Elxan Abdullayev: “Neftçi” güclü deyil, digər komandalar zəifdir” - MÜSAHİBƏ İdman

Elxan Abdullayev: “Neftçi” güclü deyil, digər komandalar zəifdir” - MÜSAHİBƏ

“Neftçi”nin sabiq baş məşqçisi, hazırda U-18 yığmamızı çalışdıran Elxan Abdullayevin apasport.az saytına müsahibəsi

- Azərbaycan Premyer Liqasının XXIII turu bu gün start götürəcək. İlk olaraq “Qarabağ” səfərdə “Səbail”in qonağı olacaq. Necə düşünürsüz, mövsümün sonuna yaxın “Qarabağ” autsayderlə görüşdə xal itirə bilərmi?
- Artıq mövsümün sonlarıdır, “Qarabağ”la “Neftçi” arasında gərgin mübarizə gedir. Hər an komandalar büdrəyə bilər. Amma “Qarabağ”ın bu gün xal itirəcəyinə inanmıram. Mənə elə gəlir ki, Ağdam klubu aktivinə növbəti 3 xalı yazdıracaq. Düzdür, oyunlara proqnoz vermək ildən-ilə çətinləşir. Ancaq komandaların gücünə baxdıqda “Qarabağ”ın qələbə qazanacağını düşünürəm.

- “Qarabağ”ın çempionluq yarışındakı rəqibi “Neftçi” sabah “Zirə”yə qarşı ağır oyuna çıxacaq. Artıq bu tur çempionluğun taleyi həll oluna bilər?
- Deməzdim ki, çempionluğun taleyini bu tur həll edəcək. Düzdür, “Neftçi” “Zirə”yə qarşı həmişə pis oynayıb, onlar üçün arzuolunmaz rəqibdir. Bugünkü “Zirə” az qol vurur, amma qapısında da az top görür. Bundan başqa, “Zirə” üçüncü pillədə möhkəmlənmək üçün xal qazanmalıdır. Çünki “Sumqayıt” onları keçə bilər. Bu görüşdə istənilən nəticə qeydə alına bilər. Ancaq məncə, heç-heçə nəticələnəcək.
- Mövsümün sonuna yaxın “Neftçi” liderliyi əldən verdi. Bundan sonra “Qarabağ” rəqibinə birinci pilləyə yüksəlmək imkanı yaradarmı?
- Mən neçə ildir eyni sözü deyirəm. İnanmıram ki, dünənki, bu günkü, sabahkı “Neftçi” “Qarabağ”ı keçə bilər. “Qarabağ” hərtərəfli “Neftçi”dən üstündür. Şəxsən mən zirvədə hansısa dəyişikliyin olacağına inanmıram. “Qarabağ” yenə çempion olacaq.

- Son illər ilk dəfə “Neftçi” futbolçuları və azarkeşləri çempionluğa ümidlənmişdilər. Sona yaxın komandadakı enişi nə ilə əlaqələndirmək olar?
- Hər komandanın “qara zolağ”a düşdüyü vaxt olur. “Neftçi” bu mövsüm “Qarabağ”la sona qədər mübarizə apardığı üçün tərifəlayiqdir. Əvvəlki mövsümlərə baxdıqda ağdamlıların bəzən 6 tur öncədən çempionluğu rəsmiləşdirdiyi an olub. Bu mövsüm nisbətən rəqabət izlədik. “Neftçi” güclü deyil, digər komandalar zəifdir. “Qarabağ”a çempionluq, “Neftçi”yə ikinci yer uğrunda yarışda rəqib yoxdur. “Neftçi” digər komandalardan heyət və maliyyə cəhətdən üstündür. Bizə elə gəlir ki, flaqman ardıcıl qələbələrini qazanır, ancaq baxmırıq ki, bunları kimlərə qarşı edir. Hamısı ondan zəiflərdir. 16 komandalı çempionat olsaydı və bu səviyyədə 6-7 komanda çıxış etsəydi, o zaman hər kəsin əsl gücü görünərdi. “Neftçi” bu gün büdcəsi özündən qat-qat aşağı olan “Səbail”dən, “Qəbələ”dən, “Sabah”dan xallar alır. Amma vacib oyunlarda büdrədiyi üçün “Qarabağ” birinciliyi ələ keçirdi.

- 4-cü yerə iddia edən “Sumqayıt”la “Qəbələ” bu gün birincilərin meydanında qarşılaşacaq. Bu matçı ilk “dördlüy”ün müəyyənləşməsi baxımından həlledici saymaq olar?
- Bundan sonra qarşıda hələ 5 tur olacaq. “Sumqayıt” hətta bu gün qalib gəlsə belə, “Qəbələ”nin şansı davam edəcək. Bəlkə son 5 turun hamısında “Sumqayıt” uduzacaq. Əlbəttə ki, “Qəbələ” qalib gəlsə, daha çox ümidlənəcək.

- Razısınız ki, bu oyun “Qəbələ” üçün finala bərabərdir?
- Mənə elə gəlir ki, “Sumqayıt” 4-cü pillədə qalmaq yox, 3-cü yerə yüksəlmək barədə düşünür. Bu komandaların oyunları həmişə gərgin alınır. “Qəbələ” baxımlı oyun sərgiləyir. “Sumqayıt”da isə kifayət qədər milli üzvü var. Bu gün “Qəbələ” qalib gəlsə, mənim üçün sürpriz olmaz. Amma öz meydanında çıxış etdiyi üçün üstünlüyü “Sumqayıt”a verirəm.

- Turnir cədvəlinin autsayderləri “Keşlə” ilə “Sabah” sabah üz-üzə gələcək. Hər iki komandanın Premyer Liqada iddiasının qalmadığını nəzərə alsaq, bunu formal oyun saymaq olar?
- “Keşlə” ölkə kubokundan avrokuboklara vəsiqə şansını hələ davam etdirir. Ancaq “Sabah” üçün mövsüm başa çatıb. Yeni baş məşqçi gəlib, bəlkə hansısa dəyişiklikləri edəcək. “Sabah”ın baş məşqçisi indidən gələn mövsümün heyətini formalaşdırmağa başlasa, daha yaxşı olar.