana düşmək kimi və bəlkə də ağır hesab edər, pulsuzlar isə fərariliyə təşəbbüs edərdilər. Pullular xidmətə getməkdən yaxalarını qurtarardılar.
Amma indi çox böyük səadətdir ki, o zalım qasib və irtica dövlətinin kökü qazılıb, Milli Hökumətimizin quruluşundan və işə başladığı gündən bu zülmlərə son qoyuldu. Kazarmaları və əsgərləri istər libas cəhətindən və istərsə də rahatlıq cəhətindən çox səliqəli və yaxşı bir surətdə nizama saldı. Ona görə də indi Azərbaycan cavanları öz adlarını hərbi səfərbərlik elanında görəndə çox sevinc və rəğbət ilə xalq qoşunları sırasına yazılmağa can atırlar. İndi biz bu böyük nemətin qədrini bilib və səmimi qəlbdən cavan milli dövlətimizin bu cür yeni müvəffəqiyyətlərini arzu və ümid edirik.

"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, 07.04.1946
***
Əski əlifbadan transliterasiya və farsca məqalələri tərcümə edən: AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun "İran tarixi və iqtisadiyyatı" şöbəsinin elmi işçisi Saleh Dostəliyev, yazıları elmi redaktə edən, şərhlər verən, anlaşıqlı dildə təqdim edən eyniadlı institutun "Cənubi Azərbaycan" şöbəsinin elmi əməkdaşı Səməd Bayramzadə.