Təbrizli nümayəndələr məsulları şəhər metrosunun 18 il sürən tamamlanmama işinə görə tənqid ediblər Güney Azərbaycan

Təbrizli nümayəndələr məsulları şəhər metrosunun 18 il sürən tamamlanmama işinə görə tənqid ediblər

Təbriz, Tufarqan (Azərşəhr) və Üskü şəhərlərinin İran Parlamentindəki üç nümayəndəsi Daxili İşlər nazirinə məktub göndəriblər. Onlar Təbriz metrosunun 18 il sürən “tamamlanma” işinin başa çatmadığı və aparılan işin yarıtmaz olduğunu qınayıblar.

Əhməd Əlirza Beygi, Seyid Məhəmməd Rza Mir Tacəddini və Ruhullah Mütəfəkkir Azad, məktubda layihənin başa çatdırılmamasının səbəblərindən biri kimi bu işə bacarıqsız və təcrübəsiz mütəxəssislərin cəlb olunduğunu gğstəriblər.

Məktubda “Təbriz metrosunun tikintisinə başlamağın üstündən 18 il keçməsinə, bunun üçün böyük həcmdə vəsaitin ayrılmasına baxmayaraq, bu günə kimi hətta bir metro xəttin tamamilə bitirilib istifadəyə verilməməsi ayrılan vəsaitlərin düzgün yönləndirilməməsi, su-i istifadə halları və qeyri-peşəkar kadrların, məsulların layihəyə cəlb olunduğunu göstərir” deyə vurğulanıb.

Millət vəkilləri “açılan bir metro xəttində yanvar ayının ilk günlərində qatarın dağılması, maşinistin yaralanması və külli məbləğdə ziyanın meydana gəlməsini” xatırladaraq, bunun” vətəndaşların məsullara və şəhər rəhbərliyinə etimadsızlıq göstərmələrinə səbəb olduğunu” bildiriblər.

Onlar eyni halda, Təbriz metro layihəsinin tamamlanmasında şəhər rəhbərliyinin fəaliyyətinə əlaqədar qurumların nəzarətsizliyini, ayrılmış vəsaitlərin itirilməsinə, layihənin tamamlanmasının gecikdirilməsinə və təhlükəsizlik-nəzarət avadanlıqlarının vaxtında quraşdırılmamasına görə bütün bəhanələrin qəbul edilməz olduğunu yazıblar.

Qeyd etmək lazımdır ki, daha əvvəl Təbriz Şəhər Şurasının üzvü Məhəmməd Bağır Beheşti hökuməti Təbriz metrosu üçün nəzərdə tutulan büdcəni təmin etmədiyinə görə tənqid etmişdi.

“Qanunvericiliyə görə, metro layihəsi üçün lazım olan vəsaitin 50 faizi dövlət tərəfindən təmin olunmalıdır, lakin hökumət 2017-ci ildən etibarən Təbrizin metro layihəsi ilə bağlı üzərinə düşən öhdəliyini yerinə yetirməkdən imtina edib,” deyə o bildirmişdi.

Gunaz.tv