ABŞ-Türkiyə əlaqələrinə ağır zərbə vuruldu Dünya

ABŞ-Türkiyə əlaqələrinə ağır zərbə vuruldu

ABŞ Senatı qondarma erməni soyqırımı qətnaməsini layihəsini qəbul edib. Qətnamə layihəsi imzalanması üçün ABŞ Prezidenti Donald Trampa təqdim ediləcək. Türkiyə ABŞ Senatının “erməni soyqırımı”nın tanınması barədə qətnaməsinə sərt reaksiya verib. Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd olunur ABŞ Senatının 1915-ci il hadisələrinin “erməni soyqırımı” kimi tanınması ilə bağlı qəbul etdiyi qətnamənin hüquqi əsası yoxdur. “ABŞ Senatının 1915-ci il hadisələri ilə bağlı qətnaməsi tarixi həqiqətdən və hüquqi əsasdan uzaqdır. Bu, tarixi siyasiləşdirməyin nümunələrindən biridir. Bu qərar həm də Türkiyə-ABŞ münasibətlərini pozmaq üçün dağıdıcı bir cəhddir”, - bəyanatda qeyd olunub.
Xarici işlər naziri Çavuşoğlu qəbul olunmuş sənədi siyasi tamaşa adlandırıb.
“Qətnamə hüquqi qüvvəyə malik deyil və heç bir əhəmiyyətə malik deyil. Tarixdən siyasi məqsədlər üçün istifadə edənlər doğrunun gözünə baxmaqdan çəkinən qorxaqlardı”-deyə nazir deyib. Ərdoğan administrasiyasının ictimaiyyətlə əlaqələr sektorunun müdiri Fəxrəddin Altun isə Senatın qərarını məsuliyyətsiz adlandırıb və ABŞ-Türkiyə münasibətlərinə ciddi zərbə vuracağını əlavə edib.
Türkiyənin Rabitə naziri Fəxrəddin Altun isə bildirib ki, ABŞ Senatında qəbul edilən qondarma erməni soyqırımı adlı qətnamə ikitərəfli münasibətlərimizi təhlükə altında qoyur..
Onu da qeyd edək ki, ABŞ senatında qondarma "erməni soyqırımı" qətnamə layihəsinin qəbulunda fəallıq nümayiş etdirən senator Rob Menendez ilk dəfə Türkiyə barədə sensasion etiraflar edib. Senator ABŞ-ın Türkiyə tərəfindən mühasirəyə alındığını bəyan edib. Onun sözlərinə görə, Türkiyə sanksiya tətbiq olunacağı barədə xəbərdarlıqlara baxmayaraq Rusiyadan S-400 hava hücumundan müdafiə sistemini almaqla ABŞ-ı beynəlxalq arenada zəiflədir. "ABŞ Türkiyə tərəfindən girov götürülüb və Senat Türkiyəni hiddətləndirməmək üçün "erməni soyqırımı"nı dəstəkləməkdən çəkinirdi", - deyə anti-türk santor qeyd edib. Analitik Elxan Şahinoğlu isə qeyd edib ki, ABŞ Senatının “erməni soyqırımı” qətnaməsini təsdiqləməsi gözlənilən idi. O, ötən gün qətnamənin qəbul edilməsinin iki əsas səbəbi olduğunu bildirib:
“Birinci səbəb o idi ki, Nümayəndələr Palatası “erməni soyqırımı” qətnaməsini böyük səs çoxluğu - 405 səslə qəbul etmişdi. Qətnaməyə həm demokratlar, həm də respublikaçılar birgə səs vermişdilər, yəni erməni məsələsində bir-biri ilə mübarizə aparan iki partiya konsensus əldə etmişdi. İkincisi, baxmayaraq ki, Senatda respublikaçılar çoxluqdadır, onlar da Türkiyənin Rusiya ilə əməkdaşlığından, S-400 raketlərinin alınmasından narazıdırlar. Yəni demokratlar və respublikaçılar məlum qətnaməni erməniləri sevdiklərinə görə qəbul etməyiblər. Onların əsas hədəfi qəbul edilən qətnamə vasitəsilə Türkiyəni cəzalandırmaqdır”.
E.Şahinoğlu “erməni soyqırımı” məsələsinin bu günə qədər müxtəlif dövlətlər tərəfindən qəbul edildiyini, lakin bunun Türkiyəyə təsiri olmadığını xatırladıb: “Özləri çalıb, özləri oynayırlar” sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məxsusdur. Bu günə qədər onlarla dövlət “erməni soyqırımı” qətnaməsini qəbul edib. Bu, Türkiyənin siyasətinə zərrə qədər də təsir etməyib. Tramp Türkiyə ilə sıx münasibətlərin tərəfdarıdır. Ancaq Türkiyə S-400 raketlərində geri addım atmadığına görə Trampın hansı qərar verəcəyini söyləmək çətindir. Ancaq nə vaxtsa hansısa ABŞ prezidenti “erməni qətnaməsi”nə imza atacaq”.
Ekspert sözügedən qətnamənin Türkiyə-ABŞ münasibətlərinə böyük zərbə vurduğunu söyləyib: “ABŞ bu cür siyasəti ilə Türkiyəni sürətlə itirir. Türkiyədə hakimiyyətdə Ərdoğanın yerində gələcəkdə kim olsa belə, dərin yaralar alan Türkiyə-ABŞ münasibətlərini yenidən strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaq çətin olacaq”.
Analitikin sözlərinə görə, “erməni soyqırımı” qətnaməsinə səs verən zehniyyət Dağlıq Qarabağ münaqişəsinin həllində ədalətli mövqe sərgiləyə bilməz: “Bu tək ABŞ-a aid deyil, münaqişənin həlli ilə məşğul olan digər iki həmsədr dövlət - Fransa və Rusiya parlamentləri də keçmiş illərdə eyni qətnaməyə səs veriblər”.