Tiflisdə yeni inqilab başlayır Dünya

Tiflisdə yeni inqilab başlayır

Gürcüstan parlamentinin seçki qanunvericiliyinə dəyişikliklə bağlı Konstitusiya düzəlişini qəbul etməməsi müxalifətdə bir-birinə zidd olan bütün partiyaları bir araya gətirib.

Leyboristlər Partiyasının ofisində toplanan müxaliflərin sırasına Vahid Milli Hərəkat, Avropa Gürcüstanı, Demokratik Hərəkat, Respublikaçılar, Qirçi, Vətənpərvərlər Alyansı və digər partiyalar da qatılıb. Görüşə İvanişvilinin keçmiş ortağı olan Mamuka Xazaradzenin yeni yaratdığı Lelo Partiyası da dəvət edilib. İştirakçılar arasında Gürcü Arzusu Partiyasının təsisçilərindən biri olan deputat Eka Beseliya, deputat David Çiçinadze də yer alıb.
Görüşdən sonra çıxış edən Vahid Milli Hərəkat Partiyasının sədri Qriqol Vaşadze müxalifətin bütün etiraz variantlarını nəzərdən keçirdiyini keçirdiyini bildirib. O, yekun qərar olaraq hökumətdən əsas tələblərinin növbədənkənar seçki keçirilməsi və keçid hökuməti yaradılması olduğunu bildirib.

Bu arada Gürcü Arzusu fraksiyasının tərkibində parçalanma yaşanıb. Belə ki, vitse-spiker Tamar Cuqoşvili partiyadan ayrıldığını bildirib. O, parlamentdə sözügedən düzəlişin əleyhinə səs verməyin onun üçün qırmızı xətt olduğunu söyləyib.
Cuqoşvili ilə bərabər partiyanı daha 7 deputat - Avropa İnteqrasiyası Komitəsinin sədri Tamar Xulordava, Təhsil Komitəsinin sədri Mariyam Caşi, Xarici Əlaqələr Komitəsinin sədri Sofi Kaçarava, deputatlar Dmitri Çkitişvili, İrina Pruidze, Georgi Mosidze, Zaza Xuçişvili də tərk edib.

Gürcüstan mətbuatı isə Bidzina İvanişvilinin proporsional seçki sisteminə keçidi dəstəklədiyini bildirib. Mətbuat Gürcü Arzusunun deputatı Dmitri Xundadzenin səsvermədən bir gün öncə İvanişvili ilə görüşdüyünü və oliqarxın ondan səsvermə ilə bağlı mövqeyini dəyişməsini tələb etdiyini, amma Xundadzenin fikrini dəyişmədiyini söyləyib.
Saakaşvili “Pirveli” televiziyasına müsahibəsində deyib ki, o, müxalifətin ölkədə növbədənkənar seçki keçirilməsi ilə bağlı tələbini dəstəkləyir.

“Gürcüstan müxalifətinin tələblərini alqışlayıram. Bu prosesə aktiv şəkildə qoşulacağam. Gürcüstanı xilas etmək lazımdır. Mənim heç vaxt olmayan qədər ümidim var. Biz gərək Gürcüstan dövlətçiliyini və müstəqilliyini xilas edək, ambisiyalarımızı kənara qoyub, gürcü xalqını dəstəkləməliyik”, – deyə o, bildirib.
Saakaşvili öz Feysbuk səhifəsində isə Bidzina İvanişvilini seçiciləri və siyasi partiyaları aldatmaqda ittiham edib:

“Gözlənildiyi kimi İvanişvili hər kəsi aldatdı. Bu rejimin heç bir legitimliyi yoxdur, hər şey bizdən asılıdır. Güc birlikdədir, bizdə hər şey alınacaq”.
Qeyd edək ki, Gürcüstan parlamentində seçki qanunvericiliyinə Konstitusiya düzəlişi ilə bağlı səsvermə baş tutub. Səsvermədə düzəlişin gerçəkləşdirilməsi üçün nəzərdə tutulan 113 səsdən cəmi 101-ni toplamaq mümkün olub. Xüsusilə, Gürcü Arzusu Partiyasının deputatlarının bir qismi səsvermədə iştirakdan imtina edib, bəziləri isə qanun layihəsinin əleyhinə səs veriblər.
Dünəndən etibarən isə gürcü müxalifəti Tiflisdə parlament binasının qarşısında etiraz aksiyalarına başlayıb. Etirazçılar parlamentin binası qarşısında, Rustaveli prospektində çadırlar qurublar. Yolu açmağa çalışan polis əməkdaşları ilə aksiya iştirakçıları arasında qarşıdurma yaranıb.

Aksiyaçılar növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı tələbləri yerinə yetirilməyənə qədər ərazini tərk etməyəcəklərini bildiriblər.