“Türkiyə həm Liviyada, həm də Suriyada hərbi əməliyyatlar aparır” Dünya

“Türkiyə həm Liviyada, həm də Suriyada hərbi əməliyyatlar aparır”

“Türkiyə istənilən an Liviyada nəzarəti ələ keçirə bilər”. Bunu politoloq Vüqar Zifəroğlu Haftarın rəhbərliyindəki Liviya Milli Ordusunun Tripoli sahilində silah-sursat daşıyan Türkiyə gəmisini vurması ilə bağlı yaydığı saxta məlumatın səbəbləri barədə danışarkən deyib. O vurğulayıb ki, Haftar bu yolla Türkiyə qarşısında üstün olduğunu göstərmək istəyir: “Türkiyənin regionda apardığı aktiv xarici siyasət digər böyük güclərin maraqları ilə üst-üstə düşür. Hazırki siyasi proseslərə nəzər salsaq, görə bilərik ki, Türkiyə iki cəbhə arasında qalıb. Bu isə rəsmi Ankaranın mövcud hərbi qüvvələrini iki yerə bölməsi deməkdir. Məsələ ondadır ki, Türkiyə eyni anda həm Liviyada, həm də Suriyada hərbi əməliyyatlar aparır. Hər iki ölkə Türkiyə üçün həyati əhəmiyyət daşıyır.
Bu gün paytaxt Tripolidə Türkiyənin hərbi kontingenti var. Digər tərəfdən sahil xəttində də Türkiyə ordusuna dəstək verə biləcək donanma mövcuddur. Haflar başa düşür ki, Türkiyənin eyni anda həm Liviya, həm də Suriyada mübarizə aparması proseslərə birbaşa müdaxiləsini ləngidir. Bu səbəbdən Haftar qüvvələrinin “Tripoli sahilində silah-sursat daşıyan Türkiyəyə məxsus gəmini vurduq” yalanı elə də təəccüblü deyil. Türkiyə tərəfi hər nə qədər ilk başda məsələyə rəsmi münasibət bildirməsə də, daha sonra hücumun olduğunu təsdiqlədi, zərbənin hədəfə dəymədiyini və buna onqat artıq cavab verildiyini bəyan etdi”.
Politoloq bildirib ki, Haftarın Liviyanın 80 faizinə nəzarət etməsi ilə bağlı açıqlaması yanlış təsəvvür formalaşdırır:
“Hazırda Liviyada siyasi vəziyyət olduqca qəlizdir. Haftar qüvvələri son bir neçə gündə kifayət qədər uğur qazanıb. Son verilən məlumatlara görə, Liviyanın 80 faizi Haftarın nəzarəti altındadır. Təbii ki, bu, Türkiyə üçün arzuolunmazdır.
Amma Haftarın Liviyanın 80 faizinə nəzarət etməsi faktiki qələbə demək deyil. Çünki Liviyanın elə 70 faizi səhralardan ibarətdir. Əsas yaşayış məntəqələri isə sahil xətlərində yerləşir. Hazırda məhz bu ərazilər uğrunda mübarizə gedir.
Liviya bu gün düşünülənin əksinə 2 deyil, 3 yerə bölünüb. Çünki Liviyanın cənubunda kifayət qədər güclü tayfalar mövcuddur. Bu gün həm Liviya Milli Razılıq Hökumətinin rəhbəri Fayez Sərrac, həm də Haftar bu tayfaları öz ətrafına çəkməyə çalışır. Liviyada tam qələbə qazanmağın yolu bu tayfaların dəstəyini almaqdır. Onu da qeyd edim ki, bu tayfalara Almaniya dəstək verir”.
Qeyd edək ki, Liviya Milli Ordusu Tripoli sahilində Türkiyəyə məxsus silah-sursat daşıyan gəmini vurması haqda açıqlama yayıb.