ABŞ-dan Türkiyəyə ultimatum Dünya

ABŞ-dan Türkiyəyə ultimatum

ABŞ hökuməti Türkiyəyə iki həftə vaxt verib. Bu zaman kəsimində Türkiyə Rusiya "S-400" zenit-raket komplekslərindən imtina etməlidir. Bu barədə öz mənbələrinə istinadən CNBC telekanalı məlumat yayıb.

Bildirilir ki, Ankara iki həftə ərzində Moskva ilə sövdələşməni pozmalı və Amerikanın "Patriot" raket əleyhinə müdafiə sistemlərini almalıdır. Əks təqdirdə ABŞ Türkiyəni "F-35"proqramından çıxaracaq.

Amerika hökuməti Türkiyəni vəd olunmuş yüzlərlə qırıcıdan məhrum etmək ilə yanaşı, ona qarşı sanksiyalar tətbiq etməklə də hədələyib. Eyni zamanda bu, NATO tərəfindən də "reaksiyaya" səbəb ola bilər.

Vaşinqton Türkiyədən S-400 raketlərindən imtina etməsini və onun əvəzində Patriot raketlərini almağı tələb edir. Əgər Ankara bu addımdan qaçsa, Vaşinqton 5-ci nəsil F-35 qırıcı təyyarələrin Türkiyə ilə birgə istehsalından və 100 ədəd F-35 təyyarəsini satmaqdan imtina edəcək. Paralel olaraq, Ankara ABŞ-ın sanksiyaları və NATO ilə ciddi problemlərlə üzləşəcək.

Məlumata görə, bu, Dövlət Departamentinin Türkiyəyə son təklifidir.

“NATO ölkələri konkret standartlar üzrə hərbi texnika almalıdır. Amma Rusiyadan alınacaq S-400 raketləri bu standartlara daxil deyil. Əgər Türkiyə S-400 raketlərini almaq planlarını dəyişməsə, çox neqativ nəticələrlə üzləşəcək”- deyə Dövlət Departamentinin adının anonim qalmasını istəyən nümayəndəsi bildirib.

2017-ci ilin sonlarında Ankara və Moskva S-400 raketlərinin 4 divizionunun alınması barədə saziş imzalamışdı. Dəyəri 2,5 milyard dollar olan müqavilə ABŞ və NATO ölkələrinin ciddi narazılığına səbəb olmuşdu.

Xatırladaq ki, Türkiyənin S-400 alması ABŞ-la yanaşı NATO-nun da kəskin etirazına səbəb olub. Amerika ilə alyans bu alış-verişdən çəkindirmək üçün bütün yollara əl atıblar. Rəcəb Tayyib Ərdoğan dəfələrlə bildirib ki, Türkiyə geri addım atmaq niyyətində deyil. Məlumata görə, adıçəkilən kompleksin ilk təhvil-təslimi bu ilin iyun ayında olmalıdır.