"Sepah" Güney Azərbaycanda kampaniyaya başladı: Dini liderin yaxın çevrəsi seçici fəallığını artırmaq istəyir Güney Azərbaycan

"Sepah" Güney Azərbaycanda kampaniyaya başladı: Dini liderin yaxın çevrəsi seçici fəallığını artırmaq istəyir

"Sepah" Güney Azərbaycanda seçici fəallığını artırmaq üçün kampaniyaya başlayıb. Bu barədə "Amerikanın Səsi" xəbər yayıb.

Məlumata görə, İranın ali ruhani lideri Seyid Əli Xamneyiyə yaxın qüvvələr bu yolla iyun ayında keçiriləcək prezident seçkilərində Güney Azərbaycanda seçici fəallığını artırmaq istəyirlər.

İslam İnqilabı Keşikçiləri Qvardiyası ("Sepah") və onun könüllü “Bəsic” qüvvələri "Twitter" və "Instragm"da türk və fars dillərində paylaşdıqları #Azərbaycan_Dayaqdır və #Təbriz_Öndədir kimi həştəqlər ilə səsverməyə qatılaraq İslam İnqilabına bağlılıqlarını nümayiş etdirəcəklərini bildiriblər.

“Azərbaycan_Dayaqdır” həştəqini paylaşan istifadəçilər Güney Azərbaycanda hökumətyönlü qüvvələrin təşkil etdiyi mitinqlərdə səsləndirilən “Azərbaycan oyaqdır, inqilaba dayaqdır” şüarına işarə edirlər.

#Azərbaycan_Dayaqdır haştaqını paylaşan Təbrizin mühafizəkar millət vəkili Ruhullah Mütəfəkkir Azad yazıb: "Qəhrəman Azərbaycan inqilabın bütün kritik dönəmlərində əsas və aparıcı rol oynadığı kimi inqilabın bu mərhəsində də yüksək əhval-ruhiyyə ilə seçkilərə qatılaraq namizədlərin ən yaxşısını seçəcək".

Kampaniyaya qatılan istifadəçilər arasında Mütəfəkkir Azad kimi həqiqi şəxslər olsa da, yüzlərlə saxta hesab və trollar da görünür.

Bu hesabların bir çoxunda “Türk qızı” və “Anam Azərbaycan” kimi türk fəalların istifadə etdiyi adlara oxşar istifadəçi adları seçilib.

Qeyd edək ki, İranda ancaq ali ruhani liderə bağlılıqlarını sübut etmiş siyasətçilər prezident seçkilərinə namizəd ola bilir.

İslam Respublikasının ideyaları və ali dini liderə bağlı olduğuna şübhə ilə baxılan namizədlər Nigəhban Şurası (Konstitusiyanı Qoruma Şurası) tərəfindən diskvalifikasiya edilir. Bu durum İranın müxtəlif bölgələrində seçici aktivliyinin aşağı səviyyəyə düşməsinə yol açır.

Güney Azərbaycanda keçirilən məclis seçkilərində bəzi namizədlərin türk dilində təhsil məsələsini gündəmə gətirməsi seçici fəallığının artmasına səbəb ola bilir. Ancaq keçmiş illərdə türklər və digər qeyri-fars millətlərin yaşadığı bölgələrdə prezident seçkilərində iştirak səviyyəsi olduqca aşağı olub.

Qeyd edək ki, S.Ə.Xamneyinin “böyük uğur” adlandırdığı İranın son parlament seçkilərində seçici fəallığı 42.57 faiz olmuşdu. Bu da İran İslam Respublikası tarixində ən aşağı göstərici idi.

Prezident seçkilərində daha az iştirak gözlənildiyi üçün vətəndaşları seçkiyə cəlb etmək üçün müxtəlif siyasi manevrlər edilir.

Güney Azərbaycanda və İran siyasətində nüfuzlu şəxslərdən sayılan Məsud Pezeşkiyanın namizədliyini irəli sürməsi ölkə seçicilərinin, özəlliklə də ötən prezident seçkilərinə əhəmiyyət verməyən azərbaycanlıların aktivliyini artırmaq üçün atılan addımlardan biridir.

Gunaz.tv