Əli və Rza Vasiqi qardaşları Yusif Kariyə dəstək məqsədi ilə aclıq aksiyasına başlayıblar Güney Azərbaycan

Əli və Rza Vasiqi qardaşları Yusif Kariyə dəstək məqsədi ilə aclıq aksiyasına başlayıblar

Siyasi məhbusa dəstək məqsədi ilə həbsdə olan milli-mədəni fəallar tərəfindən başlanan aclıq aksiyaları genişlənir.

Ərdəbil zindanının 2-ci bəndində saxlanılan Əli və Rza Vasiqi qardaşları ailələri ilə telefon əlaqəsi zamanı bildiriblər ki, bu gün, yanvar ayının 20-dən etibarən Yusif Kariyə dəstək olmaq üçün və həbsxanaya nəzarət edən prokuror köməkçisinin Yusuf Kariyə qarşı pis davranışı, həbsxana rəsmilərinin siyasi məhbusların problemlərinə laqeyd yanaşması və Y.Karini bölməsindən ayırıb karantin bölməsinə köçürmələrinə etiraz olaraq aclıq aksiyasına başlayıblar.

Yusuf Kari yanvarın 14-də tibbi məzuniyyət tələbi ilə əlaqədar Ərdəbil həbsxanasının prokuror köməkçisi olan Sepehriyə müraciət edib.

Bundan sonra o “Sepehri”nin kabinetinə çağrılaraq təhqir edilib və saxlanıldığı palatadan karantin bəndinə köçürülüb. O, prokror köməkçisinin bu əməllərinə etiraz olaraq 8 gündür aclıq aksiyası keçirir. Siyasi məhbus yanvarın 17-i, bazar günündən isə quru aclıq aksiyasına başlayıb.

Yanvar ayının 18-dən Yusif Kariyə dəstək məqsədi ilə aclıq aksiyasına başlayan tanınmış siyasi fəal Abbas Lisani telefon əlaqəsi zamanı həbsxana məsullarına xəbərdarlıq edib ki, Yusif Karini öz palatasına qaytarmayacaqları təqdirdə bu gündən (20 yanvar) quru aclıq aksiyasına başlayacaq.

“Evin” zindanında saxlanılan başqa siyasi məhbus Siyamək Mirzayi də, yanvarın 19-da yaxınları ilə telefon əlaqəsi zamanı Yusif kariyə dəstək olmaq üçün bu gün, yanvar ayının 20-dən etibarən aclıq aksiyasına başlayacağını elan edib.

Gunaz.tv