ABŞ-ın Azərbaycana marağı niyə artır? Dünya

ABŞ-ın Azərbaycana marağı niyə artır?

“Bir çoxlarından fərqli olaraq mən Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ABŞ-dakı görüşü ilə bağlı bir qədər fərqli mövqedəyəm. Con Bolton artıq sosial şəbəkədə də nazirlərin görüşünü səbrsizliklə gözlədiyini yazıb”.

“Xalq Cəbhəsi” xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib.

Ekspertin fikrincə, ABŞ “Əsrin müqaviləsi” imzalanandan sonra regionda daha çox iqtisadi sahələrdə aktiv idi:

“İndi isə Rusiya ilə davam edən geosiyasi qarşıdurma nəticəsində öz strategiyasının mühüm xətti olan Rusiyanın cənubunda da fəallaşır. Hesab edirəm ki, Baltikyanı ölkələr və Şərqi Avropadan sonra Qara dəniz vasitəsilə Cənubi Qafqaza istiqamətlənən ABŞ hər iki münaqişə tərəfi ilə ciddi söhbətlər edəcək.

Azərbaycan - ABŞ münasibətləri bu il ərzində yüksələn xətt üzrə inkişaf edir. Regionda son hadisələr Azərbaycanı Vaşinqtona daha da yaxınlaşağa vadar edir. Təsadüfi deyil ki, bu il ərzində bir neçə dəfə Bakıdan nümayəndə heyəti ABŞ-a gedərək ölkədə dəyişən vəziyyət haqda məlumat verib”.

Zaur Məmmədov qeyd edib ki, Azərbaycandan fərqli olaraq, Ermənistan - ABŞ münasibətlərində ciddi problemlər var:

“Guya qərbçi olan Paşinyan da bu münasibətləri düzəltmək iqtidarında deyil. Vaşinqton Rusiya ilə sıx əlaqədə olan heç bir ölkəyə maliyyə yardımı etmək iqtidarında deyil. Təsadüfi deyil ki, düşmən ölkədəki seçkilərdən sonra İrəvandan bir neçə dəfə yüksək heyətin Ağ Evə və Dövlət Departamentinə səfərləri onların qapı arxasında qalmaları ilə nəticələnib. Ermənilərə dəstək ən yaxşı halda Konqresdə davam edəcək.

İş orasındadır ki, indi Vaşinqtonda oturan yəhudi lobbisinin əsas məqsədi İranı zəiflətməkdədir. Ermənistan isə blokada məsələsini bəhanə gətirirək, İranla münasibətlərində əvvəlki kimi “çirkli pullar”ın yayılması, qanunsuz narkotik ticarəti, müəyyən silahların daşınmasın və s. davam etdirir. Səhv etmirəmsə, 2003-cü ildə “Vikiliks”də bu haqda məlumat yaymışdı. Ancaq ABŞ dakı erməni lobbisinin səyi nəticəsində bütün bu illər ərzində ABŞ İrəvanı İranla münasibətlərinə görə heç vaxt sıxışdırmırdı”.