“Azərbaycan”  qəzetinin səhifələrində  - 58-ci yazı Güney Azərbaycan

“Azərbaycan”  qəzetinin səhifələrində  - 58-ci yazı

Əli Tudə: “And içirik”

And içirik, əziz Vətən cəlalına, növraqına,
Xətainin məzarına, Səttarxanın ocağına!
Nə qədər ki, canımızda nəfəsimiz, qanımız var,
Düşmən ayaq basa bilməz qəhrəmanlar yatağına!
And içirik, əziz Vətən önündə bir nəfər kimi,
Qara duman çökə bilməz ömrümüzün otağına!
Vuruşlarda səndən ötrü bədənimiz şan-şan olsa,
Qoymarıq bir xətər gəlsin azadlığın bayrağına!
Nə ölümdən, nə qorxudan, nə yanğından bakımız (qorxumuz) yox,
Döyüşlərdə çox atıldıq alovların qucağına!
Çox igidlər Vətən deyə şəhid oldu el yolunda
Öz qanıyla yazdı adın tarixin ağ varağına,
Cavanşirin zərbə çaldı işğalçılar dəstəsinə,
Qoç Koroğlu Qıratıyla ləpir saldı hər dağına,
Bizim ellər əzəl gündən amansızdır düşmənlərə!
Öz dostuna mehribandır, hörmət edər qonağına,
Əziz Vətən! Arxayın ol, xalqımızın birliyiylə,
Azad həyat yaratmışıq hər oğluna, uşağına,
Bahar görən gülşənlərin, sarı telli zəmilərin,
Daha bir də qismət olmaz ac qurdların tapdağına,
Sənin sərin sularından yadlar gəlib içə bilməz.
Aslanların gözətçidir hər kölgəli bulağına,
Hər şairin bir bülbüldür, ötür eşqin baxçasında.
O deyir: xar qona bilməz qızıl gülün budağına,
Səhər-səhər günəş kimi üfüqləri yar, ey Vətən!
Məzlum ellər göz dikibdir səadətin çırağına,
Qoy bürüsün şəfəqlərin Qoca Şərqi başdan-başa,
İşıq salsın o qaranlıq zindanların bucağına ,
Ellər bizdən öyrənsinlər azdlığın qurğusunu,
Bütün dünya heyran qalsın Azərbaycan toprağına!

“Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, say 165, 05.04.1946
***

Təbrizdə çıxmış ADF orqanı olan "Azərbaycan" qəzetinin 2 aprel 1946-cı il tarixli 163-cü sayında getmiş xəbər:
- Miyana ətrafındakı Bervanan mahalının Vərzqan kəndi əhalisindən Balaxanım adlı bir qadın Miyana yerli komitəsinə göndərmiş olduğu bir ərizədə yazır ki, mənim bir oğlumdan başqa kəfilim yoxdur və bunu da mənə Qızılbaş ordusuna əsgər alma komissiyası kəfil veribdir.
Əsrlərdən bəri biz qadınların qəsb olunan hüquqlarını özümüzə qaytaran və ölkəmizin hüququnun müdafiəçisi olan milli dövlətimizə Əkbər Nəcəfəli oğlu adlı bir tək oğlumu qurban verirəm və bu qurbanımın qəbulunu xahiş edirəm.
***

Bütün Firqə təşkilatları hərbi bir şəkil alacaqdır

Bizim milli hərəkatımızı yaradan və azadlığımızı əldə edən Azərbaycan Demokrat Firqəsi öz tarixi vəzifəsini bir az müddətdə layiqincə yerinə yetirməyə müvəffəq olmuşdur. Xalqımız firqəmizin rəhbərliyi sayəsində yarım ildən az bir müddətdə böyük və əhəmiyyətli işlər görüb və varlığımızı bütün dünyaya bildirmişdir. Biz unutmamalıyıq ki, Azərbaycan Demokrat Firqəsi təşkil olmamışdan qabaq Azərbaycan xalqının milli qüvvəsi təmərküzləşməmişdi. Firqəmiz bizim milli qüvvəmizi bir yerə toplayıb və indiki cərəyanı yaratdı....
Biz Milli Hökumətimizi qurduqdan sonra siyasi və ictimai sahələrdə böyük inkişaflar əldə etmişik. Amma bununla firqəmizin qarşısında yenə də ayrı-ayrı mühüm vəzifələr durur. İndi ölkəmizi qorumaq üçün bütün millətimiz hazırlıq aparır. Bu, o demək deyil ki, biz özgələri, özgə işğalçıları bizim milli azadlığımızı aradan aparmaq üçün cürət etməyə layiq bilirik. Bizim məqsədimiz diri və şərəfli bir millətə layiq olan qüvvələrimizlə hər cür hadisələrin qaşısında canımızı qoyub müqavimət göstərməyə hazırlaşmaqdır.
Firqə təşkilatları bu hazırlaşmada qabaqcıl bir hissələr olmalıdırlar. Biz xilaskar firqəmizə əbədi olaraq minnətdarıq. Xalqımız əldə etdiyi nailiyyətləri firqəmizə borclu olduğu üçün ona böyük maraq bəsləyir. Bununla firqə təşkilatlarımızın hərbi bir şəkil alması və bütün firqə üzvlərinin hərbi hissələrdə iştirak etmələri xalqımızın və bugünkü şəraitimizin tələbatındandır.
Buna görə Mərkəzi Komitə və şəhər komitəsi qərara almışdır ki, Azərbaycan daxilində olan bütün firqə təşkilatları hərbi bir şəkil alsınlar. Bütün şəhərlərdə və yerlərdə firqə üzvlərindən hərbi hissələr təşkil olunacaqdır. Bu hissələrin siyasi, hərbi-texniki şuraları və dəstə başçıları hərbi taktika və strateji nöqteyi-nəzərdən tamamilə mükəmməl təlimlər alacaqlar. Bu hissələrdə şəhərlərimizin müdafiəsi üçün mühəndis dəstələri və hərbi vəziyyət üçün lazım olacaq bütün şöbələr yaranacaqdır. Sənaye mərkəzlərimizin, şəhərlərimizin müdafiəsi firqə təşkilatlarının öhdəsinədir.
Bu iş tezliklə yerinə yetirilməlidir. Bütün firqə təşkilatları öz vəzifələrini yerinə yetirib bu sahədə layiqincə fəaliyyət etməlidirlər. Biz öz varlığımızı və azadlığımızı qorumaq üçün bu vəziyyətə hazırlaşmalıyıq. Azərbaycan bir daha quldur işğalçıların ölkəmizə hakim olmağına heç bir vəchlə imkan verməyəcəkdir.
Biz öz varlığımızı sübut etmək üçün hər cür fədakarlığa hazırıq.
Biz xalqımızın tələbləri və xoşbəxtliyinin təmini uğrunda ölkəmizin müdafiəçisi olan hərbi qüvvələrimizi genişləndirməli, bizim qüdrətimizi danıb düşünməyən cənabları lazım olan surətdə ağıllandırıb və vəzifələrinin nə olduğu barədə onları düşündürməliyik.

"Azərbaycan" qəzeti. Azərbaycan Demokrat Firqəsinin orqanı, Təbriz, say163, 2 aprel 1946-cı il

***

Azərbaycanın müasir şairlərindən Məhəmməd Həkim Hidəci

Azərbaycanın müasir şairlərindən birisi də Həkim Hidəcini hesab etmək olar. Həkim Hidəci Zəncan şəhərinin 60 kilometrliyində səfalı və xoş mənzərəsi olan Hidəc kəndində dünyaya gəlmişdir. Amma təəssüf olsun ki, şairin təvəllüd tarixi heç bir əsərində görünməməkdədir.
Hidəci dərsə başladığı uşaqlıq zamanından Azərbaycan dilində şeirlər deyib yazmağa başlamış və Hidəci sözünü özünə təxəllüs qəbul etmişdi. Təqribən 20 yaşında Hidəcdən xaric olub və neçə illər müxtəlif yerlərdə əyani və qiyabi təhsil etməklə bərabər yenə də şairliyinə davam edib, nəhayət Tehranda “Seyid Nəsrəddin” türbəsinin mədrəsəsində özünü təcrid etmişdir. Orada bir neçə mənzumələr və qiymətli əsərlər yaratmağa başlamışdır.
Həkim Səbzəvarinin mənzuməsinə yazdığı haşiyə onun istedad və ləyaqətinin nə dərəcə olduğuna möhkəm bir dəlil ola bilər. Həkim Hidəci Azərbaycanın müasir şairlərindən idi və o, dünya malına və sərvətinə heç əhəmiyyət verməyib ömrünü şərəflə başa vurmuş, 1314 hicridə (1896-cı ildə - red.) Tehranda vəfat edərək orada dəfn edilmişdir. Həkim Məhəmməd Hidəci yazdığı əsərləri ilə həmişə həyatda ölməz sayılacaqdır.
Həkim Məhəmməd Hidəcinin Zəncan yerli dilində olan əsərlərindən bir nümunə.

Saqi, gətir! – nədən? O meyi-xoşgüvardən (1).
Mey? Hansı mey? O mey ki, yoxu fərqi nardan.
Gəldi – nəmə? – Bahar – Gedibdir nəmə qərar
Candır – necə? – Nə zar – nədən? – Hicri-yardan.
Eylərdim arzu – haranı? – Tərəfi-gülşəni.
Könlüm edərdi yad – haçaqdan? – Bahardan.
Mən çox xoşum gəlir – nəmiyə? – Bülbülü gülə
Mən çox bədim (2) gəlir – nəmədən? – Qış və qardan.
Mütrib – bəli, buyur! – Mən ölüm, bir ayağa dur.
Neylim? – Apar qəmi – Neylən? – Çəngü tardan.
Quşlar yenə oxur – harada? – Mürğzarda (3).
Kəklik səsi gəlir – haradan? – Kuhsardan (4)
Şahid! – Bəli – Dönüm başuva – Xub, sözün buyur.
Fikr et – Nə var? – Düşübdür qəmün xabü xardan.
Neylim? – Aya, nəmədür – nola? – görsün əmün, buyur.
Onda götür niqab – nədən? – Ol üzardan (5).
Saqi, gətir – nəyi? – Belə ol qanə dönmüşü
Ver bir dadım – nədən? – Belə ol zəhrimardən
Mütrüb, buyurgilən – neylim? – Saz qıl neyi
Oğlan, çıxart çəğanəni (6) – haradan? – Buxardan
Sən də olan müğənni, oxu bir neçə qəzəl
Gizlində? – Yox, utanma, çağır aşikardan
Sən də balam, törənmə, gəl de! – Nə qism ilə?
Alçaqda? – Xeyr, qorxmagilən, de yuxarıdan.
Mən salmışam əlimdən - nəməni? – Malü şövkəti
Mən əl götürmüşəm - nəmədən? – Nəngü ardan (7).
Mən etina yoxum – nəmiyə? – Qövli-zahidə (8)
Qorxu yoxumdu – kimdən? – Rəqibi-xumardan.
Hiç oldu əhli-zöhd (9) – necə? – Biriya (10) əgər
Qılsa namaz – kim? – Birisi çarvadardan
Saqi, dolan, dolanmıya - kim? – Çərxi-kəcmədar (11)
Döndərmə, sal! – kimi?- Fələyi bu mədardan (12)
Mütrüb! – Sözün buyur – Sən ol Allahın, danış
Hansı məqulədən? (13) – Digilən vəsvi-yardan.
De, yar – hansı yar? – Məni xar eyliyən.
Sındırdı əhdi, qoydu məni şuğlü kardan (14).
Hiç iltifat eyləmədi – mən ki, görmədim.
Vəchi nədür? - Əlim üzülüb cahü cardan.
Get iltimas eylə - Eylirəm, rəhmi gəlmiri
Gəl əl götür, mənimki keçib ixtiyardan.
Əczin (15) səmər yoxu – Eyləməz əczə etina
Ahın bilib – Həzər eyləməz ahü-zardan.
Xar etdilər – Kimi? – Məni – Kimlər? - Gül üzlülər.
Cövr etdilər – Nə qədər? – Keçibdir şumardan (16)
Var xatirində? – Hansı? – O gün getdik Əbhərə
Əbhərdə qalmadıq – Niyə? – Bəsi-iztirardan (17)
Vardır yadında? – Hansı? – Gedəndə Məlayirə
Mən söhbət elərdim – Nədən? – Bağü nardan
Bir söz deyim – Buyur – Məni xar eylədi qürur
Saldı məni bu kibr – Nədən? – İqtidardan.
Yoxluq nə pis olur – Bəli, müflis xəsis olur
Pulsuz baxar nigarına - Haradan? – Kənardan.
Mən şikvə (18) eylərəm yenə - Kimdən? – Rəqibdən
Mən eylərəm giley, yenə kimdən? - Nigardən
Kim vardı – Neylərən? – Dura qəlyanı doldura
Könlüm yenə alışdı - Nəmiçün? – Şərardan (19)
Saqi! – Bəli, qadan mən alım – Allah etməsin
Qurtar məni – Nədən? – Bu qəmi-intizardan
Vallahi, keçmişəm – Nəmədən? – Səbrü tabdan
Bax gör, qocalmışam – Nə səbəb? – Cövri-çərxdən
Halət yoxum – Neçün? – Sitəmi-ruzgardan
Düşdün – Hara? – Bura! – Haradır bu bəlalı çöl?
Dur tut əlim, çıxart – Haradan? – Bu diyardən.
Sən bu diyara gəldin özün? – Yox gətirdilər.
De, kim səni gətirdi? – Soruş huşyardan.

H. S.
***

Əski əlifbadan transliterasiya və farsca məqalələri tərcümə edən:
AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun "İran tarixi və iqtisadiyyatı" şöbəsinin elmi işçisi Saleh Dostəliyev, yazıları elmi redaktə edən, şərhlər verən, anlaşıqlı dildə təqdim edən eyniadlı institutun "Cənubi Azərbaycan" şöbəsinin elmi əməkdaşı Səməd Bayramzadə.