İran hökuməti türk əyalətində kürd dilində hekayə festivalı keçirir Güney Azərbaycan

İran hökuməti türk əyalətində kürd dilində hekayə festivalı keçirir

İran hökumətinin Qərbi Azərbaycanı kürd bölgəsi kimi tanıtdırma cəhdləri davam edir.

Rejim indi də türk əyalətində kürd dilində hekayə festivalı keçirir.

Soyuqbulaq (Mahabad) mahalının Mədəniyyət və İslami Maarif Təşkilatının sədri festivalın may ayının 21-ə kimi davam edəcəyini deyib.

Siyamənd Cavanbəxt bunun 4-cü festival olduğunu bildirərək, ölkənin bütün bölgələrindən bu festivala kürd dilinin hər hansısa şivəsində hekayə göndərilməsini xahiş edib.

Cavanbəxt tədbirin kürd dilli “Hajə” xəbər agentliyi və mədəniyyət dərnəyi və Qərbi Azərbaycan əyalətinin Mədəniyyət və İslami Maarif Təşkilatının dəstəyi ilə keçirildiyini bildirib.

Son illər Qərbi Azərbaycan əyalətində kürd dilli tədbirlərin keçirilməsi və “mədəni” mərkəzlərin təsisi çoxalıb.

Urmu şəhərində fəaliyyət göstərən və qurucularının kürd silahlı təşkilatlarına yaxınlığı deyilən “Dilan” kürd mədəniyyət və rəqs dərnəyi hökumətin təqdimatı əsasında beynəlxalq festivallarda Qərbi Azərbaycan əyalətinin təmsilçisi kimi çıxış edir.

Müxtəlif film və seriallarda Qərbi Azərbaycan əyalətinin bir çox bölgələri kürd torpaqları kimi qələmə verilir.

Nümunə olaraq İran Televiziyasının 1-ci kanalında yayınlanan “Nun X” serialının son bölümünün final klipi Urmu gölünün kənarında yerləşən “Kazımxan Daşı” qalasının qarşısında, kürd dilində və kürd rəqsi ilə icra edilir.

Serialda Urmu gölü, Tikantəpə, Təxti-Süleyman tarixi abidəsi, Çəmli göl və digər türk yurdları Kürdüstan torpağı kimi qələmə verilmiş, görüntülər kürd musiqisi və mahnısı ilə müşayiət olunmuşdu.

Bundan öncə də müxtəlif veriliş, film, serial və ölkə rəsmilərinin çıxışlarında Qərbi Azərbaycan torpaqları Kürdüstan kimi təqdim edilib.

Bir müddət öncə İran prezidenti Həsən Ruhani Qərbi Azərbaycan əyalətinə səfəri zamanı bölgəni “Urmiyə əyaləti” adlandırmışdı.

Bununla yanaşı Qərbi Azərbaycan əyalətinin kürd dilli qubernatoru Məhəmməd Mehdi Şəhriyari 2017-ci ilin oktyabr ayından qubernator təyin olunduqdan və vəzifəsinin icrasına başladığı ilk gündən türk məsulların işdən uzaqlaşdırılması, qubernatorluq, bələdiyyə və şəhər şuralarında mühacir qeyri-türklərin yerləşdirilməsi yönündə ciddi addımlar atıb.

Urmu şəhərinin keçmiş bələdiyyə başçısı Məhəmməd Həzrətpur bu məsələdə onun qarşısında əsas maneələrdən biri sayılırdı. Bu iki məsul arasında olan ixtilaflar barədə mətbuatda dəfələrlə xəbərlər yayınlanmışdı.

Yanvarın 11-də Məhəmməd Həzrətpurun saxlanılması və vəzifədən uzaqlaşdırılmasından sonra qubernator Məhəmməd Mehdi Şəhriyarinin mühacir qeyri-türklərin məsul vəzifələrə təyin olunması istiqamətindəki fəaliyyəti daha da genişlənib.

Gunaz.tv