“Qalatasaray”dan “Traxtur” paylaşımı: "Qardaş kluba uğurlar diləyirik" Güney Azərbaycan

“Qalatasaray”dan “Traxtur” paylaşımı: "Qardaş kluba uğurlar diləyirik"

Türkiyənin "Qalatasaray" futbol klubu azarkeşlərinin rəsmi səhifəsi Güney Azərbaycanın "Traxtur" komandasını Asiya Çempionlar Liqasının növbəti mərhələsinə çıxması münasibətilə təbrik edib.

"Qardaş "Traxtur" klub"unu AFC Çempionlar Liqasında uduzmadan növbəti oyunlar üçün ilk 16 komanda arasına yüksəlməsi münasibətilə təbrik edir və uğurlar diləyirik"-"Cim-bom"un rəsmi "İnstagram" hesabında etdiyi paylaşımda belə yazılıb.

Bundan öncə 2020-ci ilin sentyabrında İran Milli Kubokunda “Traxtur”un qələbəsindən sonra Türkiyənin yüzlərlə siyasi və mədəniyyət xadimi, universitet müəllimləri, şou-biznes məşhurları, eləcə də türk xalqının çoxsaylı təmsilçiləri sosial mediada “təbriklər, "Traxtur” həştəgi adı ilə kampaniya başlatmışdılar.

O vaxt bu, Türkiyədə birinci və ən geniş yayılan sosial media kampaniyasına çevrilmişdi.

Təbrikə qoşulanlar arasında müxalifətdə olan İyi Partiyanın başqanı Meral Akşener, Ankara bələdiyyəsinin başqanı Mənsur Yavaş, İyi Partiyanın sözcüsü və İstanbuldan seçilmiş millət vəkili Yavuz Ağır Əlioğlu, keçmiş millət vəkili və hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qurucularından professor Burhan Kuzu və onlarla başqa tanınmış alim, ictimai-siyasi xadim var idi.

Bundan əvvəl, 2019-cu ilin noyabrın 1-də Təbrizin “Səhənd” stadionunda 80 min "Traxtur" tərəfdarı türk əsgərlərinə hərbi salam vermiş, bununla Türkiyə ordusunun Suriyanın şimalında "Sülh çeşməsi" (Barış pınarı) adı altında həyata keçirdiyi antiterror əməliyyatına dəstək vermişdi. "Taxtor"un bu möhtəşəm jesti Türkiyədə geniş rezonans doğurmuşdu.

Qeyd edək ki, "Traxtur" komandası dünyanın ən populyar türk futbol komandasıdır.

"Traxtur" bir futbol komandasından daha çox Güney Azərbaycan türklərinin azadlıq səsi kimi qəbul olunur.

Gunaz.tv