Qərbi Azərbaycanda təhsil problemi: Məktəblilərin əksəriyyəti onlayn dərsə girə bilmir Güney Azərbaycan

Qərbi Azərbaycanda təhsil problemi: Məktəblilərin əksəriyyəti onlayn dərsə girə bilmir

Qərbi Azərbaycan əyalətində kəndlərin əksəriyyətində koronavirus pandemiyası şəraitində məktəblilər təhsilini davam etdirə bilmir.

Buna səbəb onların internetə çıxış imkanının olmamasıdır.
Qərbi Azərbaycan əyalətinin Rabitə və İnformasiya Texnologiyaları Qurumunun Baş direktoru Qasım Cəlilinəjad əyalət kəndlərində internetə çıxış imkanlarının asanlaşdırılması layihəsini həyata keçirəcəklərini deyib.

“İRNA” xəbər agentliyinə verdiyi açıqlamada Q.Cəlilnejad layihə həyata keçirilərsə əyalət səviyyəsində 1413 kəndin internet və sürətli internətə çıxışının mümkün olacağını bildirib.

O, bu layihənin əhalisinin 20 evdən çox olan kəndlərdə icra ediləcəyini qeyd edib.

2016-cı ilin statistikasına görə, Qərbi Azərbaycan əyalətində 3728 kənd var.

Rabitə və İnformasiya Texnologiyaları Qurumun Baş direktorunun böyük uğur kimi təqdim etdiyi layihə də problemi həll etmir. Çünki 1413 kəndin internetə çıxışı tam təmin olunduqdan sonra belə 2315 kəndin bu imkanı olmayacaq.

Hazırda pandemiya səbəbilə təhsilin onlayn keçirildiyi bir vaxtda Qərbi Azərbaycan əyalətinin kənd məktəblilərinin əksəriyyəti bu imkandan məhrumdur.

Qeyd edək ki, bundan öncə də təhsil idarəsi və başqa əlaqədar məsulları dəfələrlə əyalətdə təhsil bərbad durumda olması, məktəb və müəllim çatışmazlığı ilə bağlı açıqlama veriblər.

Qərbi Azərbaycan Təhsil İdarəsinin Baş direktoru Məhin Mənafi martın 9-da Qərbi Azərbaycan Təhsil Baş İdarəsinin Müavinlər Şurasının toplantısında əyalətdə təhsil sahəsində problemlərdən danışıb, 8400 yeni kadrın cəlb olunmasına ehtiyac olduğunu bildirib.

Bununla yanaşı əyalətin bir çox bölgələrində hökumət məktəblərin tikintisinə vəasait ayırmadığı üçün, məktəblilər kaneks(konteyner) məktəblərdə təhsil almaq məcburiyyətindədirlər.

Rəsmi qurumlar tərəfindən təsdiq edilən məlumata görə hazırda Qərbi Azərbaycan əyalətində 419 kaneks (konteyner) məktəb fəaliyyət göstərir.

Rəsmi statistikaya görə Qərbi Azərbaycan əyalətində 37 min təhsil işçisi, 625 min məktəbli və 25 min sinif mövcuddur. Qərbi Azərbaycan Təhsil baş İdarəsi və başqa əlaqədar qurumlar əyalətdə ən azı 10 min yeni təhsil işçısı və 5 min dərs otağına ehtiyac olduğunu bildirirlər.

Son illərdə Azərbaycan əyalətlərində təhsil ocaqlarının əsas problemi bölgədə xeyriyyəçilik ənənəsini yaşadan azərbaycanlılar tərəfindən həll edilir.

Yerli məsullar dəfələrlə açıqlama verərək təhsil sahəsində dövlət tərəfindən hər hansı büdcə vəsaitinin ayrılmayacağına işarə ediblər.

Gunaz.tv