“Azərbaycan”  qəzetinin səhifələrində  - 71-ci yazı Güney Azərbaycan

“Azərbaycan”  qəzetinin səhifələrində  - 71-ci yazı

Rza Azəri: "Ana dilimizin hələ minillik tarixini inkar edənlər üçün rəsmi təsdiq"

Tehran universitetinin müəllimllərindən cənab Bədiülzəmanə tərəfindən orta məktəblərdə tədris olunmaq üçün hazırlanmış və eyni zamanda İran Maarif Nazirliyi və Ali Maarif Şurası tərəfindən də 4 sentyabr 1934-cü il tarixində 2345/23115 saylı əmrlə rəsmən təsdiq olunmuş “Fars ədəbiyyatı müntəxabatı” adlı kitabda yazılıbdır ki, təqribən 930 il bundan qabaq Nasir Xosrov Ələvi Mərvdən Azərbaycana, Təbrizə səyahət edir. Təbriz şairi Qətran ilə görüşür. Qətranın fars dilində yaxşı danışa bilmədiyini aydıncasına qeyd edir.
Bunu andırır ki, Azərbaycan dili monqol istilasından 200 il əvvəl, yəni təqribən min il bundan qabaq belə indi danışdığımız çox qədim və şirin ana dilimiz idi. Söz sözə gələndə bizim dilimizi monqollara aid etmək bizi istismar etməkdən ötrü həyasızcasına həqiqəti və tarixi danıb yalan uydurmalara söyləməkdən başqa bir şey deyildir. O, “Fars ədəbiyyatı müntəxabatı” adlı kitabın 178-ci səhifəsində “Nasir Xosrovun səyahətnaməsi”ndən bəhs edərək yazır ki: “Əbu Muinəddin Nasir bin Xosrov Qubadyani əl-Firuzi belə deyir ki, mənim işim katiblik idi. Səltənətin əmlakını yazmaqla, dövlət işlərinə məmur və məşğul idim. Bu işdə çox da şöhrət qazanmışdım. 437-ci hicri (1045-ci miladi - red.) ilində Xorasan əmiri Əbu Süleylman Cəfər bəy Davud bin Məxsil bin Səlcuqi idi. Divan işlərində işləməkdən əl çəkib Mərvdən çıxdım. Hicrətin 437-ci ili zihiccə ayının əvvəlində (1046-cı ilin iyun ayının 15-də - red.) Semnana gəldim və orada bir müddət iqamət edərək elm əhlini axtarırdım”.
Burada yazır ki, “Semnanda ustad Əli Nəsai adında bir axmaq alimlə tanış oldum”. Onun haqqında böyük bir şərh və ətraflı məlumat yazdıqdan sonra yenə də öz səfərinin şərhinə belə davam edir: “20 səfər 438-ci hicri (1 sentyabr 1046-cı miladi – red.) ilində Təbriz şəhərinə yetişdim. Bu gün şəhrivər ayının 5-i idi (əslində 20 səfər 438-ci hicri ili 1 sentyabr sentyabr 1046-cı miladi və 10 şəhrivər 425-ci şəmsi ilinə uyğundur. Məqalə müəllifi yanlışlıqla “ 5 şəhrivər” yazmışdır – red.). Təbriz Azərbaycan şəhərlərindən birisidir, çox abad bir şəhərdir.
O şəhərin eni-boyunu qədəm ilə ölçdüm. Təbrizin boyu və eni hər birisi 1400 addım idi. Xütbələrdə Azərbaycanın padşahını belə adlandırırdılar: Əl-Əmir əl-Əcl Seyfulla Vələ və Şərəf əl-Məlih əbu Mənsur Vəhsudan ibn Məhəmməd Mövla Əmir əl-Möminin.
Mənə söylədiklərinə görə hicrətin 434-cü ili rəbi əl-əvvəl ayının 17-də (miladın 1042-ci ili noyabr ayının 10-da – red.) bu şəhərdə gecə vaxtı böyük bir zəlzələ baş verib. Şəhərin bəzi hissəsini xarab etmişdisə də bəzi hissəsinə zərər dəyməmişdi. Bu zəlzələdən 40 min adamın xarabalıqlar arasında qalıb həlak olmaları rəsmi təsdiq olunmuşdur. Təbrizdə Qətran adında bir şairi gördüm. Yaxşı şeir deyirdi, amma fars dilini yaxşı bilmirdi. Mənim yanıma gəldi. Məncik və Dəqiqinin (tam adı Əbu Mənsur Məhəmməd bin Əhməd – red.) şeir kitablarını gətirdi və mənim yanımda oxudu. Çətin sözləri məndən soruşdu, de¬dim. Onların mənasını yazdı və öz şeirlərini də mənə oxu¬du”.
Yuxarıda yazıldığı kimi məşhur şair Nasir Xosrov Ələvi təqribən 1000 il bundan qabaq Təbrizə gəlir, Qətran ilə görüşür və onun da indi bizim kimi yaxşı fars dilində danışa bilmədiyini yazır. Halbuki, məşhur Təbriz şairi Qətranın fars dilində də divanı və yaxşı şeirləri var.
Bununla belə o zaman farsca şeir yazan bir ədib indi eynən bizim kimi fars dilində yaxşı danışa bilməzdi. Çünki yabançı dili insan öz mühitində öyrənib elmi istifadələr edə bilər, amma o dildə yaxşı danışa bilməz.
Ona görə də Nasir Xosrov Qətranın fars dilini Təbrizdə öyrəndiyi üçün yaxşı danışa bilmədiyini yazır. Bəs o zaman Qətranın dilinin fars dilindən başqa bir dil olmasını Nasir Xosrov təsdiq edir. Elə isə Qətranın dilinin indiki dilimizdən başqa hansı dil ola bilərdi? Demək min il bundan qabaq Azərbaycan dilinin mövcud olmasını Nasir Xosrov yazır və onun yazdığını da İran Maarif Nazirliyi rəsmi surətdə təsdiq edib və bütün orta məktəblərdə oxunmasına əmr verib. Bizim indiki dilimizin monqol dili olmayıb, çox qədim bir dil olduğuna dair ondan daha da möhkəm və mühüm bir sənəd ola bilərmi? Min il bundan qabaq şirin ana dilimizin mövcud olduğunu, bəlkə də o tarixdən, həmin illərdən daha çox əvvəl olduğunu kim inkar edə bilər?

"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 191, 06.05.1946
***

Azərbaycanın müxtəlif təbəqələri tərəfindən Tehrana göndərilmiş nümayəndələrə teleqraflar

Azərşəhr fədailəri tərəfindən

Azərşəhrdən. Azərbaycan Milli Hökumətinin hörmətli Baş naziri cənab Pişəvəri və hörmətli Azərbaycan nümayəndələrinin hüzurlarına

Biz Azərbaycan ölkəsinin Azərşəhr fədailəri Azərbaycan Milli Hökumətinin bərqərar olması üçün baş və candan keçib öz canımızı fəda etməyə, Milli hökumətin möhkəmlənməsinə çalışıb hər cür fədakarlığa hazırıq. İranın istiqlalı hüdudunda Azərbaycan Milli Hökumətinin qorunmasını tələb edirik.
Hüseyn Vəkili, Məhəmməd Cabbarpur, Əkbər Mehdizadə, Əli Yadullazadə, Hüseyn Vəlizadə, Yadulla Atifi, Hüseyn Məvazebi, Məhəmmədpur Hənifə, İsmayıl Seyidzahir, Adil Bavəri, Qulaməli Əşrəfi, Məhəmmədəli Əsğərzadə, Əliqulu Fəda.

"Azərbaycan" qəzeti. ADF firqəsi, Təbriz, say 190, 05.05.1946

***

Zəncan fərmandarlığı tərəfindən
Zəncandan Tehrana. Tehran. Azərbaycan nümayəndə heyətinin rəisi və Azərbaycan Milli Hökumətinin Baş naziri cənab Pişəvəriyə
Üzü: “Rəhbər”, “İran-e ma” qəzetlərinə
Biz, Azərbaycan xalqı, fədailəri, qoşunları, firqəçiləri və bütün təbəqələri, azərbaycanlıların hüququnu və milli azadlıqlarını qorumaqla bərabər bütün İranın əyalət və vilayətlərində azadlığın bərqərar olunması və həmişə İran millətinin hüququnun toxunulmaz qalması, yəni İranda demokratik hökumətin qurulması yolunda və Azərbaycanın milli azadlığı uğrunda mübarizəmizi tarix boyu böyük əməllərlə sübut etdiyimiz kimi yenə də hər cür ağır fədakarlıqlara hazır olduğumuzu bildirir və bu görüş və müzakirədə İranın istiqlalı hüdudunda Azərbaycanın milli azadlığının qorunmasını, bütün İranda demokratik hökumətin bərqərar olmasını siz nümayəndələrimizdən ciddi şəkildə tələb edirik.
Azərbaycan Milli Hökuməti Zəncan fərmandarlığı. Cabbar Zare
Azərbaycan Demokrat Firqəsinin Xəmsə vilayət komitəsi tərəfindən doktor Ətaulla Rəhmani.

"Azərbaycan" qəzeti. ADF firqəsi, Təbriz, say 190, 05.05.1946

***
Makunun bütün təbəqələri tərəfindən

Makudan. Təbriz. Tehran. Azərbaycan Milli Hökumətinin hörmətli Baş naziri cənab Pişəvəriyə və bütün nümayəndələrə

Biz, bütün Azərbaycan və Maku xalqı, fədailər, xalq qoşunları, firqəçilər, bütün təbəqələrdən olan əhali, azərbaycanlıların hüququnu və milli azadlıqlarını qorumaqla bərabər bütün İranın əyalət və vilayətlərində azadlığın bərqərar olunması və həmişə İran millətinin hüququnun toxunulmaz qalması, yəni İranda demokratik hökumətin qurulması yolunda və Azərbaycanın milli azadlığı uğrunda mübarizəmizi tarix boyu böyük əməllərlə sübut etdiyimiz kimi yenə də hər cür ağır fədakarlıqlara hazır olduğumuzu bildirir və bu görüş və müzakirədə İranın istiqlalı hüdudunda Azərbaycanın milli azadlığının qorunmasını, bütün İranda demokratik hökumətin bərqərar olmasını siz nümayəndələrimizdən ciddi şəkildə tələb edirik.
Maku fərmandarı Kübra, polis rəisi Dadaşzadə, Maku komitəsi rəhbəri Camal Teymuri, Vilayət əncüməni və bələdiyyə sədri, fədailər rəhbəri və təşkilat məsulu Abdulla Zahiri, Əli Zahiri, Abbas Quluzadə, Aman Nəsri, Əziz Hatəmi, Məhəmmədhüseyn Muxtarzadə, Cəfər Bünyadi, Abbas Dadaşzadə, Hüseyn Manafi, Teyyub Fiyuzi, Əziz Ayaz Makui, Qulamhüseyn Bayat, Ərdəşir İshaqi, Hacı İsgəndər Hacızadə, Hüseynzadə Məhəmmədəli, Rəcəbəli Bəsiri, Yusif Əsədi, Abbas Dadaşzadə, Yadulla Muxtarzadə, Kazım Şahbazi, Mirəli Musəvi, Abduləli Sadıqzadə, Abdullazadə, Əli Dadaşxani, Abbasəli Bəsiri, Hüseyn Süleymani, Yahya Nobəri, Əli Fərmanpur, Sadıq İranzadə, Qasım İlyasi, Usta Oruc Pişnamazzadə, Salman Bayat, Süleyman Əli Hatəmi, Məhəmməd Sadıq, Bəhlul İbrahimzadə, Əziz Hatəmi, Abdulla Şükürzadə, Baleğ Teymuri, Fərhəngi, Mahmud Daneşmənd, Abdulla Kazımi, Qafarzadə və min nəfərin tərəfindən.

"Azərbaycan" qəzeti. ADF firqəsi, Təbriz, say 190, 05.05.1946

***
Azərbaycanın müxtəlif təbəqələri tərəfindən Tehrana göndərilmiş nümayəndələrə teleqraflar

Əcəbşir fədailəri tərəfindən

Tehran. Azərbaycan Milli Hökumətinin nümayəndələri və onların rəisi Baş nazir cənab Pişəvəriyə

Azərbaycan xalq fədailəri, qoşunları, firqəçiləri və bütün əhali görüş və müzakirələr başlandığı gündən azərbaycanlıların hüququnu və milli azadlığını qorumaqla bərabər bütün İran əyalət və vilayətlərində azadlığın bərqərar olmasını tələb edir. Azərbaycan xalqı milli azadlıq yolunda tarix boyu fədakarlıqlar etmiş və indi də hər cür ağır fədakarlıqlara hazırdır. Biz İran istiqlalı hüdudunda Azərbaycanın milli azadlığının qorunmasını istəyirik. Bütün İranda demokratik hökumətin yaradılmasını öz nümayəndələrimizdən istəyirik.
Fədai dəstələri

“Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, say 190, 05.05.1946

***

Əhər, Qaradağ xalq fədailəri və müxtəlif təbəqələr tərəfindən

Əhərdən Tehrana. Azərbaycan Milli Hökumətinin nümayəndələri və onların rəisi Baş nazir cənab Pişəvəriyə

Əhər, Qaradağ xalqı fədailəri, firqəçiləri, bütün müxtəlif təbəqələri görüş və müzakirələrdə azərbaycanlıların hüququnun və milli azadlığının qorunması ilə bərabər bütün əyalət və vilayətlərdə azadlığın bərqərar olmasına, həmişə İran millətinin hüququnun qorunmasına tərəfdar və Azərbaycanın milli azadlığını tarix boyu əməldə sübut etdikləri kimi böyük fədakarlıqlara hazır olduqlarını bildirirlər.
Əhər, Qaradağ əhalisi bütün İranın istiqlalı hüdudunda Azərbaycanın milli azadlığının qorunmasını tələb etməklə bərabər İranda demokratik hökumətin bərqərar olmasını siz möhtərəm nümayəndələrdən xahiş edirlər.
Hörmətlə, 52 Əhər fərmandarı.
“Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, say 190, 05.05.1946
***

AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun "İran tarixi və iqtisadiyyatı" şöbəsinin elmi işçisi Saleh Dostəliyev, yazıları elmi redaktə edən, şərhlər verən, anlaşıqlı dildə təqdim edən eyniadlı institutun Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Səməd Bayramzadə