Abbas Lisaninin səhhətində ciddi problem yaranıb: Siyasi məhbusda yüksək qan təzyiqi aşkar edilib Güney Azərbaycan
Güney Azərbaycanlı tanınmış siyasi məhbus Abbas Lisaninin sağlıq durumu kritik olaraq qalır. Siyasi məhbusda yüksək qan təzyiqi aşkar edilib.
Qeyd edək ki, Abbas bəy ötən aydan kəskin diz və bel ağrılarından əziyyət çəkdiyi üçün Ərdəbilin “Fatimi” xəstəxanasına aparılaraq orada müayinə edilib. Həkimlərin rəyinə əsasən o, MRS müayinə mərkəzlərindən birinə köçürülməli idi.
İyunun 7-də siyasi məhbusun ailəsinin təkidli tələblərindən sonra onun qanının nümunəsi həbsxanadan kənar şəhər laboratoriyalarının birində analız olunmaq üçün ailəsinə verilib.
İranın da imzaladığı Beynəlxalq Mülki və Siyasi Hüquqlar Paktının 10-cu maddəsində “azadlıqdan məhrum edilən bütün şəxslər insani rəftar və insan şəxsiyyətinə xas olan ləyaqətlərə hörmət hüququna malikdirlər” tövsiyəsinə baxmayaraq, Tehran rejimi siyasi məhbuslara qarşı ənənəvi qeyri-insani davranışlarını davam etdirir.
Bundan başqa “İran Həbsxanaları Təşkilatının İcra Qaydaları”nın 102, 103 və 113-cü bəndlərində məhbusların sağlıq durumlarına diqqət yetirilməsi və onların tibbi xidmətdən istifadə hüququna malik olmaları göstərilir.
Lakin İran Məhkəmə Sistemi məhbuslara qarşı ayrı-seçkilik münasibəti bəsləyir, onların hüquqlarının təmini ilə bağlı məmurların şəxsi seçimləri və mövqeləri əsas götürülür.
Güney Azərbaycandan olan bir sıra siyasi məhbuslar, özəlliklə Abbas Lisani və Əlirza Fərşi fəaliyyətlərinə görə hər zaman yetərli tibbi xidmətlərdən istifadə hüququndan məhrum olublar.
Mayın 21-də "Ərk"-Azərbaycan İnsan Haqları Cəmiyyəti azərbaycanlı məhbuslarının hüquqlarının pozulması və Abbas Lisaninin sağlıq durumunun kəskin pisləşməsi ilə bağlı BMT-yə müraciət edib.
“Azərbaycanlı mədəni fəal Abbas Lisaninin sağlıq durumu narahatlıq doğurur. Koronavirusun həbsxanalarda yayılmasına baxmayaraq bu tanınmış mədəni fəal məzuniyyətə buraxılmayıb"- BMT-nin İranda İnsan Haqları üzrə Xüsusi Məruzəçisi Cavid Rəhmana ünvanlanan məktubda deyilir.
Məktubda həbsxana məsullarının Abbas Lisaniyə qarşı qanunsuz təzyiqlərindən bəhs edilir:
“Ay yarımdır ki, Abbas Lisaniyə şüşə arxasından ailəsi ilə görüşə də icazə verilmir. O, bel və diz ağrılarından əziyyət çəkir və hərəkət edə bilmir. Həkimlər onun əməliyyatqabağı müayinəyə (MRS) ehtiyacı olduğunu və xəstəxanada müalicə almasının vacibliyini bildiriblər.
Ancaq bu günə kimi Ərdəbil məhkəmə sistemi başçıları və həbsxana məsulları bu məhbusun sağlıq durumu ilə bağlı öz vəzifələrini yerinə yetirməyiblər. Bundan öncə COVİD-19-a yoluxmasına baxmayaraq Abbas Lisaniyə məzuniyyət verilməyib və hələ də onun ailəsinə qarşı təzyiqlər davam edir”.
Abbas Lisani 2019-cu ilin yanvar ayının 15-də Təbrizdə saxlanılaraq Ərdəbil həbsxanasına köçürülüb. Sifarişli və ədalətsiz məhkəmədə qondarma ittihamlarla 15 il azadlıqdan məhrum edilib.
Gunaz.tv