İranda ölənlərin sayı 100-ü ötüb Dünya

İranda ölənlərin sayı 100-ü ötüb

Hökumət benzin subsidiyalarına mübahisəli bahalaşma tətbiq etdikdən beş gün sonra da İranda təhlükəsizlik tədbirləri və internet qadağası davam edir. Çünki sərt iqtisadi planla bağlı narazılıqlar qısa müddətdə hökumət əleyhinə nümayişlərə, böyük etirazlarına səbəb olub. Nümayişlərdə təhlükəsizlik qüvvələri ilə vətəndaşlar arasında gərgin qarşıdurmalar müşahidə edilib, hökumət binalarına od vurulub və ictimai əmlaka böyük ziyan dəyib.
Çoxsaylı xəbərdə bildirilir ki, təhlükəsizlik qüvvələri döyüş silahlarından atəş açıb, etirazçılar arasında ölənlər var. Hökumət hər hansı bir ölüm halı üçün məsuliyyəti rədd edərək, silahlı birləşmələrin bir neçə üzvünün öldüyünü söyləyib.
Strateq “Əl-Monitor”a istinadən yazır ki, noyabrın 19-na olan rəsmi məlumata görə, etiraz aksiyaları keçirilən 100 şəhərin əksəriyyətində gərginlik səngiyib və normal həyat bərpa olunub. “Ali Rəhbərin xeyir-duası, təhlükəsizlik qüvvələrinin səyləri və insanların sayıqlığı sayəsində sakitlik ölkəyə qayıdıb və iğtişaşçıların çoxu müəyyən edilib”. Bunu məhkəmə hakimiyyəti nümayəndəsi Qulamhüseyn İsmaili bildirib. O, hər kəsi “zorakılığa can atan şəxslərdən kənar durmağa” çağırıb.
İranın sərt tənzimçilərini təmsil edən gündəlik ultrasonservativ “Kayhan” iddia edib ki, həbs olunan etirazçı liderlərin bir çoxu xarici dövlətlərin şiddətдə başladığı kampaniya ilə əlaqələrini boyunlarına alıblar. Qəzet “muzdlu başkəsənlərin asılaraq edam edilməklə” cəzalandırılmasını tələb edib. İslahatçı təbliğat vasitələri də ictimai narazılıqlardan istifadə etmək istəyən “təxribatçılar”a şifahi hücum edərək rəsmi açıqlamanı dəstəkləyib.
Siyasi elitalar arasında etirazların yekdilliklə qınanmasına baxmayaraq, hökumətin benzin subsidiyalarına dəyişikliyinin tənqidi davam edir. Bir çox iqtisadçı bu planı ehtiyacı olanlara subsidiyaların ədalətli bölüşdürülməsi istiqamətində mühüm addım saysa da, hökumətin seçdiyi məqamın düzgün olmadığını vurğulayıb.
Son 2 ildə əksər iranlı ABŞ-ın iqtisadi sanksiyaları, milli valyutada nossivasiya və genişlənən dövlət korrupsiyası ucbatından alıcılıq qabiliyyətlərinin azaldığına şahiddir. Bundan əlavə, hökumətin açıqlamadan əvvəl mümkün təpkiləri niyə nəzərə almadığı da sual doğurur.
Məhkəmə hakimiyyətinin rəhbəri İbrahim Rəisi bildirib ki, prezident Həsən Ruhaninin hökuməti əvvəlcədən ictimai fikri subsidiyalara dəyişiklik ehtiyacı olduğuna inandırmaq üçün səy göstərməli idi. Halbuki Rəisi, Ruhani və parlament sədri Əli Laricani, Ali Rəhbər Ayətullah Əli Xamnəinin yaşıl işığından sonra bu qərarı təsdiqləyən şəxslər idi.
Ruhani noyabrın 17-də televiziya çıxışında planın mahiyyətini açıqlayıb, lakin ictimai qəzəbi yatırtmaq üçün cəhd göstərməyib. O, benzinin yeni qiymətlərinə etiraz etmək üçün küçələrdə maşınlarının mühərriklərini söndürən vətəndaşları hədəfə alıb. Ruhani həmin etirazçılara hər yerdə “müşahidə kameraları” olduğunu xatırladıb. Bununla birlikdə o, dinc etiraz etmək hüququnu vurğulayıb.
İran Konstitusiyasının 27-ci maddəsi nümayişçilərin silah gəzdirməməsi şərti ilə etiraz etmək hüququna zəmanət verir. Keçən il Tehran Şəhər Şurasının üzvləri yekdilliklə izdihamın etiraz etmək üçün sərbəst toplaşa biləcəyi yerləri təyin etməyi planlaşdırıblar. Qanun layihəsi Daxili İşlər Nazirliyinin etirazına görə hələ də təsdiqini gözləyir.
Son etirazlardan sonra təyin olunmuş etiraz yerləri ətrafında mübahisə yenidən canlanıb. Etiraz üçün belə boşluqlar olmazsa, dinc nümayişləri radikallaşdırma riski daha yüksəkdir. Ruhaninin hüquqi işlər üzrə müavini Laya Cüneydi deyib: “Zorakı hadisələrə şahid olmamaq üçün polisin təhlükəsizliyi təmin edəcəyi yerlər hökumət tərəfindən qurulmazsa, etiraz etmə hüququ tətbiq oluna bilməz”.
Beynəlxalq Amnesty International hüquq-mudafiə təşkilatının açıqladığı məlumatda İranda noyabrın 15-dən başlayan etirazlarda 106 nəfərin öldürüldüyünü bildirib. Təşkilatının əldə etdiyi etibarlı məlumatlara görə, 21 şəhərdə ən az 106 etirazçı öldürülüb. Amnesty International hesab edir ki, ölənlərin sayı bundan daha çox ola bilər və bəzi məlumatlara görə 200 nəfərin öldüyü ehtimal olunur.
İnsan haqları təşkilatının verdiyi məlumata görə, video görüntülər, şahidlərin ifadələri, habelə xaricdəki hüquq müdafiəçiləri tərəfindən toplanan məlumatlar İran təhlükəsizlik qüvvələrinin etirazçıları dağıtmaq üçün odlu silahlardan, su şırnağından və gözyaşardıcı qazdan istifadə etdiyini və nümayişçiləri dəyənəklərlə döydüyünü göstərir.
Amnesty International tərəfindən araşdırılmış video görüntülərdə snayperlərin insan kütlələrinə damlardan və bir halda helikopterdən atış açıldığı göstərilir. Təşkilat İran hakimiyyətini vətəndaşların dinc toplaşmaq və ifadə azadlığı hüquqlarına hörmət etməyə və İnternet xidmətinin dayandılırlmasına qəti şəkildə son qoymağa çağırıb. “Rəsmilər dərhal bu qəddar və ölümcül basqıları dayandırmalı və insan həyatına hörmət göstərməlidir” -deyə, Amnesty İnternational təşkilatının Yaxın Şərq və Şimali Afrika üzrə direktoru Filip Luter bildirib.
“Etirazçıların az bir qismi zorakılığa əl atsa da, polis həmişə təmkinli olmalı və üzləşdikləri zorakılığa cavab olaraq mütləq, mütənasib və qanuni olduğundan artıq güc tətbiq etməməlidir. Bir neçə şəxs tərəfindən zorakılıq geniş yayılmış düşüncəsiz reaksiya verməyə əsas vermir” – Filip Luter bildirib.
İranın Ali dini rəhbəri Aytullah Əli Xameneyi də daxil olmaqla, yüksək səviyyəli rəsmilər açıqladıqları bəyanatlarda etirazçıları “yaramaz” adlandırıb və təhlükəsizlik qüvvələrinə nümayişləri dağıtmaq üçün yaşıl işıq veriblər. Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları bürosu da İranda təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı güc tətbiq etməsi ilə bağlı dərin narahatlığını bildirib.
BMT-nin İnsan Hüquqları Bürosu çərşənbə axşamı günü İran təhlükəsizlik qüvvələrinin nümayişçilərə qarşı döyüş güllələrindən istifadə etməsindən dərin narahatlığını ifadə edərək, hakimiyyəti yanacaq qiymətinin artmasına səbəb olan etirazları dağıtmaq üçün güc tətbiq etməkdən imtina etməyə çağırıb.
BMT-nin insan Hüquqları bürosunun sözçüsü Rupert Kolvill İran hakimiyyətini şənbə günündən bəri dayandırılmış internet xidmətlərini bərpa etməyə və etirazçıların ifadə azadlığı və dinc toplaşmaq hüquqlarını tanımağa çağırıb. O həmçinin deyib ki,Birləşmiş Millətlər Təşkilatının əldə etdiyi məlumatlara görə, İranda etirazlar əsnasında onlarla insan həyatını itirib. O, Cenevrədə keçirilən brifinqdə itkilərin miqyasının “çox ciddi” olduğunu əlavə edib.
Bəzi qeyri rəsmi məlumatlara görə, İranın müxtəlif şəhərlərində etirazlar zamanı 200-ə qədər insanın polis tərəfindən öldürüldüyü bildirilir. İran rəsmiləri ölənlərin sayı haqda məlumat verməkdən imtina edir. Yayımlanan videolar və fotolarda bir çox şəhərdə banklar, dini mədrəsələr və dövlətə aid binalar yandırıldığı göstərilir.
İranın Ali dini rəhbəri Aytullah Əli Xameneyi iğtişaşlarda Birləşmiş Ştatlar da daxil olmaqla, İranın xarici düşmənlərini günahlandırıb və etirazçıları “quldurlar” adlandırıb.