Parisdə etiraz aksiyaları zamanı 90 nəfər saxlanılıb Dünya

Parisdə etiraz aksiyaları zamanı 90 nəfər saxlanılıb

Fransada pensiya islahatlarına qarşı olan ümummilli tətildə 100-dən artıq şəhərdə 800 mindən çox adam iştirak edib. Müxtəlif həmkarlar ittifaqları üzvləri, müəllimlərdən tutmuş yük maşını sürücülərinə qədər cümə axşamı işlərindən çıxıb Fransa paytaxtının küçələrinə axın ediblər. “İnterfaks” xəbər verir ki, bu barədə Parisdə işıq üzü görən “Le Monde” nəşri məlumat yayıb.
“Bu, həm dövlət, həm də özəl sektorda çox güclü mobillikdir”, – Fransanın ən böyük həmkarlar ittifaqı olan Baş Əmək Konfederasiyasının baş katibi Filipp Martinez deyib. Şəhərlər üzrə olan məlumatda bildirilir ki, paytaxt Parisdə küçələrə, təxminən, 65 min nəfər çıxıb. Tuluzadakı aksiyalarda 33 min, Marseldə 25 min, Bordoda 20 min, Nantda 19 min, Klermon-Ferranda 15 min, Lill, Ruan, Qrenoblda 12-13 min, Tur, Renn, Brest, Sent-Etyen, Bayonn və Poda azı 10 min, Strasburq, Perpinyan, Limoj, Sent-Nazer və Kanda 9 min nəfər qatılıb.
Nəticədə dünən iqtisadiyyatın bir çox sektorlarında və administrasiyanın müxtəlif səviyyələrində güclü “dayanmalar” olub, nəqliyyatın hərəkəti ciddi şəkildə pozulub. Polis bu etirazların baş qaldırdığı küçələrdə yerləşən dükan, kafe və restoranlara bir günlük bağlanma göstərişi verib. Eyni zamanda prezident sarayının ətrafı bloklanıb.
"Bu qədər də olmaz. Onlar bizim pensiya sxemimizə toxunurlar. Bir məktəbdə işə başladıqda sizə deyirlər ki, 55 yaşında təqaüdə çıxacaqsınız və sonra 55-də deyil, çox sonra pensiyaya çıxacağınızı öyrənirsiniz. Bundan başqa, əvvəllər müəllimliklə bağlı azad qərarlar verə bilirdik. Artıq bunu da əlimizdən alırlar. Heç kəs bizi qiymətləndirmir və nəticədə ümidsizliyə qapanırıq.”
Otellər bir çox turistin Parisə səyahət planını təxirə saldığını bildirib. Metro sisteminin böyük hissəsi bağlanıb. 10 sürətli qatardan yalnız biri milli və beynəlxalq marşrutları pozaraq hərəkət edib. Parisə və Parisdən uçan təyyarələrin 20%-i uçuşunu dayandırıb. Çünki aviatorlar da kütləvi tətilə qatılıb.
Prezident Makron Fransanın 40-dan çox sərfəli, lakin qarışıq pensiya planlarında islahat edəcəyini açıqlayıb. O, ölkə iqtisadiyyatının qlobal səhnədə daha rəqabətli olması üçün islahatların vacibliyini söyləyib. Qeyd etmək lazımdır ki, fransızların küçələrə çıxmasına səbəb olan islahat çətin əmək şəraiti səbəbindən daha tez təqaüdə çıxmaq və ya artıq ödənişlər almağa imkan verən bir sıra peşə nümayəndələri üçün xüsusi kateqoriyaların aradan qaldırılması üçün hazırlanıb.