“Azərbaycan”  qəzetinin səhifələrində  - 83-cü yazı Güney Azərbaycan

“Azərbaycan”  qəzetinin səhifələrində  - 83-cü yazı

Qızıl Ordunun yola salınması münasibəti ilə təntənəli yığıncaq

1946-cı ilin aprel ayının 27-də Təbrizdəki Sovet Mədəniyyət evində Sovet İttifaqı ilə mədəni əlaqə saxlayan İran cəmiyyətinin Təbriz şöbəsi tərəfindən bizimlə bərabər Kürd xalqının da hörmətli və əziz nümayəndələrinin iştirakı ilə ölkəmizdə sevimli qonağımız olan Qızıl ordunun yola salınması münasibəti ilə təntənəli bir yığıncaq təşkil olundu. İndiyə qədər istər Sovet mədəniyyət evi tərəfindən, istərsə də mədəni rabitə saxlayan cəmiyyət tərəfindən bu cür təntənəli yığıncaqlar keçirilmişdir və hamısı da xalqın sevinc və şadlığına səbəb olmuşdur. Lakin bugünkü yığıncaq zahirdə təntənəli də olsaydı, həqiqətdə isə bu yığıncağın təşkilinə nə arzu və nə də intizar var idi.
Qızıl ordunun bizim ölkəmizdə iqamət etdiyi müddətdə heç kəs onun bir nəfərindən də olsun, gül qədər inciməmişdir. Əksinə, bəlkə də xalqımız onlardan əxlaq və intizam dərsi almışdır. Qızıl ordunun nəfərlərini adi bir insan adlandırmaq olmaz. Onlara mələk deyə xitab etsək, xəta etməmiş olarıq.
İndiyə qədər ölkəmizə Sovet qoşunlarından başqa Ərəb xəlifələrinin, Monqol xanlarının, Türk sultanlarının və fars istilaçı şahlarının qoşunları daxil olmuşlar. Lakin bunları müqayisə etsək, görərik ki, Sovet qoşunlarının daxil olmasının mahiyyəti onların əksinə olmuşdur.
Onlar bir talançılıq məqsədilə daxil olub ölkəmizi viran, xalqımızı talan etməklə bərabər milli mədəniyyət abidələrimizi ortadan aparmışlar. Şah İsmayil Səfəvi dövründə Azərbaycanda olan qədim (antikvar) əşyalar indi istilaçı dövlətlərin muzeylərini zinətləndirir. Onlar ölkəmizi qəhrəman əcdadımızın fədakarlığı nəticəsində tərk edib gedəndə xalqımızın ürəyində acı xatirələr və tiryək kimi insanlığın kökünü kəsən sovqat qoyub getmişlər. Onların gəlmələri xalqımızın göz yaşlarına, getmələri isə şadlığına səbəb olmuşdur. Lakin Sovet qoşunları ölkəmizi zəhərli bir ilan kimi bəndinə çəkmiş faşizm təhlükəsindən qurtarmaq üçün gəlmişdilər.
Əgər Sovet qoşunlarının polad sinələri olmasaydı, biz də Fransa, Polşa, Yunanıstan, Yugoslaviya xalqları kimi aclıq və fəlakət içərisində pişik ətinə qənaət edrədik.
Heç unutmaq olmaz ki, müharibənin şiddətli mərhələlərində Sovet xalqları qənaətli dolandıqları bir zamanda bizim çörək, qənd, çit və bu kimi başqa həyati şeylərə olan ehtiyaclarımızı təmin etmişlər. Bu 5 il müddətində Sovet qoşunları və Sovet xalqları tərəfindən bizə göstərilən yaxşılıqları rəqəmlərlə hesaba almaq olmaz. Azərbaycan xalqı çörək itirən bir xalq olmadığına görə Sovet adamlarının yaxşılıq və mehribançılıqlarını heç vaxt unutmayacaqdır. Artıq biz Sovet xalqlarının insanpərvər və alicənablığına iman gətirmişik. Biz nəinki özümüz, hətta dünya durduqca gələcək nəsillərimiz belə Sovet adamlarına minnətdar olacaqlar. İndi Sovet qoşunları da ölkəmizi tərk edirlər. Getmələri ilə bizə xoşbəxt həyatın möhkəm binasını qoyub gedirlər. Tiryək əvəzinə radio stansiyası, sinema, xəstəxana, məktəb, mədəniyyət evi və bu kimi insani, işıqlı günə hidayət edən elm və mədəniyyət ocaqları və qəlbimizdə baldan şirin xatirələr qoyub gedirlər. Sovet qoşunları xalqın sevinc və şadlığı ilə gəlib hamının göz yaşları, qüssələri və qəmləri ilə gedirlər.
İndi biz özümüzü xoşbəxt esab edirik ki, bizim əziz qonaqlarımız müharibədən fateh çıxdıqlarına görə bizdən şad və xürrəm bir halda ayrılıb xalqımız tərəfindən gül dəstələri ilə yola salınırlar. Qızıl Ordunun məhəbbəti bizim qəlbimizdən silinməzdir. Yaşasın məzlum xalqların ümidi olan rəşadətli Qızıl ordu!
Həmid Nikpur.

"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 186, 30.04.1946

***

Böyük hərəkət

1946-cı ilin aprel ayının 28-də sübh saat 4.30 sıralarında Təbzin Səttarxan xiybanında böyük bir hərəkət müşadidə olunmaqda idi. Bu hərəkət axşam Təbriz radiosunda Qəvvamüssəltənə hökumətinin dəvəti əsasında nümayəndə heyətimizin Tehrana səfərini eşidən fabrik-zavod fəhlələri, firqə üzvləri, şəhərin müxtəlif təbəqələri və xalq qoşunlarından ibarət idi.
Nazirlər Kabinetinin binasından təyyarə meydanına kimi, yəni ən azı 8 kilometrlik yolun hər iki tərəfində xalq qoşunlarının vahidləri düzülüb səbirsizliklə sevgili hökumət başçılarından ibarət Tehrana gedən nümayəndələrin yolunu gözləyirdilər. Təbriz əhalisi, xüsusən bazar əsnafları (tacirləri – red.) axşamdan əyləşdikləri döşəkçələrilə təyyarə meydanına tərəf hərəkət edirdilər. Saat 6.45 dəqiqədə Baş nazir cənab Pişəvəri Nazirlər Kabinetinin binasına daxil olanda oradakı müsiqi dəstəsi cənab Pişəvərinin gəlişini gözəl bir marş çalmaqla qarşıladı. Bu vaxt sair nazirlər də Nazirlər Kabineti salonunda cənab Pişəvərini gözləyirdilər. Cənab Pişəvəri yarım saata qədər lazımi göstəriş verəndən sonra nazirlər və şəhərin hörmətli şəxsləri ilə birlikdə Milli Məclisə təşrif apardılar. Orada Azərbaycan Milli Məclisin rəisi cənab Şəbüstəri, Məclisin sair nümayəndələri Tehrana gedən nümayəndə heyəti ilə görüşdülər. Səfərə gedən heyət Məclisdən çıxıb təyyarə meydanına doğru hərəkət etdiyi zaman cənab Şəbüstəri əmr etdi, Quran gətirdilər və onları Qurani-Məcidin altından keçirdilər. Nümayəndə heyəti getdikcə sıraları artan müşayiət edənlərin, əlavə olaraq onlara qoşulan 30 süvarinin, içəriləri fəhlələrlə dolu olan hesaba gəlməz yük maşınlarının, Səttərxan xiyabanından Münsəcim körpüsünə kimi olan yolun hər iki tərəfində səf bağlayan camaatın arasından keçib təyyarə meydanına getdilər. Təyyarə meydanında cürbəcür şüarlarla oraya toplaşan camaatın sayı 20 mindən artıq idi. Əksəriyyətin əlində gül dəstələri olduğundan nümayəndə heyətinin maşınları keçdikdə onları gülə bürüdülər.
Hörmətli Baş nazir və nümayəndələr təyyarə meydanında maşınlardan endikdən sonra onlardan çoxlu sayda filmlər və əkslər götürüldü. Bu zaman Kürdüstan Demokrat Firqəsinin sədri və kürd millətinin hörmətli rəhbəri cənab Məhəmməd Qazi təşrif gətirdilər. Əhali tərəfindən cənab Pişəvəri və cənab Qazi Məhəmmədə arasıkəsilmədən gül dəstələri təqdim olunurdu.
Sonra cənab Şəbüstəri, cənab Pişəvəri və cənab Məhəmməd Qazi çıxış edib böyük coşqu ilə nitqlər söylədilər. Onların nitqləri xalqın gurultulu alqışları ilə qarşılandı. Saat 10 sıralarında hörmətli nümayəndələr təyyarəyə minib fəzanı dolduran ura səsləri və əl işarələri ilə Tehrana tərəf yola düşdülər.

Ə. Pənahi
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 186, 30.04.1946

***
19 və 20-ci əsrlərdə Təbrizdə ədəbiyyat
10-cu hissə

20-ci əsrdə incəsənətin başqa sahələrində də intibah nəzərə çarpır ki, bu sırada biz rəssamların da qızğın fəaliyyətini görürük. Bu dövr Təbriz rəssamları sırasında Mir Qafar Nəqqaş, Məhəmməd Bağır Nəqqaş, Ustad Rəsul, Ustad Bağır, Hacı Ağa, Uzun Həsən kimi görkəmli adamlar var idi.
Ana dilində dərs kitablarının yaranması sahəsində Hacı Mirzə Həsən Rüşdiyə (1850-1934) xüsusi fəaliyyət göstərir. Onun “Vətən dili” adlı kitabı böyük tarixi qiymətə malikdir. Müəllif bu kitabda maraqlı Azərbaycan məsəllərindən, kiçik hekayələrdən, ədəbi parçalardan istifadə etmişdir. Bu kitabda “Özgəyə quyu qazan özü düşər”, “Bu günün işini sabaha qoyma” kimi Azərbaycan zərbül-məsəlləri vardır. Bunların təsiri altında müəllif öz dövrünə uyğun məsəllər də düzəltmişdir. Məsələn, “xain heç zaman artmaz”, “dərs oxuyan dərsdən doymaz” və sairə.
Azərbaycanda aparılan mürtəce siyasət milli ədəbiyyatın, ana dilində yazılmış əsərlərin inkişafına yol vermirdi. Fəqət buna baxmayaraq şair və ədiblər öz fəaliyyətlərini dayandırmırdılar. Ağır ictimai şəraitə müqavimət göstərən qüdrətli şairlər yetişirdi. Bu kimi mübariz şairlər içərisində Mirzə Əli Möcüz Şəbüstəri (1873-1934) xüsusi yer tuturdu. 20-ci əsrdə Təbrizdə yaşayan digər mübariz şairlər kimi ona da Azərbaycanın xalq şairi Mirzə Ələkbər Sabirin əsərləri ilham və qüdrət veiridi. Möcüz irticanın maneələrinə baxmayaraq “mən gərək xalqı Sabir kimi ayıldam”, deyə mübarizəyə girişmişdi. O, deyirdi: “Azərbaycanlıların çoxu farsca şeirlərdən bir mənfəət ala bilməyəcəklər. Məqsədim o idi ki, arvad və kişilər mənim yazılarımı oxuyub başa düşsünlər, odur ki, yazdım, özüm də ana dilində yazdım.”
Möcüz millətin xoşbəxtliyini ana dilində təhsildə görüb və deyirdi:

O zaman xalq şadman olacaq
Ki, vətən madərzəban olacaq.

Şair vətənin mütləqiyyət üsuli-idaərəsində əsrlərdən bəri yaşadığına etiraz edərək cümhuriyyət üsuli-idarəsinə tərəf çıxır və yazırdı:

Saqiya, bir badə ver əbnayi-cumhuriyyətə
Təşnədir əhli-vətən səhbayi-cumhuriyyətə.

Öz xalqının azadlığı və xoşbəxtliyi, qadınların hüquq qazanmaları, savadlanmaları, köhnə həyatın dağılması, zülm və istismarın aradan götürülməsi uğrunda şeirlər yazan və bu sahədə yorulmaq bilməyən şair xalqın dillər əzbəri olmuşdur. Öz əsərlərilə bir tərəfədən köhnə şeir yolunu davam etdirərək qəzəllər yazan, digər tərəfdən Sabirlə başlayan təzə şeir yoluna qədəm qoyan Möcüz Cənubu Azərbaycanın Sabiri kimi şərəfli bir ad qazanmışdı. Son zamanlara qədər elmi surətdə təhlil edilməyən Möcüz yaradıcılığını yaxından öyrənmək işində keçən il Sovet İttifaqı ilə mədəni əlaqə saxlayan İran cəmiyyətinin Təbriz şöbəsi nəşriyyatı tərəfindən buraxılan Möcüz kitabı böyük kömək edəcəkdir.
***
Bir silsilə təşkil edən “Monqol istilasına qədər Azərbaycan ədəbiyyatı”, “15-16-cı əsrlərdə Təbirzdə ədəbiyyat” (“Şəfəq” dərgisində çap olunmuşdur), “17-18-ci əsrlərdə Təbrizdə ədəbiyyat” və nəhayət “19-20-ci əsrlərdə Təbrizdə ədəbiyyat” məqalələrimizdə biz təxminən min illik bir ədəbiyyat haqqında ancaq yığcam xülasələr verdik. Əlimizdə olan “Azərbaycan ədəbiyyatı tarixi”, “Riyazül aşiqin”, təskirələr, divanlar, dərgilər, qəzetlər və əlyazmalarından istifadə edərək yazdığımız bu məqalələr ancaq böyük və zəngin bir ədəbiyyat haqqında ümumi təsəvvür yarada bilər.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 185, 29.04.1946

***
AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun "İran tarixi və iqtisadiyyatı" şöbəsinin elmi işçisi Saleh Dostəliyev, yazıları elmi redaktə edən, şərhlər verən, anlaşıqlı dildə təqdim edən eyniadlı institutun Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Səməd Bayramzadə