Trampı ikinci dəfə qələbəyə aparan dalğa Dünya

Trampı ikinci dəfə qələbəyə aparan dalğa

O, mövcud elitalara qarşı populist hərəkatın qaranquşudur

Siyasi mütəxəssislər 2020-ci il seçkilərinin mikro təfərrüatlarına o qədər diqqət çəkirlər ki, Florida ştatında yeni seçki kampaniyasının başladığını elan edərkən, prezident Trampı dəstəkləyən makro meylləri nəzərdən qaçırırlar. “Öncə Amerika” deyən prezidentimizə qlobal baxış vacibdir, amma onlar rəy sorğularına önəm verirlər.

Lobbiçilər, məsləhətçilər və ekspertlər Trampın bir neçə demokratdan geri qaldığı məlumatlardan təsirləniblər. Amma seçki günündən bir il əvvəl keçirilən sorğular mənasızdır. Daha vacib olan budur ki, Tramp mövcud vəziyyətdən və iqtisadiyyatın davamlı inkişafından faydalanır və hələ də tamamlanmayan millətçi populist dalğaya sürüklənir.

“Strateq” “The New York Times”a istinadən yazır ki, II Dünya müharibəsindən sonra təkrar seçkilərə qatılan 9 prezidentin yalnız ikisi taxtında otura bilməyib. Ötən əsrdə yalnız bir dəfə xalq Ağ Evdəki administrasiyanı yerindən-yurdundan edib. Cimmi Karterin prezidentliyi xarici siyasət qüsurları və staqflasiyaya görə sona çatıb. Bu səbəblərin heç biri bu günə aid deyil.

ABŞ böyük müharibəyə qatılmayıb. 2009-cu ilin ortalarında başlayan iqtisadi artım Trampın dönəmində davam edib, üstəlik, işsizlik yarım əsrlik minimuma enib. İstehsal məşğulluğu artıb. Ötən il iqtisadi artım 3% nisbətinə yaxınlaşıb. “Dow Jones” sənaye indeksi 2017-ci ilin inauqurasiya günündən bu yana üçdə bir dəfə artıb.

Əlbəttə, hallar dəyişə bilər. İranla gərginlik və istiqraz bazarından qarışıq siqnalları siyasi gələcəyimizin düz xətlə irəliləməməsi proqnozunu xatırladır. Amma Tramp xaricindəki qarışıqlıqlara diqqət yetirir və yavaşlamanı tənəzzül saymır. Davamlı sülh və rifah Trampın ikinci dönəm şansını artırır.

Qlobal elitlərə qarşı davam edən üsyan da bunun kimidir. Bu prezidentliyin bir çox təəccüblü məqamlarından biri budur ki, Tramp kimi unikal amerikalı fiqur dünyadakı fenomenin bir hissəsidir. Amma şübhəsiz, Tramp Londondan Melburna qədər mövcud siyasəti pozan anti-elitist dəyişikliyin ilk qaranquşu idi. Bu dəyişikliyi yaradan problemlər yoxa çıxmayıb. Tramp da çətin ki, onları yox etsin.

“Brexit”, 2016-cı ilin seçki günü, Fransa, Almaniya və İtaliyada solçuların iflası, “sarı jiletlilər”in etirazları, son Avropa seçkilərində mərkəzçilərin itkiləri və Avstraliyada məyusluq “populizm” və ya “millətçilik” kimi təsnif edilib. Onlar – “qloballaşma” əleyhinə təpkidir.

Bu daha konkret olmağa kömək edir. Tramp kimi siyasətçilərin artması arxasında nəzarətsiz miqrasiya, terrorizm, karbon vergilərinin tətbiqi və iqlim dəyişikliyini yumşaltmaq üçün digər tədbirlər durur. Elitlərin bu problemləri aradan qaldırmağa qadir və ya marağının olmaması – hətta onları problem kimi görməmə – çox sayda seçicinin ənənəvi siyasi strukturlarda tapa bilmədiklərini alternativlərdə axtarması böhranını yaradır. Nəticələr heyrətamizdir.

2014-cü ildə Amerikanın cənub sərhədinə “küçə uşaqları”nın gəlməsi hay-küyü yadınızdadırmı? Prezident Barak Obamanın “Artıq uşaqlar üçün təqdim edilən tədbir Proqramı” (ya da DACA) çaşqın respublikaçı seçiciləri qütbləşdirdi. Növbəti il Tramp prezidentliyə namizədliyini irəli sürərək miqrasiya haqqında təhrikedici açıqlamalar verdi.

Angela Merkel Almaniyanın Drezden şəhərində yerləşən bir miqrant düşərgəsinə səfər zamanı dedi: “Bunu edə bilərik”. Daha çox sayda yeni miqrat qəbul etmək istəyi səsvermədə əksini tapdı. Cavab liderlərin istəyinə uyğun deyildi.

2015-ci ilin noyabr ayında Parisdəki “Bataclan” teatrında, bir həftə sonra San Bernardinoda (Kaliforniya) və 2016-ci ildə Orlandoda gecə klubuna təşkil edilən hücumlar terror qorxularını artırdı. Elitlər, müsəlmanlara qarşı təzyiqdən qorxduqları üçün, hücum edənlərin ideologiyasına göz yumdular. San Bernardinodan sonra, Tramp müsəlmanların ABŞ-a girişi qadağan edilməsi çağırışını terror və immiqrasiya məsələlərinə qaynaq etdi. Onun demokrat və respublikaçı rəqibləri bu siyasəti rədd etdi. Ancaq respublikaçı seçicilər bunu geniş mənada dəstəklədi.

İqlim dəyişikliyinin tənzimlənməsi, beynəlxalq müqavilələr və karbon qiymətləri ilə mübarizə aparmaq üçün səylərə də oxşar anti-elitist təpki verilib. Prezident Barak Obama 2016-cı ilin may ayında Qərbi Virciniyadakı mitinqdə kömür sənayesini məhdudlaşdırmağa çağırış etdiyi halda, Tramp “mədənçıları geri qaytarmağa” söz verdi. Emmanuel Macron yanacaq vergisini təklif etdikdə də, “sarı jiletlilər” 2018-ci ilin payızında Paris küçələrinə axışdı.

Aprel ayında karbon vergisi qüvvəyə mindikdən sonra Alberta əyalət hökuməti dəyişdi. Yenidən baş nazir seçilən Skott Morrisoni 2017-ci ildə Məclis qarşısında əlinə tutduğu bir parça kömürü yuxarı qaldırıb “Qorxmayın”, – demişdi. Bu, elitlərin başqalarına tətbiq etdiyi xərclərdən özlərini təcrid etmək ideyasıdır. Tramp və onun anti-elitist tərəfdarlarının kampaniyaları buna əsaslanır. Ona görə də, onun seçkini udmaq şansı zəifləmir.