Niderlandda koronavirusdan ölənlərin sayı 2511-ə çatıb Dünya

Niderlandda koronavirusdan ölənlərin sayı 2511-ə çatıb

Niderlandda son sutka ərzində koronavirusdan 115 nəfər vəfat edib.
APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu barədə Niderlandın İctimai Sağlamlıq İnstitutu məlumat yayıb.
Ölkədə indiyədək 2511 nəfər koronavirusdan vəfat edib.
Son 24 saat ərzində ölkə ərazisində 1335 yeni yoluxma faktı qeydə alınıb ki, bununla da bu günədək COVID-19 virusuna yoluxanların sayı 23097-yə çatıb.
Niderlandın Statistika Komitəsi isə aprelin ilk həftəsində gözləniləndən artıq ölüm halları müşahidə edildiyini açıqlayıb. Komitə bunun koronavirusla bağlı olduğunu ehtimal etdiyini bəyan edib.
Belə ki, Statistika Komitəsi aprelin ilk həftəsində ölkə ərazisində 5100 ölüm faktı qeydə alıb ki, bu da 2019-cu ilin eyni vaxt aralığında baş verən ölüm hallarından 2000 nəfər artıqdır. 2019-cu ilin ilk həftəsində ölkədə 3100 baş verib. Komitə bildirib ki, ola bilsin, bu ölənlər koronavirusa yoluxmuş, ancaq testdən keçməmiş şəxslər olsun. Çünki Niderlandın İctimai Səhiyyə İnstitutu test nəticələri müsbət çıxan və xətəxanalarda vəfat edən şəxslərin sayını açıqlayır.