Ərdəbildə koronovirusun yenidən yayılmasına baxmayaraq məsullar kütləvi yas mərasimləri keçirir Güney Azərbaycan

Ərdəbildə koronovirusun yenidən yayılmasına baxmayaraq məsullar kütləvi yas mərasimləri keçirir

Ərdəbil Tibb Elmləri Universiteti son 24 saat ərzində koronovirus infeksiyasına yoluxan 33 nəfərin xəstəxanaya yerləşdirildiyini, 2 nəfərin öldüyünü və durumun “kövrək” olduğunu bildirib.

Buna baxmayaraq əyalət məsulları “Fatimiyyə günləri” adı altında əyalətin hər yerində kütləvi əzadarlıq mərasimlərinin keçirilməsini təşkil edirlər.

Ərdəbil Tibb Elmləri Universitetinin rəisi dünən bazar günü, yanvar ayının 17-də mətbuata verdiyi açıqlamada əyalət xəstəxanalarında 201 nəfər koronovirus xəstəsinin müalicə olunduğunu, onlardan 62 nəfərinin ağır durumda olduqları üçün reanimasiyada yerləşdirildiyini deyib.

Doktor Şəhram Həbibzadə bu günə kimi əyalətdə koronovirusdan ölənlərin saynın 1327 nəfər olduğunu açıqlayıb.

Universitet rəisi “belə davam edərsə infeksiya yenidən yayılacaq və koronovirusun dördüncü dalğası ilə üzləşməli olacağıq” deyib.

Bütün bunlara baxmayaraq İran hökuməti “Fatimiyyə günləri” münasibətilə “mədəni tədbir”lər adı altında bütün şəhərlərdə kütləvi yas mərasimlərinin keçirilməsini təşkil edir.

Bu işdə hökumətin, özəlliklə hökumətin qatı diniçi kəsiminin nəzarətində olan mətbuat orqanları vətəndaşların dini duyğularını istismar edərək onları küçələrə çıxmağa, yas mərasimlərinin “dahada əzəmətli keçirilməsinə” çağırır.

Gunaz.tv