Gürcüstan idmançılarına qadağa: Qarabağdakı "turnir"... İdman

Gürcüstan idmançılarına qadağa: Qarabağdakı "turnir"...

Gürcüstanın erməni əsilli idmançılarının VII “Panermənistan oyunları”nın Azərbaycanın işğal altındakı ərazilərində təşkil olunacaq açılış mərasimi və yarışlarda iştirakı qadağan olunub.
Report xəbər verir ki, bu barədə Samtsxe Cavaxeti bölgəsi üzrə informasiya mərkəzi məlumat yayıb.
Axalkalaki rayonundan olan 50-yə yaxın idmançı “Panermənistan oyunları”nın yalnız Ermənistanda keçiriləcək yarışlarına qatılacaqlar. Qondarma “Dağlıq Qarabağ Respublikası”nda təşkil olunacaq armrestlinq və şahmat üzrə yarışlarda iştirak edəcək 7 idmançı komanda heyətindən çıxarılıb.
Axalkalaki bələdiyyəsinin təhsil, mədəniyyət, idman və gənclərlə iş üzrə xidmətinin rəisi Valeri Stelmaşov bildirib ki, idmançılar yalnız Ermənistanda keçiriləcək yarışlarda iştirak edəcəklər: “Bəzi səbəblərə görə biz açılış mərasimində iştirak edə bilməyəcəyik”.
Qeyd edək ki, “Panermənistan oyunları”nın rəsmi açılış mərasimi avqustun 6-da Ermənistanın işğalı altında olan Xankəndi şəhərində keçiriləcək. Avqustun 17-dək davam edəcək yarışlar Ermənistanla yanaşı, DQR-də də təşkil olunacaq.