“Anar”, “Sevgi” və “Ayıl” adlarına görə sənədsiz qalıblar Güney Azərbaycan

“Anar”, “Sevgi” və “Ayıl” adlarına görə sənədsiz qalıblar

Güneyli “Sevgi”nin valideynləri qızlarına türk adı seçdikləri üçün ona sənəd ala bilmirlər.

Sevginin atası Mehdi Qiyasi şəxsi “instagram” səhifəsində paylaşdığı yazıda “Vətəndaşlığın Qeydiyyatı İdarəsi”nin məsullarını uşaqlarına seçdikləri adı sənədləşdirməyə qane edə bilmədiklərini bildirir.

Onun sözlərinə görə, öncələr bu adla bir sıra uşaqlara idarə tərəfindən doğum haqqında şəhadətnamə verilməsinə baxmayaraq, indi idarə məsulları qondarma bəhanələrlə bundan imtina edirlər.

M.Qiyasi yazır ki, “Vətəndaşlığın Qeydiyyatı İdarəsi”nin məsulları valideynlərin uşaqlarına ad seçimək qaydalarında dəyişiklik edildiyini, bununla bağlı mərkəzdən yeni göstəriş gəldiyini bu adda sənəd verə bilməyəcəklərini iddia edirlər.

Yada salaq ki, bir neçə gün içində uşaqlara türk adının seçilməsi üçün yaranan neçənci problemdir. İki gün öncə 70 günlük “Anar”ın atası Həsən Əmirpur çaxırlı övladına türkcə ad seçdiyi üçün ona sənəd ala bilmədiyi və üzləşdiyi problemlərlə barədə “instagram” hesabında paylaşım etmişdi.

“Anar”ın atası Həsən Əmirpur İran hökumətinin anti-türk siyasətinə etiraz edərək yazıb ki, doğum haqqında şəhadətnamənin verilməməsi ailə üçün çoxlu problemlər yaradıb. Bununla yanaşı sənədsizlik Anara peyvənd vurulması və müalicə kitabçasının alınmasınada əngəl törədib.

Bundan başqa ərdəbilli sənətçi, mədəni fəal Səccad Colani də 7 aylıq qızı “Ayıl” adı seçdikləri üçün oxşar problemlərlə qarşılaşdıqları barədə xəbər vermişdir.
Səccad Colaninin Ərdəbil əyalətinin “Vətəndaşlığın Qeydiyyatı İdarəsi”nə çoxsaylı müraciətləri qarşısında idarə məsulları ona “biz mərkəzi sistemə tabeyik” cavabı vəriblər.

Körpənin anadan olandan sonra ada malik olması İranında imzaladığı “Uşaq Hüquqları Konvensiyası”nın ilkin prinsiplərindəndir. Ancaq İran hökuməti ardıcıl olaraq bu öhdəliyi yerinə yetirməkdən imtina edib və imzaladığı razılaşmaya əməl etmir.

Xatırladaq ki, bundan bir neçə ay öncə Xiyav (Meşgin) şəhərində anadan olan “Ozan” və “Varan” ekizlərinə, Tikantəpədə “Onur”a adlarının türkcə olduğu üçün sənəd verilməsi problemə çevrilmişdir.

İranın “vətəndaşlıq qeydiyyatı idarəsi”nin məsulları yalnız idarənin elektron siyahısında qeyd olunan adların sənədləşdirilməsinə icazə verirlər. Bu siyahıda isə demək olar ki türk adları yoxdur. "Türk adları"nın çoxu bu sistemdə qeydiyyata alınmır və təşkilat tərəfindən "qanunsuz" sayılır.

Gunaz.tvQuote | Gunaz article