Ankara bir daha geri addım atmayacaq Dünya

Ankara bir daha geri addım atmayacaq

Türkiyənin S-400 hava hücumundan müdafiə sistemi qərarı ilə bağlı ABŞ-dan gələn etirazlar davam edərkən rəsmi Ankara bir daha geri addım atmayacağını bəyan edib. Türkiyənin Müdafiə naziri Hulusi Akar məsələ ilə bağlı yekun açıqlamasında “ABŞ “təxirə sal” deyir, biz “bitdi” deyirik” sözlərini işlədib.

Nazir qeyd edib ki, S-400 sistemlərinin təlimi üçün Rusiyaya hərbi heyət göndərilib: “Türkiyə Silahlı Qüvvələrindən heyətlər göndərdiyimiz doğrudur. Bu heyətlər dəyişir. Hər birinin xüsusiyyəti var. Qarşıdakı aylarda da təlimlər davam edəcək”.

Akar açıqlamasında Türkiyənin ciddi hava və raket təhdidi altında olduğunu vurğulayıb: “82 milyon insanımızı və ölkəmizi qorumaq üçün hava hücumundan müdafiə sistemi qurmağa ehtiyacımız var. Bunun üçün tədbirlər görmək isə bizim vəzifəmizdir. S-400 sadəcə müdafiə sistemidir. Ölkəmizi hava hücumu və raketlərdən qoruyacaq. Başqa potensialı yoxdur. Dolayısı ilə bundan heç kim narahat olmamalıdır”.

Nazirin sözlərinə görə, Türkiyə F-35 proqramındakı öhdəliklərini əvvəlki qaydada yerinə yetirir: “4 qırıcı bizə təhvil verilib. ABŞ-da hazırda 4 pilotumuz var. 47 əsgərimiz isə texniki məsələlərə baxır. Noyabr ayında iki qırıcı Türkiyəyə gələcək, yerləşdiriləcəyi məkanlar da hazırdır. Yəni biz Türkiyə olaraq üzərimizə düşən bütün məsuliyyəti bilirik. Ciddi, səmimi və qətiyyətli şəkildə haqqımızı, hüququmuzu daim tələb etməyə davam edirik. Bəzi çətinliklər olsa da, gedişatda kəskin geridönüş yoxdur”.

Hulusi Akar bildirib ki, S-400-lərin Türkiyəyə tədarük ediləcəyi təqdirdə ABŞ CAATSA ("Countering America’s Adversaries Through Sanctions Act" – Amerikanın Rəqibləri ilə Sanksiyalar Yoluya Mübarizə Aparmaq Qanunu) sanksiyalarını işə sala bilər: “Türkiyə də öz növbəsində CAATSA sanksiyalarının tətbiq olunması təqdirində hansı tədbirləri görəcəyi ilə bağlı hazırlıqlara başlayıb”.

Qeyd edək ki, ABŞ son olaraq Türkiyəyə S-400 sistemlərinə alternativ kimi martın 28-29-da “Patriot” hava hücumundan müdafiə sistemi satmaq təklifi göndərib. Təklifdə qiymət, texnoloji transfer, ortaq istehsal, texnologiyasının yenilənməsi baxımından bəzi şərtlər yenilənib. Lakin Türkiyə bu təklifə konkret cavab verməyib.