Əsədə güclü zərbə: yüzlərlə əsgəri və silahı məhv edildi Dünya

Əsədə güclü zərbə: yüzlərlə əsgəri və silahı məhv edildi

Tramp Ərdoğana təşəkkür edib

Türk Silahlı Qüvvələri (TSK) Türkiyə sərhəd xəttində qaçqın şəhərciklərinin yerləşdiyi əraziləri vuran Bəşər Əsəd ordusuna qarşılıq verib.
Türk topçuları “Fırtına ” sistemləri ilə Əsəd ordusuna zərbələr endirib.
Bu arada bəlli olub ki, Türk ordusu İdlib istiqamətinə silah cəmləşdirməyə davam edir. Tank və zirehli avtomobillər, habelə raket sistemlərini daşıyan konvoy İdlib istiqamətində hərəkət edib. Məlumata görə, silahlar şimaldakı türk əsgərlərinin mövqelərinə çatdırılıb.
Bəşər Əsədin İdlibin mərkəzini əldə etməsinin qarşısını almaq məqsədilə TSK fərqli yerlərə yayılaraq müvəqqəti postlar qurduğu deyilir.
Yerli qaynaqlar qeyd edirlər ki, TSK son olaraq Hələbin qərbindəki Darat Aziza qəsəbəsi yaxınlarında və İdlibin mərkəzinin şimal hissəsində-Termanində müvəqqəti postlar qurub.
Qeyd edilib ki, Suriyanın İdlib şəhərində dinc sakinlərə hücum edən Dəməşq rejimi Türkiyə Silahlı Qüvvələri ilə yanaşı, son dövrlərdə hərbi müxaliflərdən də zərbə üstünə zərbə alır.
Son 15 gündə İdlib və Hələbdəki hücumlarda yüzlərlə rejim əsgəri öldürülüb. Rejimin 3 hərbi helikopteri, 25 tankı, 14 avtomobili, 3 zirehli daşıyıcı avtomobili, 2 pilotsuz uçuş aparatı, 8 təyyarə əleyhinə raketi və 5 rampası məhv edilib. Bundan başqa, müxaliflər 5 tank, 1 yüngül zirehli “Şilka”, 1 iş aparatı və 106 mm-lik top ələ keçirib.
Xatırladaq ki, 2018-ci ilin avqust ayında Rusiya ilə Türkiyə arasında Soçi memorandumunun imzalanmasından etibarən rejim və dəstəkçilərinin İdlibə hücumları nəticəsində 1800-dən çox dinc sakin həlak olub. 2019-cu ilin yanvar ayından bəri Suriya-Türkiyə sərhədinə köç edənlərin sayı 1 milyon 794 minə çatıb.
Onu da vurğulayaq ki, Suriyanın İdlib bölgəsində davam edən qarşıdurma Türkiyə və Rusiya arasında hərəkətliliyə səbəb olub. Bəşər Əsəd ordusunun Türkiyənin İdlibdəki mövqelərinə son hücumlarından sonra Ankara və Moskva yenidən danışıqlar prosesinə start verib.
Ötən həftə Rusiyadan olan heyətin Ankaraya səfərinə cavab olaraq, Türkiyə hökuməti də Moskvaya nümayəndə heyəti göndərmək qərarı verib.
Qeyd edək ki, ötən həftə Ankarada tərəflər arasında keçirilən görüşdə nəticə əldə edilməmişdi. Rəsmi Ankara diplomatik təmaslar nəticə verməyəcəyi halda, hərbi variantın masa üzərində olduğunu açıqlayıb.
“Röyter” agentliyi Suriya dövlət televiziyasına itinadən xəbər yayıb ki, Rusiya tərəfindən dəstəklənən Əsəd ordusu Hələbə nəzarəti ələ keçirib.
Məlumatda qeyd edilir ki, gün boyu Rusiya havadan, İran tərəfindən dəstəklənən silahlı qruplar isə qurudan Hələbdəki müxalifətə qarşı hücumlar həyata keçirib.
Yeri gəlmişkən, ABŞ Prezidenti Donald Tramp fevralın 15-də Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı İdlibdəki vəziyyətdən narahatlığını vurğulayıb və Rusiyanın Suriya hökumətinə dəstəyinin dayandırılmasını istədiyini bildirib.
Xarici KİV xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibinin müavini Cad Dir məlumat verib.
O qeyd edib, ABŞ Prezidenti İdlibdəki gərginlikdən narahatlığını bildirib və humanitar fəlakətin qarşısının alınmasında göstərdiyi səylərə görə Türkiyə Prezidentinə təşəkkür edib.
"Prezident Tramp Rusiyanın Suriya Prezidenti Bəşər Əsəd rejiminə dəstəyini dayandırmasını və münaqişənin siyasi həllini müdafiə etməsini istədiyini bildirib”, - deyə Ağ Ev rəsmisi bildirib.