“Azərbaycan”  qəzetinin səhifələrində  - 84-cü yazı Güney Azərbaycan

“Azərbaycan”  qəzetinin səhifələrində  - 84-cü yazı

Borçalı: "Qızıl orduya ithaf"

Yenə təbim gəlib cövlanə, əşarın rəvan etmiş
Yazıb bu şanlı cəşnə ithafən ərməğan etmiş.
Bu gün bu şən yığıncaqda təməddün xanəsi xalqın
Böyük bir xatirə üzrə çağırmış mehman etmiş.
***
Qızıl ordu bu günlərdə bizim toprağı tərk eylir
Odur hicran qəmi minlər mənim tək bağrı qan etmiş.
Gəlib qəmdən könül cuşə nəhayət iztirab eylir
Eşitcək kim səfər qəsdin, o, yari-mehriban etmiş.
***
Cahanda dərd qərqindən ağır heç bir əzab olmaz
Əzəldən aşiqə qismət fəraqi-asiman etmiş.
Qızıl ordu fəraqı dostlara artıqdı təsiri
Təmamən kütləni bu qəm, bu qüssə natəvan etmiş.
***
Və likən qəhrəman ordu bu xalqa etdiyi xidmət
Bizi dünya boyu ta var, rəhini-dastan etmiş.
Qızıl ordu bizim yurdu müzəyyən etdiyi gündən
Bu xalqa hüsni-rəftarın günü -gündən əyan etmiş.
***
Eli azad edib qəmdən, qurtarmış bəndi-zillətdən
Ədalət şəhirin çəkmiş baş üstə, sayeban etmiş.
Təməddün nurunu yaymış bütün hər bir yana gün tək
Şüayi-elm ilən abad edib, reşki-cahan etmiş.
***
Adı dildən düşən şeiri, qocalmış sənətü rəsmi
Dübarə şən həyat vermiş, yenə bir də cəvan etmiş.
Beş il ərzində yüz illər dalı qalmış bir insanı
Təməddünlü bir insanla yetirmiş, həmənan etmiş.
***
Əgər cismən gedərsə, xalq unutmazlar onu əslən
Adı əz bəs məhəbbətlə ürəklərdə məkan etmiş.
Əziz qardaş kimi saldıq yola, alqışlar hər yandan
"Səni Allaha tapşırdım" deyə virdi-zəban etmiş.
***
Salam ərz eyləyin bizdən əziz Stalinə siz də
Deyin, azərli hörmətlə bizi ordan rəvan etmiş
Səpər gül Borçalı, eylər yola həsrətlə nəzzarə
Qoşub məhbubuna qəlbin rəfiqi-karvan etmiş.

"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 186, 30.04.1946

***
Firidun Bazərqan: “Radiomuz və onun faydaları”

Bugünkü dünyada xalqların həyatında radio əhəmiyyətli bir yer tutur. Onun təbliğatda, xalqın məlumat səviyyəsini yuxarı aparmaqda böyük bir təsiri var. Radio xalqın məlumat səviyyəsini artırmaq üçün ən yaxşı bir vasitədir. Xalqın dili ilə müxtəlif mövzularda danışır, xalq onlardan böyük faydalar aparır. Radionun musiqisi daha mühümdür. Bir millət gərək həmişə şad yaşasın.
Dünyada, həyat meydanında olan bütün zəhmətlərə və yorğunluqlara şadlıq yaratmaq vasitəsilə qələbə çalınmalıdır. Radio vasitəsi ilə xalq müxtəlif xəstəliklər barəsində həkim məsləhətlərini alır və bununla öz sağlamlığının diqqətlə qayğısına qalır. Habelə daha ayrı mövzularda məlumat əldə edirlər. Müharibə zamanında düşmənin ruhunu zəiflətməkdə və təbliğatda da radionun görkəmli rolu vardır. Radio xalqı hər səhər gimnastika etməyə və sağlam qalmağa təşviq edər. Bunlardan əlavə və daha əhəmiyyətlisi odur ki, radio bir millətin səsidir.
Yalnız onun vasitəsi ilədir ki, bir xalq öz arzularını və öz vəziyyətini dünyalara bildirər. Nitqlər, qəzetlər vasitəsilə bu məqsəd çox uzun bir müddət içərisində yerinə yetər və bu iş böyük bir vaxt istər. Halbuki, radio həmin sözləri bir az zamanda bütün dünyaya elan edər. İrtica partiyaları həmişə çalışarlar ki, bir xalqın məqsədini əksinə olaraq dünyada əks etdirsinlər. Lakin, əgər o xalqın radiosu və başqa sürətli təbliğat vasitələri varrsa, onlar öz məramlarını olduğu kimi və həqiqi simasında dünyaya tanıtdırırlar. Lenin demişdir: “Radio milyonlarla dinləyicisi olan, kağız və məsafə nə olduğunu bilməyən bir qəzetdir”.
Misal olaraq İndoneziya xalqının hərəkatında onların radio ilə bütün dünyaya məqsədlərini tanıtdırmalarını deyə bilərik. İndi bu bizim üçün bir xoşbəxtlikdir ki, radiomuz işə başlayıb və Milli hökumətimizin diqqəti sayəsində bu tezlikdə təkmil və ali bir halda müxtəlif verilişlərə başlayacaqdır. Biz ümid bəsləyirik ki, radiomuz xalqımızın məqsədlərini bütün dünyaya uca səslə elan etsin və bizim əleyhimizə olan yabançı və irticaçı birlikləri və təbliğatları zərərsizləşdirsin və onların bizim ziyanımıza olan təsirini aradan aparsın.
Radiomuzun səsi xalqımızın, ana yurdumuzun ürəyindən gələn səsdir. Bu səs fəzanı yararaq dalğa-dalğa çöllərdən, dağlardan, məsafələrdən bütün dünyaya yayılır. Hamı Azərbaycanın hərəkatından, onun mədəniyyət və tərəqqiyə tərəf gedişindən xəbərdar olur. Radiomuz dünyaya yetirir və yenə də yetirəcəkdir ki, Azərbaycan artıq öz azadlığını ələ keçirmişdir və habelə bu azadlığı müdafiə edəcəkdir. Azərbaycan öz səadəti uğrunda övladlarını yüksək mədəniyyətə çatdırmaqda yorulmadan çalışır və çalışacaqdır.
Gələcəkdə ümid edirik, radiomuz daha da mükəmməl surətdə öz verilişlərinə davam etsin, bu qüvvətli və sürətli vasitələrdən bütün xalqımız, kəndlilər və fəhlələr mövcud vasitələrlə faydalansınlar.

"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 185, 29.04.1946

***
Azərbaycanda sinema sənəti

Sovet Azərbyacanında sinema (kino – red.) sənətinin təməli inqilabdan əvvəl məşhur Azərbaycan aktyoru Hüseyn Ərəblinski tərəfindən qoyulmuşdursa da bu sahədə ciddi və mühüm işlər 1920-ci ildən sonra başlanmışdır. Azərbaycanda inqilabın ilk günlərindən sinema işləri, film yaratmaq məsələsi dövləti bir məsələ olaraq qoyulmuşdur. Film yaratmaq ağır və uzun sürən bir zəhmət, böyük fədakarlıq, məhrumiyyət və əziyyətlərə dözmək tələb edirdi ki, yeni təşkil olunmuş sinema studiyasının işçiləri bütün ciddiyət və əzmkarlıqla bu yolda çalışmağa başladılar.
Bir neçə il müddətində “Qız qalası”, “26-lar”, “Lətif”, “Almaz”, “Hacı Qara” kimi səssiz filmlər yarandı. Lakin böyük dilsiz adlandırılan sinema bu lallıq zəncirinə bağlı qala biməzdi. Ona baxan, onu sevən milyonlarla insanlar bu sənətin yeni xarüqələrini gözləyir, ondan yeni hədiyyələr istəyirdilər. Çox çəkmədən böyük dilsiz danışmağa, oxumağa başladı. Cansız sinema pərdəsi cana gəldi. İnsanlar dilləndi, quşlar oxudu, şəlalələr səsləndi. İnsanlar sinemalara axın-axın getməyə başladı.
Yeni sənətin bu yeni vasitələri Azərbaycan kinematoqrafiyasında həqiqi bir inqilab yaratdı. Dövlət tərəfindən milyonlarla pul ayrıldı, səsli filmlər çəkilməsinə başlandı. Bu dövrədə “Bakılılar”, “Yeni neft qatları”, “Kəndlilər”, “Səbuhi” adlı filmlər çəkildi. Azərbaycan sinema sənəti Səməd Mərdanov, Mikayıl Mikayılov, Rza Təhmasib, Ağarza Quliyev kimi qüdrətli rejissorlar, İsmayılov, Dadaşov, Atakişiyev kimi istedadlı operatorlar, Mirzağa Əliyev, Rza Əfqani, Sənani, Mərziyə xanım, Əli Qurbanov, Əzizə xanım kimi məşhur aktyorlarla zənginləşdi.
Azərbaycan sinema sənətinin böyük Vətən müharibəsi illərindəki müvəffəqiyyəti son dərəcə mühümdür. 1944-cü ildə Bakı sinema studiyası “9 nömrəli sualtı qayıq” filmini çəkdi. Bu film az bir zamanda Sovet İttifaqının hər tərəfində böyük şöhrət qazandı. “9 nömrəli sualtı qayıq” filmi Bakı sinema studiyasının işində təsadüfi bir hadisə deyildir. Bunu, iki il sonra istehsalı qurtaran “Arşın mal alan” filmi göstərdi. “Arşın mal alan“ filmi yalnız Azərbaycan sinema sənətində deyil, bütün Sovet İttifaqının sinema sənəti sahəsində diqqətəlayiq bir hadisə oldu.
Bu film böyük sovet ölkəsinin yüzlərlə, minlərlə şəhər və kəndində nümayiş etdirildi. 3-4 ay müddətində on milyondan artıq tamaşaçı bu filmə baxmışdı. “Arşın mal alan” filmi xarici ölkələrdə də böyük müvəffəqiyyətlə nümayiş etdirilir. Bakı sinema studiyası yalnız bədii filmlər çəkməklə kifayətlənməyib hər ay üç sinema məcmuəsi (kino jurnal – red.) buraxır ki, bu məcmuələrdə Cümhuriyyətimizin müxtəlif təsərrüfat, mədəniyyət sahələri, bu sahələrdə çalışan insanlar əks olunurlar.
1946-cı ildə Bakı sinema studiyası Azərbaycanın gözəl mənzərələrini əks etdirən rəngli bir oçerk buraxacaqdır. 1947-ci ilin əvvələrində isə böyük rəngli səsli bir filmin çəkilməsinə başlanılacaqdır. Hazırda Azərbaycan sinema işçiləri böyük bir əzm və qətiyyətlə Azərbaycanın böyük sərkərdələrindən olan Fətəli xan haqqında bədii film çəkməklə məşğuldurlar. Filmin rejissoru Cümhuriyyətin xalq artisti Adil İsgəndərovdur. Bu böyük tarixi filmdən başqa Bakı sinema studiyası bir də müasir həyatdan götürülmüş bir komediya çəkir. “Qızıl üzük” adlanan bu filmi baş rejissor Mikayılov, rejissor Seyidbəyli və Quliyev çəkirlər.
Azərbaycan sinema sənətinin daha geniş inkişaf etməsi üçün dövlət tərəfindən bir sıra mühüm tədbirlər görülmüşdür. Bu gün Bakı sinema studiyası Sovet İttifaqında texnika və cihazlarla təchiz olunmuş ən gözəl studiyalardan biridir. Buna baxmayaraq daha da artıq film yaratmaq, xüsusilə bir neçə ildən sonra ancaq rəngli filmlər buraxa bilmək üçün Bakının yaxınlığında yeni bir film studiyası tikilməyə başlamışdır. Bu studiyanın tikilişinə dövlət 15 milyon manat ayırmışdır. Bakı sinema studiyası bu yeni binada ilk zamanlarda hər il 5-6 böyük bədii film və 50-60-a qədər sinema məcmuəsi buraxacaqdır. Bundan başqa həmin studiyada hər il 30-40 film başqa dillərdən Azərbaycan dilinə tərcümə edilib buraxılacaqdır. Bu miqdar get-gedə daha da artacaqdır.

"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 185, 29.04.1946

***
El aşiqiyəm!

Mən öz vətənimdən ilham almışam.
Azad ölkə, azad el aşiqiyəm
Möhkəm iradəli təmiz ürəkli
Həqiqət adlanan yol aşiqiyəm.
***
Səadətin çırağını yandıran
Azadlıq bayrağını dalğalandıran
Fərhad kimi dağlar çapıb endirən
Yorulmayan polad qol aşiqiyəm.
***
Həmişə dünyada gün kimi qalan
Nurunu qaranlıq zülmətə salan
Qılıncın düşmənin qəlbinə çalan
Şir kimi pəncəli el aşiqiyəm.
***
Ədalət binasın ədl ilə quran
Zülm, əsarətin zəncirin qıran
Yadların önündə mərdanə duran
Əyilmyən möhkəm bel aşiqiyəm.
***
Var olsun Vətənim, ellər anası
Böyük azadlığın möhkəm binası
Bəşər taleyinin parlaq aynası
Günəşli, ulduzlu il aşiqiyəm.
***
Təbim var bulaq tək qaynayıb coşan
Cavan Hüseynəm, azad elə söz qoşan
Həqiqətdən söhbət açan, danışan
Baldan şirin ana dil aşiqiyəm.

Təbriz, Aşıq Hüseyn Cavan

"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 185, 29.04.1946

***
AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun "İran tarixi və iqtisadiyyatı" şöbəsinin elmi işçisi Saleh Dostəliyev, yazıları elmi redaktə edən, şərhlər verən, anlaşıqlı dildə təqdim edən eyniadlı institutun Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Səməd Bayramzadə