ABŞ unikal əməliyyat keçirib Dünya

ABŞ unikal əməliyyat keçirib

ABŞ bu günlərdə Rusiyanın şimalda, Arktika istiqamətində yerləşən üç iri hərbi bazasının “məhv edilməsinə” dair unikal əməliyyat keçirib. Avropada mənzillənmiş Amerika B-52 strateji bombardmançıları Murmanskda Rusiya atom sualtı qayıqlarının yerləşdiyi “Haciyevo”, “Vidyayevo” və “Polyarnı” hərbi bazalarının məhv edilməsi əməliyyatını məşq etmək üçün unikal manevrlər edib. Bombardmançılar Böyük Britaniyadakı Farford aviabazasından havaya qalxıb, Barents dənizi üzərindən uçaraq şimal qütbü üzərində manevrlər edib. Bombardmançılar Norveç Hərbi Hava Qüvvələrinin F-16 qırıcıları və ABŞ-ın P-8 kəşfiyyat təyyarəsinin müşayiəti ilə uçub. Təyyarələr Rusiyanın nüvə raketlərinin sınaqlarının keçirildiyi Novaya Zemlya arxipelaqının 65 kilometrliyindən və Kola yarımadasının yaxınlığından keçib.
Bundan əvvəl “avia.pro” resursu üç ABŞ B-52 strateji bombardmançısının Rusiya hava sərhədlərinin bilavasitə yaxınlığından uçduğu haqda məlumat yaymışdı. Maraqlıdır ki, Rusiya Müdafiə Nazirliyi bu barədə rəsmi şərh verməyib. Habelə Rusiya Hava-Kosmik Qüvvələrinin əvvəllər olduğu kimi, ölkənin hava hüdudlarına yaxınlaşan ABŞ bombardmançılarını “qovması” faktı qeydə alınmayıb.
Bu baxımdan ABŞ bombardmançılarının nəzərə çarpmadan Rusiyanın strateji hərbi bazalarına yaxınlaşdığı iddia edilə bilər. Hərçənd mütəxəssislər bunu ağlabatan saymır, çünki B-52 nəhəng təyyarədir və o, Rusiya Hava Hücumundan Müdafiə sistemləri tərəfindən 500-600 kilometr məsafədən qeydə alına bilərdi. Bununla belə Rusiyadan müvafiq rəsmi reaksiyaların olmaması bir sıra suallar doğurur.