“Üçlüy”ün  Yaxın Şərqdə maraqları üst-üstə düşmür Dünya

“Üçlüy”ün  Yaxın Şərqdə maraqları üst-üstə düşmür

Vüqar Zifəroğlu: “Silahlı qarşıdurmaların aktivləşməsi və toqquşmaların intensivliyini müşahidə edə biləcəyik”

“Suriya münaqişəsi başladığı gündən etibarən Türkiyənin proseslərə mövqeyi konkret olub. Hətta Türkiyənin NATO və ABŞ-la ilk fikir ayrılıqları da məhz bu zaman ortaya çıxmışdı. ABŞ və NATO Suriyada siyasi gərginliyin səbəbini İŞİD-də gördüyü halda, Türkiyə problemlərin kökünün Əsədlə bağlı olduğunu bildirirdi”.
Bu sözləri açıqlamasında politoloq Vüqar Zifəroğlu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İdlibdə hər an əməliyyatların bərpa ediləcəyi açıqlamasının ardından Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında Bəşər Əsəd ordusunun mövqelərini vurması barədə danışarkən deyib. O vurğulayıb ki, hazırda Suriyanın Türkiyə ilə münaqişəni hərbi müstəvidə aparması real görünmür:
“Türkiyənin İdlibdə hərbi əməliyyatlara yenidən başlamasının əsas səbəbi buranın ciddi strateji əhəmiyyətə malik olmasıdır. Belə ki, İdlibə nəzarət Suriyanın şimal və mərkəzi vilayətlərinə nəzarət etmək deməkdir. Bu mənada Türkiyənin mövqeyini başa düşmək olar. Düşünürəm ki, qarşıdakı günlərdə tərəflər arasında silahlı qarşıdurmaların aktivləşməsi və toqquşmaların intensivliyini müşahidə edə biləcəyik. Türkiyənin heç bir halda güzəştə getmək niyyəti yoxdur. Bu, milli maraqlar çərçivəsindən doğru olmazdı. Türkiyə Suriya münaqişəsində faktiki olaraq tək qalıb. Nəzərə almaq lazımdır ki, Türkiyə eyni zamanda Liviya münaqişəsinə də diqqət etməlidir. Türkiyənin Suriyadakı varlığının tək səbəbi öz milli təhlükəsizliyini qorumaq istəməsidir. Digər tərəfdən bu gün Türkiyə sərhədinə çoxsaylı miqrant axını da baş verir. Türkiyə bu səbəbdən İdlib ətrafında öz təhlükəsizliyi baxımından bufer zonalar yaradıb və beləliklə, bölgəyə nəzarət edir. Düşünürəm ki, Suriyada güclü hakimiyyət qurulsa, regionda sabitlik bərpa oluna bilər. Prinsip etibarilə Türkiyənin mövqeyi bu baxımdan doğrudur. Əslində, Türkiyə buna nail olurdu, lakin siyasi proseslərin günü-gündən qəlizləşməsi bu məsələnin uzanmasına gətirib çıxartdı”.
Politoloq bildirib ki, Suriyada bundan sonra baş verəcək siyasi prosesləri öyrənmək üçün Ankara-Moskva-Tehran danışıqlarını izləmək lazımdır:“Suriya ətrafında gedən siyasi proseslərin həll olunmamasının ən önəmli səbəbi Rusiya və İranın Əsədə dəstək verməsidir. Digər bir səbəb İran və Rusiyanın lazımi dərəcədə bu məsələyə diqqət etməməsidir. Düzdür, Türkiyə, Rusiya və İran Suriya məsələsində ortaq çalışsalar da, bu da öz növbəsində uğursuz bir plan idi. Təəssüf ki, Ankara- Moskva-Tehran birliyi xarici təsirlərin diktəsi ilə formalaşan birlikdir. Diqqətlə baxsaq, görə bilərik ki, bu üçlüyün Yaxın Şərqdə maraqları üst-üstə düşmür. İdlib bu məsələdə çox həlledici katalizator oldu”.
Onu da bildirək ki, Türkiyənin Millli Müdafiə naziri Hulusi Akar “CNN Türk”ün efirində canlı yayımlanan “Gecə Görüşü” proqramında Suriyanın İdlib bölgəsində yaşanan gərginliklə bağlı suallara cavabında deyib ki, ABŞ hərbçilərinin İdlibdə birbaşa əməliyyata girməsinə ehtiyac yoxdur. Belə bir şey də yoxdur. Onlar bizə hava müdafiə sistemi göndərdilər. Çünki ölkəmizə qarşı havadan və qurudan raket təhdidləri var. Bundan başqa, ABŞ-ın bizə “Patriot” dəstəyi ola bilər. Parlalel olaraq, NATO Baş katibinin də müxtəlif açıqlamaları var. Onlar tərəfindən də bəzi dəstəklər ola bilər.
Nazir bildirib ki, Türkiyə NATO-nun ən güclü və vacib üzvüdür: “Bizim ölkəmizin haqq və mənfəətlərini qorumaq, xalqımızın rifahını təmin etmək kimi məsuliyyətimiz var. Və bütün bunlar NATO üzvlüyümüzə zidd deyil. Əksinə, NATO-da üzərimizə düşən nə vasa, hamısını tam məsuliyyətlə yerinə yetiririk. Əlbəttə, bunun qarşılığı olaraq, NATO-dan, Avropadan eyni münasibəti görməliyik.
Bilirsiniz, biz Rusiyadan S-400-ləri aldıq. Yazda bu sistemin Türkiyədə quraşdırılması tam başa çatdırılacaq. Nöqtə. Yəni bu məsələ burada bağlanıb. Türkiyənin özünü qoruma haqqı var və bu, NATO-dakı üzvlüyümüzə problem deyil”.
Akar İdliblə bağlı Rusiya ilə dialoqun davam etdiyini də deyib: “İdlibdə güc sərf etməklə də olsa, atəşkəsi təmin edəcəyik. Bizim A, B, C planlarımız hazırdır, yeri gəldikcə, tətbiq olunacaq. Biz Soçi razılaşmasının arxasındayıq, sadəcə, tərəflər (Rusiya və İranı nəzərdə tutur -red) buna əməl etsin”.
Rusiya ilə münasibətlərin İdlibdə necə tənzimlənəcəyi haqda suala gəldikdə isə, nazir deyib ki, “bizim Rusiya ilə qarşı-qarşıya gəlmək niyyətimiz yoxdur”.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında Bəşər Əsəd ordusunun mövqelərini vurmağa davam edir. Türk ordusu rejim qüvvələrinin Həma və Lazkiyə bölgəsindəki bir çox hərbi bazalarına raket zərbələri endirib.