Azərbaycan”  qəzetinin səhifələrində  - 69-cu yazı Güney Azərbaycan

Azərbaycan”  qəzetinin səhifələrində  - 69-cu yazı

Təbriz radio stansiyasının fəaliyyətinə yerlərdən münasibət barədə: Azərşəhrdə

Radio stansiyasının açılması münasibəti ilə Azərşəhrdə mərkəzi komitəyə və baş nazirliyə göndərilən bir teleqrafda deyilir ki, radio stansiyasının açılması Azərbaycan millətinin varlığını və onun gələcəkdə nə kimi böyük səadətlərə nail olacağını dünya millətlərinə elan etmək deməkdir.
Stansiyanın açılması münasibəti ilə burada təşkil olunan 4 min nəfərlik bir mitinqdə xalqımız öz səmimi təbriklərini ərz etməklə bərabər “Öz sevgili milli dövlətimizin və candan əziz olan ana yurdumuzun mühafizəsi və müdafiəsi uğrunda hər cür fədakarlığa hazırıq” demişlər.

“Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, say 172, 14.04.1946
***

Məhzun: “Qəhrəman oğlum”

Tumarla atını, sil yarağını
Ey doğma yurduna paseban oğlum.
Uca tut əlində al bayrağını
Qoy əssin göylərdə qəhrəman oğlum.
Düşmənlə gələndə hər vaxt üz-üzə
Süngüylə dəl bağrın, tez çökdür dizə
Azəri övladı demişlər bizə
Vermə xainlərə heç aman, oğlum.
Baban Koroğlu tək çapır atını
Yerin tərpətkinən yeddi qatını
Ürəkli açginən qol-qanadını
Şığı sarlar üstə, sən tərlan oğlum.
Gəlsin səngərlərdən igid nərəsi
Düşəndə dağlara güllənin səsi
Sərilsin yerlərə xain dəstəsi
Qoy olsun düşmənin bağrı qan, oğlum.
Qəhrəman oğlanlar qorxub saralmaz
Qoç igid ölər ki, alçaq ad almaz
Namərddən dünyada nişanə qalmaz
Mərd oğul diridir hər zaman, oğlum.
Polad səngərində yerə batginən
Atanda gülləni sərrast atginən
Düşməni toprağa, toza qatginən
Qoy öpsün alnından komandan, oğlum.
Qəlbini tutmasın heç zaman məlal
Sənindir bu dövlət, bu cahü-cəlal
İgid ol, döşündə parlasın medal
Qoy üzün ağ olsun, ərsəlan oğlum.
Səttarxan heç vaxt çıxmayır yaddan
Azadlıq yolunda olubdu qurban
Adına yazırlar hər zaman dastan
Diridir dünyada o aslan, oğlum.

“Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, say 171, 12.04.1946
***

Azərbaycan tarixi

Firidun Bazərqan: "Təbriz"

İllər boyu azadlığın səngəri olan Azərbaycanın mərkəzi Təbriz çöküntü bir düzənlikdə Urmiya dəryaçasının şimali-şərqində yerləşir. Bu düzənlik neçə çayların (Acıçay və Meydan çayı) vasitəsi ilə sulanır. Təbrizin ərazisi ümumi halda Səhənd və Qaradağ dağlarının kənarındadır. Təbrizin müxtəlif nöqtələrinin hündürlüyü 1350-dən 1500 mertədəkdir və onun şimal-şərqində 1800 metr hündürlükdə Eynal-Zeynal təpələri yerləşir ki, Səhənd dağını Qaradağa birləşdirir. Qaradağın dağlarından keçidin çətin olması və habelə Səhəndin Təbriz ilə Marağa arasında yerləşməsi Təbrizə böyük əhəmiyyət veribdir. Çünki yalnız Xəzər dənizindən Qara dənizədək bir yol vardır ki, o da Təbrizdən keçməlidir. Bu yolun varlığı və habelə Təbrizdən İraqa və Cənubi Qafqaza olan yollar bu şəhər üçün böyük ticarət və mərkəziyyət əhəmiyyəti vermişdir. Təbriz zəngin və bollu meyvəyə malikdir. Habelə onun xalçaçılıq sənayesi də əhəmiyyətlidir. Təbrizin tarixinə dair müəlliflər qədimdə və ya müasir dövrdə çoxlu əsərlər yazmışlar. Akademik Struve (Vasiliy Vasilyeviç – red.), fransız şərqşünası Maspero (Qaston – red.) və habelə Assuriya yazılarının göstərdiklərinə görə 3000 ildən artıq mədəniyyət tarixi olan Azərbaycan xalqının ən qədim sənətkarlıq və elm mərkəzi Təbriz şəhəri miladi tarixindən 700 il qabaq salınmış və Midiya dövləti dövründəki həmin Tarvasis (Tavaris – red.) ya Tarvakis (Tarmakis – red.) şəhəridir. Təbriz şəhəri özünün minillərə malik olan tarixində bir neçə dəfə Azərbaycanın siyasi mərkəzi olaraq beynəlxalq siyasət dünyasında görkəmli rol oynamışdır. Şərqin Hindistan və Çin kimi böyük ölkələri ilə Avropa ölkələri arasında ticarət uzun zaman Təbriz vasitəsilə aparılmışdır. Şərqdən gələn ticarət yolu Təbrizdən keçərək kiçik Asiya və Qara dəniz sahilləri ilə Qərb ölkələrinə getmişdir.
Yaqut Həməvi özünün “Müəccim əl-Buldan” ( - معجم البلدان Ölkələrin lüğəti) adlı kitabında yazmışdır ki, Təbriz abad və gözəl bir şəhərdir. Onun möhkəm kərpic və gəcli divarları var. Onun arasından çaylar keçir. Ətrafı tamamilə bağdır və meyvəsi bol olar.
“Nəzhətül-qulub” Təbrizi Azərbaycanın darülmülkü (şah sarayı – red.) adlandırıb və onun salınması tarixinə dair belə yazır: “Təbriz şəhərini Harun ər-Rəşidin qadını Zübeydə xatun 175-ci ildə saldırmışdır”. Tarixi məlumat bu yazını inkar edir.
Biz şəhərin salınma tarixini bu cür anlamış olsaq, o zaman Təbrizin 25-ci hicrət ilindən (645-ci ilin sonu və 646-cı ilin əvvəllərinə təsadüf edir – red.) başlayaraq ərəblərə qarşı təşkil etdikləri üsyanları və apardıqları mübarizəni unutmalıyıq.
Yunan tarixçisi Herodotun Təbriz haqqında verdiyi məlumatda deyir: “Yuxarı Asiyada 520 il hökmranlıq edən assurilərin əsirliyi altından birinci olaraq midiyalılar xilas olmuşdur. Təbriz şəhəri Midiya dövlətinin paytaxtı olmuşdur. Qədim Ekbatanın Təbriz şəhəri olması ehtimalı vardır”.
Əlbəttə, bu fikir ümumi tarix alimləri tərəfindən qəbul edilmiş bir fikir deyil. Çünki qədim Ekbatanın hazırkı Həmədan şəhəri olduğuna dair sənədlər vardır. Təbriz şəhəri orta əsrlərdən Şah İsmayıl dövrünədək azərilər (azərbaycanlılar mənasında işlənmişdir – red.) yurdunun qüdrətli və böyük dövlətlərinin mərkəzi olduğuna görə sənətkarlıq və ticarət aləmində, habelə maarif sahəsində yüksək tərəqqilərə malik olmuşdur. Sanki o əsrlərin məşhur maarifpərvərləri və alimləri elm və təhsil almaq üçün Şərq ölkələrindən Təbrizə gəlirdilər.
Təbrizin həyatı dövründə təkrar zəlzələlər olmuşdur. Onların ən güclüləri 858/859 və 1042-ci illərdə baş vermişdir. Bu ikinci zəlzələdə 40 min nəfər ölmüşdür. 1722 və 1780-ci illərdə baş verən zəlzələlər nəticəsində Təbrizin məşhur mədəniyyət yerlərindən olan Rəşidiyyə, Əlaiyyə, Dəməşqiyyə, Lovloviyyə, Mərcaniyyə, Süleymaniyyə, Müzəffəriyyə, İsgəndəriyyə, Qaziyyə və Nəsiriyyə kimi tarixi binaları yox olmuşdur.
1501-ci ildə Təbriz Səfəvi dövlətinin paytaxtı oldu. 1514-cü ildə isə Sultan Səlim xan Osmanlı bu şəhəri tutmuşdur. 1585-1586-cı illərdə təbrizlilər Osmanlılar əleyhinə qiyam etmişlər. Bu qiyamlar, habelə təbrizlilərin ərəblər və monqollar əleyhinə apardıqları mübarizə tarixdə çox geniş və parlaq səhifələrdəndir. Biz burada onların ayrı mövzu olmasına görə Təbrizin mübariz tarixini ətraflı şərh vermirik. Bunu bilməliyik ki, Sultan Səlim 1514-cü ildə Çaldıran müharibəsindən sonra Təbrizi müvəqqəti halda tutaraq çoxlu qətl və qarətdən savayı Təbrizin 3000-ə qədər sənətkarını da zorla İstanbula mühacirət etməyə vadar elədi.
Həmin bu sənətkrların mühacirəti İstanbulda ticarət və sənətkarlığın tərəqqiyə doğru getməsinə səbəb oldu. Çünki romalılardan sonra o şəhərdə sənətkarlıqdan bir əsər-əlamət qalmamışdı. Halbuki, o zamandan bu yana İstanbulun bütün incəsənət və ali binaları təbrizlilərin əli ilə tikilmişdir.
Keçmiş dünya müharibəsində Təbrizə çoxlu ziyan dəydi. Belə ki, onun ticarəti dəymiş bu ziyanlar nəticəsində tamamilə dayandı. Təbrizin çoxlu binaları, dediyimiz kimi, zəlzələ nəticəsində aradan getmişdi. 1880-ci ilin statistik bir məlumatına görə o zaman Təbrizdə 318 məscid, 100 hamam, 166 karvansara, 2600 ev var imiş. Təbriz haqqında siyahılar çoxlu şey yazmışlar. 13-cü miladi əsrində məşhur italiyalı səyyah Marko Polo Təbrizi görmüş və onu nəcibzadələr şəhəri adlandırmışdır. Polo Təbrizin toxucularını və onların yaratdıqları zəngin məhsulları tərifləmişdir. Daha sonra onun ticarət əhəmiyyətini şərh etmişdir. Avropa səyyahı Klavixonun (İspan diplomatı və səyahı Rüyi Gonzalez de Klavixo – red.) göstərdiklərinə görə Əmir Teymur zamanı (1400-cü miladi hüdudunda) Təbrizdə 200.000-ə qədər ailə varmış. Bu səyyah bir müddətdə Təbrizdə qalaraq şəhər haqqında maraqlı məlumat yazmışdır. O, göstərmişdir ki, Təbrizdə çoxlu yaxşı xiyaban və küçələr vardır. Buradakı gözəl dükanlarda müxtəlif şeylər satılır. Xiyaban və küçələrin arasında qalayabənzər və çoxlu qapıları olan böyük binalar var ki, bu binaların içərisində müxtəlif qəşəng mağazalar olur. Bu örtülü bazardan küçələrə çoxlu darvazalar açılır. Burada çoxlu ipək və pambıq parçalar, stul, başmaq, kəhrəba və sair şeylər satılır. Təbriz ən mühüm ticarət şəhəridir.
Klavixo Təbrizin səliqə-səhmanlı şəhər hasarı barədə məlumat verməmişdir. Daha 15-ci əsrdə Kantarini Təbriz haqqında məlumat vermişdir. Onun yazdığına görə, şəhər ətrafının bəzi yerlərində palçıqdan çəkilmiş divarın dağınıq vəziyyətini görmüşdür. Bundan əlavə şəhərin içərisində ali binalar, bəzəkli məscidlər və mədrəsələr var imiş. Yenə Avropalı Şiltberqer adlı səyyah yazır ki, Təbriz 15-ci əsrdə Miranşahın hakimiyyəti dövründə böyük ticarət şəhəri olmuşdur.
Kont Doqofino (1816-1882) İranda fransız elçisi olaraq özünün “Üç il Asiyada” adlı kitabında yazır ki, Təbriz İranın böyük şəhərlərindən biridir. Tehran paytaxt olduğu halda Təbriz ondan irəli və böyük bir şəhərdir. Təbrizin havası qışda çox sərin və soyuq olar, o zaman Təbrizdə narın yağış yağar.
15-ci əsrdə Təbrizə gələn venetsiyalı səyyahlar da Təbrizin ticarətindən və qadınlarından yazmışlar. Fransız səyyahı Taderniye yazır ki, Təbrizdə pul qum kimi ələ gəlir. Ayrı bir fransız səyyahı Şarden Səfəvilər zamanında Təbrizin 15 min evi olduğunu bildirmişdir və yazmışdır ki, bu şəhərin yarım milyon əhalisi və 250 məscidi, 300 karvansarayı var.
Müəlliflərdən lord Kerzon adlı məşhur ingiltərəli bir siyasətçi öz səyahətnaməsində Təbriz haqqında tarixi və geniş izahat vermişdir. Təbriz tarixindən bir neçə səhifə şərh verərək göstərmişdir ki, “Təbriz” sözü ariyalı (fars – red.) tab ( isti) və riz (axın) mənasını verən sözlərindən ibarətdir. Bu adı bu şəhərə vermək o münasibətlə olmuşdur ki, şəhərin ətrafında isti çeşmə və sular vardır. O yazır ki, Təbrizdə 1134-cü hicri (1722-ci miladi – red.) ilində baş verən zəlzələdə 80 min nəfər ölmüşdür. Təbriz bir müddət Qaraqoyunlu kürdlərinin hökumət mərkəzi və 1220-ci hicri (1805-ci miladi) ilindən Qacar vəliəhdlərinin iqamət yeri olmuşdur.
Kerzon Təbrizin əhalisini 200 min nəfər qeyd edərək yazır ki, bu şəhərdə 40 min dükan və 166 karvansara vardır. Bu müəllif Ərk qalasından və Göy məsciddən ad aparmışdır. O yazır ki, Abbas Mirzə Ərk qalasını ölüxanaya çevirmişdi və bir müddətədək əxlaqsız qadınları Ərkin başından aşağıya atardılar. Lakin bir dəfə bir qadının çadrası onu nicat çətiri kimi ölümdən saxladı və bu zamandan təbrizlilər bu hadisəni möcüzə kimi qəbul edərək o əməli tərk etdilər.

“Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, say 171, 12.04.1946

***
AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun "İran tarixi və iqtisadiyyatı" şöbəsinin elmi işçisi Saleh Dostəliyev, yazıları elmi redaktə edən, şərhlər verən, anlaşıqlı dildə təqdim edən eyniadlı institutun Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Səməd Bayramzadə