“Azərbaycan”  qəzetinin səhifələrində  - 81-ci yazı Güney Azərbaycan

“Azərbaycan”  qəzetinin səhifələrində  - 81-ci yazı

Azərbaycan Demokrat Firqəsinin rəsmi orqanı olan "Azərbaycan" qəzetinin nüfuzu və təsir gücü barədə
“Azərbaycan” qəzeti redaksiyası
Qəzetin 18.04.1946-cı il tarixli 176-cı nömrəsində “Basmıncda yoluxucu qarın yatalağı xəstəliyi yayılıb və ev yoxdur ki, orda 1-2 xəstə olmasın və balaca uşaqlardan da gündə bir-iki tələf olanı vardır” xəbəri qeyd olunmuşdu. Buna görə də Səhiyyə Nazirliyinin Basmıncda müalicə ilə məşğul olan rayon həkimi cənab Mizaniyə göstəriş verildi ki, lazımi araşdırmalar aparsın. Aaparılan araşdırmalardan məlum olmuşdur ki, Basmıncda əslən qarın yatalağı xəstəliyi yoxdur. Amma kiçik uşaqların arasında göy oskürmə vardır və bununla bağlı müvafiq tibbi göstərişlər verilmişdir. Əlavə olaraq Səhiyyə Nazirliyi oranın səhiyyəsi üçün əməli bir yol nəzərə alıbdır.
Səhiyyə Nazirliyi tərəfindən doktor Pezeşki
“Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, say 188, 2 may 1946-cı il

***
Azərbaycan xalqı Milli hökumətin qəhrəman müdafiəçisidir
Həqiqi demokratiyanın irtica və faşizm ilə mübarizə edib axırda da onlara qələbə çaldığ bu son dünya müharibəsi nəticədə irtica və diktatorluq zəncirlərinin təzyiqi altında sızlayan millətlərə imkan verildi ki, onlar da qəsbkarlar və istilaçılar tərəfindən qəsb olunan öz qanuni haqlarını və azadlıqlarını alıb istədikləri və arzu etdikləri kimi azad yaşasınlar. Biz bu gün bütün Şərq və Qərb ölkələrində bütün azadlıq aşiqi olan xalqların öz azadlıqları uğrunda sarsılmaz bir iradə və qüvvətli bir iman ilə irtica qüvvələri ilə necə mübarizə apardıqlarını göstərən bir titrəyiş görürük.
Bu son dünya müharibəsi dünya millətlərinin həyatında yeni bir fəsil və bəşər tarixində yeni bir dövr açdı. Bu gün artıq müharibədən qabaqkı köhnə və çürümüş rejimlər və üsullar ilə xalqların müqəddəratını həll etmək, onların istək və ehtiyaclarını təmin etmək imkanı yoxdur.
Ona görə də Azərbaycanın ayıq və kəskin zəkalı milləti özünü köhnə və irticaçı rejimlərin zülmlərindən və təzyiqlərindən qurtarmaq üçün öz milli həyatına və yeni yaşayışına uyğun olan və onun gələcəkdə xoşbəxtliyini təmin edən bir Milli hökumət, bir xalq hökuməti yaratdı. Bu hökumət Azərbaycanlının istədiyi hökumətdir. Çünki bu hökumət tamamilə milli və demokratik əsaslar üzərində qurulduğu üçün azərbaycanlı azad yaşayıb və sonda öz milli arzularına və əməllərinə nail ola biləcəkdir.
Milli hökumətimiz xalqımızın ləyaqətini müdafiə etdiyi kimi cəsarətli xalqımız da həmişə və bütün varlığı ilə Milli hökumətimizin qəhrəman bir müdafiəçisidir.
Məhəmməd Əzmi.
“Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, say 188, 2 may 1946-cı il

***
Azərbaycan cavanlarına
Hər bir ölkənin qüdrəti, azadlığı və gələcəyinin səadəti o ölkənin cavanlarının səylərinə əsaslanar
Tarix göstərir ki, dünyada millətlərin azadlığını bərqərar etmək üçün ən böyük və görkəmli demokratik inqilablar tamamilə cavanların güclü iradəsi və yüksək səyi sayəsində əmələ gəldiyindən demək olar ki, onlar öz ölkələrində böyük siyasi bir əhəmiyyətə malikdilər. Bu nöqtələri nəzərdə tutarsaq, görərik ki, biz Azərbaycan cavanlarının indiki tarixi vəzifələri çox böyük və mühümdür.
Əgər Azərbaycanın keçmiş tarixinə bir nəzər gəzdirsək, aydın surətdə görə bilərik ki, Azərbaycanın aslan gəncləri öz milliyəti, azadlığı və ana dilini mühafizə etmək üçün heç bir vaxt canını, malını bu müqəddəs yolda əsirgəməmişlər. Vətəni müdafiə etmək, azadlığını qorumaq və ana dilinə pərəstiş etmək azərbaycanlı üçün milli bir vəzifədir. Azərbaycanlı qardaş qanı tökməyi böyük bir günah sayırsa da Azərbaycanın əleyhinə çalışanları və onun azadlığına qəsd edənləri məhv etməkdən heç bir zaman aciz olmayıb və olmayacqdır. Azərbaycanın azadlıqsevən millətinin əsrlər boyu azadlıq uğrunda apardığı mübarizələr dünya tarixinə qızıl səhifələr əlavə etmişdir.
Azərbaycan cavanları öz cəsarətli əcdadının yadigar buraxdığı o müqəddəs mirası canında nə qədər canı, damarlarında nə qədər qanı varsa, mühafizə və müdafiə edəcəkdir. Azərbaycan cavanları öz millətinin qüvvətli iradəsi və şanlı səyi ilə ələ gətirmiş olduğu Milli hökuməti daha da artıq qorumağa əzm etmişdir.
Azərbaycan cavanları tariximizi Babək, Cavanşir, Səttarxan və Bağırxan kimi şərəfli və rəşadətli adamların adı ilə zinətləndirən əcdada malikdirlər. Onun damarlarında axan qan və onun sinəsində çırpınan ürək Babək, Cavanşir və Səttar qanıdır.
Azərbaycan gəncləri Vətən kəlməsinin mənasını və məfhumunu yaxşı anlamışdır. O, yəqin etmişdir ki, onun millətinin bu diləyi müqəddəs bir haqdır. Azərbaycan gənci yəqin edibdir ki, ədalət, azadlıq və milliyyət yolunda apardığı mübarizə haqlı bir mübarizədir və bunu da anlamışdır ki, haqlı bir surətdə mübarizə edən millətlər həmişə girdikləri mübarizələrdən qalib çıxıblar.
Çünki tutduğumuz düz yol millət yoludur, haqq yoludur.
Ona görə qalibiyyətimiz həmişəlikdir.
Poladdan möhkəm sinələrini öz ana vətənlərini qorumaq üçün qiyam edən Azərbaycanın cavanları yaşasın!
R. Muxtariyan
“Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, say 188, 2 may 1946-cı il

***
Azərbaycan Milli hökumətinin maarif sahəsindəki islahat tədbirlərindən:
Savadsızlıq əleyhinə mübarizə
Təbrizdəki sinemaların (kino-teatrların – red.) işçilərinə “Fərruxi” adına məktəbdə xüsüusi bir savadlanma kursu açılmışdır. Burada 45 nəfər savadsız sinema işçisi təhsil almaqdadırlar. İşçilər bununla bağlı Maarif Nazirliyinə öz təşəkkürlərini bildirirlər.
“Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, say 187, 1 may 1946-cı il

***
Azərbaycan Milli hökumətinin maarif sahəsindəki islahat tədbirlərindən:
Qızlar gimnaziyasında pedaqoji dərslər
Təbriz qızlar gimnaziyasında pedaqoji, yəni müəllimlik kursu açılmışdır.
Hələlikdə bu kurslarda ibtidai məktəblərin birinci və ikinci siniflərinin müəllim və müəllimələri təhsil almaqdadırlar. Yaxın zamanda altıncı sinfə dərs verən bütün müəllim və müəllimələr bu sinifdə pedaqoji təhsil alacaqlar.
“Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, say 187, 1 may 1946-cı il

***
Azərbaycan Milli hökumətinin maarif sahəsindəki islahat tədbirlərindən:
Təbrizdə qadınlar və kişilər üçün savadlanmaq kursları
Təbrizin 8 nahiyyəsinin hər birisində xanımıar üçün ayrıca olaraq bir savadlanma kursu açılmışdır ki, bu yolla 8 kursda qadınlardan 151 nəfər gündə iki saat təhsil almaqdadırlar. Kişilər üçün də 14 savadlanma kursu açılmışdır.
“Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, say 187, 1 may 1946-cı il

***
Universitetdə hazırlıq kursu
09.04.1946-cı il tarixindən Təbrizdəki “Azərbaycan” universiteti nəzdində hazırlıq kursu açılmışdır. Bu kurslara oğlanlı, qızlı, qadınlı, kişili əlində 11-ci sinfi qurtarmaq haqqında təsdiq olunmuş sənədi olanlar qəbul edilmişlər. 40 nəfər qız və xanım, 100 nəfər də oğlan və kişi burada təhsil almaqdadırlar. Bu kursda təhsil müddəti altı ay olmaqla üç şöbədən ibarətdir: 1) riyaziyyat, 2) təbiət elmləri, 3) ədəbiyyat.
“Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, say 187, 1 may 1946-cı il

***
Şah gölündəki köhnə imarətin təmiri
Keçmişdə Şah gölündə olan uçub dağılmış imarət Təbriz şəhər idarəsi tərəfindən əsaslı bir surətdə təmir olunub gözəl bir imarət şəklinə salınmışdır. Bu imarətdə Şah gölünə səyahət və istirahət üçün gedən əhalidən ötrü istiraət və məşğuliyyət vasitələri hər cəhətdən təmin edilməkdədir. Şah gölündə yeni üsulda tikilən evlər. Şah gölündə Təbriz şəhər idarəsi tərəfindən yeni üsulda üç evin tikilməsi qərara alınıb tikilməyə başlamışdır. Bu evlərin üçü də iki ailəlilər üçün icarəyə veriləcəkdir. Şah gölündə istirahət evi. Təbriz şəhər idarəsi tərəfindən Şah gölündə xalqımızın istirahətindən ötrü yeni üsulda istirahət evi tikilməkdədir.
“Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, say 187, 1 may 1946-cı il
***

Milli mətbuat tariximizdən:
Homələrdə nəşr olunan qəzetlər
Firqə üzvləri bütün ictimai sahələrdə fəaliyyət etməklə bərabər hərbi təlim almaqda və çoxlu ayrı işlərdə də iştirak edirlər.Xüsusilə homələrdə (firqənin rayon komitəsi – red.) nəşr olunan divar qəzetləri artıq dərəcədə diqqəti cəlb edir və bununla firqə üzvləri mətbuat fəaliyyətində də iştirak edirlər. Bu xalqımızın siyasi inkişafı və istedadından böyük nümunədir. Homələrdə nəşr olunan qəzetlərlər aşağıdakılardan ibarətdir:
“21 Azər” (1-ci homənin orqanı),
“Qəhrəman Təbriz” (2-ci homənin orqanı),
“Möcüz” (3-cü homənin orqanı),
“Azadlıq günəşi” (4-cü homənin orqanı),
“Yeni fikir” (5-ci homənin orqanı),
“Qəhrəman Azərbyacan” (6-cı homənin orqanı),
“Azad fikir” (7-ci homənin orqanı),
“Əvvəl qədəm” (8-ci homənin orqanı),
“Gözəl məram” (9-cu homənin orqanı),
“Yüksəliş yollarında” (10-cu homənin orqanı).
“Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, say 187, 1 may 1946-cı
***
Tehranda
29 aprel 1946-cı il
Xüsusi müxbirimuizdən aldığımız məlumata görə, aprel ayının 28-də saat 11.20-də Azərbaycan nümayəndələri cənab Pişəvəri, cənab Badeqan, cənab İbrahimi, cənab Məhəmmədhüseyn xan Seyf Qazi, cənab Deyməqani öz yoldaşları ilə bərabər “Mehrabad” aeroportunda yerə enmişlər. Tehran xalqı güclü maneələrə baxmayaraq nümayəndələrimizi qarşılamaq üçün qaçaq şəkildə aeroporta tərəf sel kimi axmaqda imişlər. Jandarmalar Tehran fəhlələrinin və azadlıqsevərlərinin aeroporta gəlməsinin qabağını şiddətli bir şəkildə almaq istəmişlər. Nəticədə jandarma zabitlərinin göstərişi ilə fəhlələr tərəfə atəş açılmışdır.
Tütün fabrikinin İsmayıl adlı bir nəfər fəhləsi ölmüş və 4 nəfər yaralanmışdır.
Xalq bu qəbildən olan təzyiqlərə baxmayaraq Azərbaycan nümayəndələrini görmək istəyib onları qarşılamışlar. Tehrandakı azərbaycanlılar “Yaşasın yurdumuzun böyük nümayəndələri!” deyə nümayəndələri alqışlamışlar. Ondan sonra fəhlələr nümayəndələri əlləri üstünə götürüb həyacanlı alqışlar içərisində avtomobillərinə çatdırmışlar.
Azərbaycan nümayəndələrinin iqamət yeri hələlik Xorasan darvazasında Tehranın 10 kilometrliyində olan Cavadiyyə qəsrindədir. Bütün xalqda böyük bir həyəcan vardır. Tehranda böyük bir izdiham olacaqmış, lakin qabağı alınıbdır. Aprel ayının 29-da müzakirələr rəsmi surətdə başlanacaqdır.
“Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, say 187, 1 may 1946-cı il

***

AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun "İran tarixi və iqtisadiyyatı" şöbəsinin elmi işçisi Saleh Dostəliyev, yazıları elmi redaktə edən, şərhlər verən, anlaşıqlı dildə təqdim edən eyniadlı institutun Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Səməd Bayramzadə