Təbrizdə Xuzistan etirazçılarına dəstək afişaları yayılıb: “Dərdimiz birdir” Güney Azərbaycan

Təbrizdə Xuzistan etirazçılarına dəstək afişaları yayılıb: “Dərdimiz birdir”

Şəhər səviyyəsində yayılan afişalarda etirazçılarla həmrəylik bildirilib.

Urmu və Ərdəbil şəhərlərindən sonra Təbriz şəhərində də Xuzistanda baş verən etirazlara dəstək nümayiş etdirilib. Şəhər səviyyəsində yayılan afişalarda etirazçılarla həmrəylik bildirilib.

İyulun 21-də Təbriz şəhərində azərbaycanlı fəallar çox sayda afişalar yayaraq Xuzistandan başlayan və İranın başqa şəhərlərinə yayılmaqda olan etiraz mitinqlərinə dəstək verilib və etiraz aksiyasına çağırış edilib.

Birlik simvolu olaraq iki əlin bir-birini sıxması rəsminin təsvir olunduğu afişaların üzərində, "güc birlikdədir", “dərdimiz birdir” və “məzlumun səsini eşidib ona yardım etməyən müsəlman deyil” sözləri yazılıb.

Xuzistanda “su üsyanı”nın 7-ci gecəsi ilə eyni vaxtda afişalar Təbrizin bir çox məhəllələrində, ictimai yerlərdə, ümumi nəqliyyat vasitələrində və b. geniş yayılıb.

Qeyd edək ki, Xuzistanda su çatışmazlığına etiraz olaraq başlayan etiraz aksiyaları davam edir.

İyulun 21-də etirazların İranın daha bir neçə şəhərinə də yayıldığı barədə xəbərlər və görüntülər paylaşılıb.

Görüntülərdə İsfahan, Xurrəmabad, Tehran, Məşhəd, Kərəc şəhərlərində əhalinin qruplar halında Xuzistandakı etirazçılara dəstək şüarları səsləndirdikləri müşahidə olunur.

Tehranın metro stansiyalarının birində çox sayda insan “İslam Cumhuriyyətinə ölüm” şüarları səsləndirib.

Xuzistan şəhərlərində də, əhalinin sosial tələblərinə cavab olaraq zor tətbiq edən hökumətin siyasəti pislənilib. İlk günlər sosial problemlərin həlli ilə bağlı şüarlar səsləndirən etirazçılar, rejim məmurlarının silahlı müdaxiləsi və bir neçə dinc etirazçının öldürülməsindən sonra “Xamneyiə ölüm”, “İslam Cumhuriyyətinə ölüm” şüarları səsləndirməyə başlayıblar.

Etirazların yeddinci gecəsində Əhvaz, İzə, Susəngerd, Şuştər, Xorrəmşəhr, Abadan, Behbahan, Ramşir, Veys, Darxovin, Mahşəhr və Dezful şəhərinin bir sıra bölgələrində mitinq keçirilib. Verilən məlumatlara görə daha bir neçə etirazçı silahlı məmurlar tərəfindən güllələnərək öldürülüb.

Bir sıra mətbuat orqanları və yerli ərəb qaynaqları yayınladıqları videofaktlarla etirazların yeddinci gecəsində Xuzistanın bir neçə şəhərinin durumunu müharibə gedən bölgə kimi təsvir ediblər.
Xatırladaq ki, Güney Azərbaycanın bir neçə şəhərində Xuzistan ərəblərinin üsyanına dəstək aksiyaları keçirilir.

Ərdəbil və Urmu şəhərlərində neçənci dəfə olaraq çox sayda afişalar yayılıb, divar şüarları yazılıb və bu vasitə ilə azərbaycanlıların xuzistanlıların haqlı etirazlarına dəstəkləri ifadə olunub.

Xaricdə fəaliyyət göstərən bir sıra Güney Azərbaycan təşkilatları və güneyli insan haqları müdafiəçiləri bəyanat yayaraq, Xuzistan ərəbləri ilə həmrəy olduqlarını bildirib.

Milli qurumlar dünya ictimaiyyətini və BMT-nii Tehran rejiminin ərəblərə qarşı repressiyalarını dayandırmaq üçün əməli tədbirlər görməyə, İran hökumətini məhkum etməyə çağırıblar.

Bununla yanaşı avqust ayının 2-, şənbə günü saat 18:00-da Zəngan, Təbriz, Ərdəbil, Urmu və Marağa şəhərlərində Xuzistan etirazçılarına dəstək mitinqinin keçiriləcəyi barədə çağırış edilib.

Gunaz.tv