Türkiyə analoqsuz raketlərini işə salır Dünya

Türkiyə analoqsuz raketlərini işə salır

Suriyanın İdlib şəhərində Bəşər Əsəd rejiminin 63 ünsürü məhv edilib.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumat İdlibdəki yerli qaynaqlardan əldə edilib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “bu gündən etibarən əsgərlərimizə qarşı hücum olunarsa, rejim qüvvələrini her yerdə vuracağıq. Quruda və havada nə lazımdırsa, edəcəyik” açıqlamasından sonra Rusiyanın hava məkanını nəzarətdə saxladığı İdlibdə türk ordusunun necə bir yol qət edəcəyi gündəm mövzusu olub.
İdlib şəhərinin coğrafi baxımdan Türkiyəyə yaxın yerləşməsinin böyük üstünlük olduğunu bildirən hərbi mütəxəssislər 20-120 km mənzilə sahib, həssas atış edə bilən, yerli istehsallı “KAPLAN” raketlərinə diqqəti çəkir. Çoxməqsədli Raket Sistemi platformalar üzərindən atıla bilən raketlər kəskin dəqiqlik sayəsində topçu və havadan müdafiə sistemləri radiolakasiya mövqeləri, toplanış bölgələri, logistika məkanları, nəzarət, idarəetmə və xəbərləşmə sistemləri kimi hədəfləri vura bilir.
Türkiyə ordusu İdlibdə hərəkat başladarsa, SOM, Slam Er, Popeye raketləri, qurudan-quruya atıla bilən İldırım və BORA ballistik raketi kimi əhəmiyyətli silahlarından istifadə edə bilər.
Mütəxəssislərin sözlərinə görə, Əsəd rejimi hava məkanından yaxşı istifadə edə bilmir. Xüsusilə, suriyalı müxaliflərin əlində olan və çiyindən atıla bilən MANPADS raket sistemi helikopter və alçaqdan uçan təyyarələri rahatlıqla vura bilir.
Bundan başqa, Türkiyə Hərbi Hava Qüvvələrinin Suriya əməliyyatlarından istifadə etdiyi KORAL elektron hərbi sistemi hazırda meydanda aktiv şəkildə istifadə olunur. Hərbi avtomobillərə quraşdırılan və geniş ultrasəs dalğalarını təqib edən bu radar sistemi 200 km sahədə düşmənin radarlarına və xəbərləşmə kanallarına müdaxilə edə bilir.
O da qeyd olunur ki, Suriyanın İdlib şəhərinə Rusiya dəstəkli Bəşər Əsəd rejiminin hücumları davam edir.
Türkiyə Silahlı Qüvvələri iki ölkənin sərhəd zonasında yerləşən bölüklərinə tank və hərbi avtomobil göndərib. Çox sayda əsgər də konvoyda yer alıb.
Milli Müdafiə naziri Hulusi Akarın NATO konfransında bölgədə atəşkəsin təmin edilməsi və daimi olması məqsədilə hərbi ehtiyatın göndərilməsinə davam ediləcəyini açıqlamasından sonra proses sürətləndirilib. Əlavə hərbi qüvvələr və silah ehtiyatı ehtiyac olduğu təqdirdə İdlib şəhərinə istiqamətləndiriləcək.
Qeyd edək ki, Türk ordusunun İdlibdəki 4 müşahidə məntəqəsi Əsəd birliklərinin mühasirəsi altındadır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rejimin ayın sonuna qədər geri çəkilməyəcəyi təqdirdə böyük hərbi hərəkat başladacağını dilə gətirib.
Sabiq dövlət müşaviri Rasim Musabəyovun fikirncə, baş verənlərin mahiyyəti ondan ibarətdir ki, Rusiya və İranın müdaxiləsi nəticəsində 90 faiz suriyalı tərəfindən rədd edilən Bəşər Əsəd rejimini saxlaya bildilər.
İndisə Bəşər Əsəd özünə gəlib və Suriyanın bütün ərazilərinə nəzarəti bərpa etmək niyyətindədir. Ancaq bu rejimi qəbul etməyən insanların 3,5 milyonu Əsədin quldurlarının əlindən qaçaraq Türkiyəyə keçib.
İdlibdə hazırda 4 milyona yaxın əhali var. Bəşər Əsədin qoşunları bura daxil olduğu təqdirdə insanlar Türkiyəyə üz tutacaq. Axı Türkiyədə bu qədər insanı qəbul etmək iqtidarında deyildi.
Məhz bu təhlükələr səbəbindən Türkiyə İran və Rusiya ilə Astana razılaşması imzalamışdı. Bu razılaşmaya əsasən İdlibdə vəziyyətə nəzarəti Türkiyə üzərinə götürmüşdü. Ancaq indi Əsədin qoşunları İdlib istiqamətində hətta türk əsgərlərinin olduğu müşahidə postlarına hücum edirlər.
Təbii ki, İranın dəstəklədiyi Hizbullah Əsədə dəstək verir, havadan isə Rusiya onu müdafiə edir. Bu da, ona gətirib çıxardı ki, türk əsgərlərinə silah çəkilib və 13 əsgər öldürülüb. Türkiyədə buna 5 qat cavabını verdi. Bu da, ona gətirib çıxaracaq ki, əgər ruslar Əsədə havadan və qurudan dəstəyi davam etdirəcəksə, bu Rusiya-Türkiyə toqquşmasına gətirib çıxara bilər. İndi Əsəd güclənib və Rusiyanın sözünə qulaq asmır. Rusiya ona təzyiq etsə Suriyadakı bazaları şübhə altına düşəcək.
Bu tərəfdən də Bəşər Əsədə açıq dəstək verib Türkiyə ilə toqquşmaqdan ehtiyatlanır. Üstəlik ABŞ və NATO bu məsələdə Türkiyəni açıq və net şəkildə dəstəkləyir. Odur ki, İdlib istiqamətində vəziyyət kəndir düyünü kimidir. Ancaq nəzərə alsaq ki, bu ərazi Türkiyənin sərhəddində yerləşir və bundan Türkiyə tərəfi əziyyət çəkir, Rusiya və İran isə bundan narahat deyillər və az qala at oynadırlar. Türkiyə üçün bu bölgə həyati əhəmiyyətlidir.
Əminəm ki, Türkiyə geri çəkilməyəcək və NATO-dan dəstək alaraq İranla Rusiyanı yerində oturtmağa qadir olacaq. Rusiya və İran bunu anlamasalar zənnimcə, çox böyük zərər çəkməli olacaqlar.