Azərbaycanlı siyasi məhbusların aclıq aksiyası nəticə verdi-Yusif Kari öz palatasına qaytarıldı Güney Azərbaycan

Azərbaycanlı siyasi məhbusların aclıq aksiyası nəticə verdi-Yusif Kari öz palatasına qaytarıldı

Ərdəbil həbsxanasında saxlanılan Abbas Lisani, Əli və Rza Vasiqi qardaşları bu barədə bilgi veriblər.

Ərdəbil həbsxanasında saxlanılan siyasi məhbuslar Abbas Lisani, Əli Vasiqi və Rza Vasiqi ailələri ilə ayrı-ayrı telefon əlaqələrində bildiriblər ki, həbsxana məsulları dünən (20 yanvar) axşam saatlarında Yusif Karinin aclıq aksiyasının 8-ci günündə, aksiyanı dayandırması və yaranmış vəziyyətə son vermək üçün onu 8-ci karantin bəndindən öz palatasına qaytarıblar.

Abbas Lisani və Vasiqi qardaşlarının araşdırmaları Yusif Karinin öz palatasına qaytarıldıqdan sonra aclıq aksiyasını dayandırdığını təsdiq edib. Bundan sonra siyasi məhbusa dəstək vermək üçün aclıq aksiyasına əl atan Abbas Lisani və başqa siyasi məhbuslar da aksiyalarını dayandırıblar.
Ərdəbil və Tehran həbsxanalarında saxlanılan Abbas Lisani, Siyamək Mirzayi, Əli Vasiqi və Rza Vasiqi Ərdəbil həbsxanasının məsul nəzarətçisi, prokror köməkçisinin Yusif Kariyə qarşı davranışlarına etiraz və onun aclıq aksiyasına dəstək vermək üçün aclıq aksiyasına qoşulmuşdular.
Tehran həbsxanasında dustaq həyatı yaşayan siyasi məhbuslar Behnam Şeyxi, Tohid Əmir Əmini və Kiyanuş Aslani isə dünən yanvar ayının 20-də verdikləri bəyanatda bu gün səhər saatlarından aksiyaya qoşulacaqlarını bildirmişdilər.
Yusuf Kari yanvarın 14-də tibbi məzuniyyət tələbi ilə əlaqədar Ərdəbil həbsxanasının prokuror köməkçisi olan Sepehriyə müraciət edib. Bundan sonra o “Sepehri”nin kabinetinə çağrılaraq təhqir edilib və saxlanıldığı palatadan 8-ci karantin bəndinə köçürülüb.
O, prokror köməkçisinin bu əməllərinə etiraz olaraq 8 gündür aclıq aksiyası keçirir. Siyasi məhbus yanvarın 17-i, bazar günündən isə quru aclıq aksiyasına başlayıb.
Ərdəbil zindanının məsul nəzarətçisi və prokror köməkçisi “Sepehri” deyib ki, azərbaycanlı siyasi məhbusların hüquqlarını tanımır.
8 Dekabr 2020-ci il tarixində məhkəmə və prokrorluq əməkdaşlarından ibarət bir heyət Ərdəbil həbsxanasında oldular. Məhbusların ümumi durumu ilə maraqlanan heyət bir sira tədbirlərə, o cümlədən məhbusların tibbi məzuniyyətə göndərilməsinə qərar verdiklərini bildirdilər.
Heyətdə təmsil olunan Ərdəbil prokroru Seyid Abdulla Təbatəbayi məhbuslara tibbi məzuniyyət üçün müraciət etmələrini tövsiyə etdi.
Ancaq azərbaycanlı siyasi məhbusların tibbi məzuniyyət almaları üçün ilkin şərtlər yerinə yetirilsə də, S.A.Təbatəbayi “yuxarı orqanlardan yazılı göstəriş olmadığı” bəhanəsi ilə tibbi məzuniyyətin verilməsinə mane oldu.