İranda seçki təşviqatı zamanı insident: Namizədlər türk dili ilə bağlı mübahisə etdi -VİDEO Güney Azərbaycan

İranda seçki təşviqatı zamanı insident: Namizədlər türk dili ilə bağlı mübahisə etdi -VİDEO

İranda prezident seçkiləri ilə bağlı təşviqat kampaniyası davam edir. Sonuncu teledebat zamanı insident baş verib.

Dövlət televiziyasında keçirilən debatda İran məhkəmə sisteminin başçısı, prezidentliyə namizəd İbrahim Rəisi ilə milliyyətcə türk namizəd Möhsün Mehrəlizadə arasında yenidən mübahisə olub.

İbrahim Rəisinin “azəri dillilər” ifadəsi Möhsün Mehrəlizadə tərəfindən etirazla qarşılanıb.

“Burada azəri dilli olmayıb, ümumiyyətlə azəri dili yoxdur. Diqqənizə çatdırım ki, sizin dediyiniz azərilər türklərdilər. Şərqi, Qərbi Azərbaycan, Ərdəbil, Zəngan, Həmədan, Xorasan, İsfahan, Şiraz və hətta Xuzistan əyalətində və başqa bölgələrdə yaşayan türkdillilər. Ağayi Rəisidən bu məsələdə diqqətli olmasını istəyirəm”-deyə, türk namizəd Mehrəlizadə bildirib.

Qeyd edək ki, bundan öncəki debatda Möhsün Mehrəlizadə və başqa türk namizəd, İranın Milli Bankının keçmiş başçısı Əbdülnasir Hümmətinin türk dilində danışıb, dahi şairimiz Məhəmmədhüseyn Şəhriyardan şeir oxuyub.

Onların türk seçicilərin səslərini qazanmaq üçün etdiyi bu jestə münasibət birmənalı olmayıb.

Təbrizi İran parlamentində təmsil edən millət vəkili Ruhullah Mütəfəkkir Azad və bir sıra türk sosial media istifadəçiləri iki türk namizədi riyakarlıqda və səs toplamaq üçün türklərin milli duyğuları ilə oynamaqda günahlandırıb.

Bununla yanaşı radikal fars milliyyətçi cərəyanlarına bağlı olan şəxslər və sosial şəbəkə istifadəçiləri türk namizədlərin çıxışını “tərbiyəsizlik, rəzillik” adlandırıb, “İranda türk yoxdur, farsların bir qolu olan azərilər var, özünü türk adlandıranlar Monqolustana qayıtsınlar, İran onların vətəi deyil” kimi ifadələr işlədiblər.

Xatırladaq ki, Ruhullah Mütəfəkkir Azad və başqa bir neçə azərbaycanlı millət vəkili hakimiyyətin Xamneyinin başçılıq etdiyi mühafizəkar qanadında təmsil olunurlar. Onlar əsasən mühafizəkar qanadın namizədi İbrahim Rəisini dəstəkləyirlər.

Möhsün Mührəlizadə və Əbdülnasir Hümməti isə “islahatçı” qanada yaxın şəxslər olduqları üçün uzun illərdir iki azərbaycanlı qrup arasında gərgin rəqabət var.

Gunaz.tv