Rusiya XİN: Belarusdakı iğtişaşlarda “rus izi” axtarmaq əsassızdır Dünya

Rusiya XİN: Belarusdakı iğtişaşlarda “rus izi” axtarmaq əsassızdır

“Rusiya ilə Belarus arasında nifaq salmaq istəyənlər müvəffəqiyyətsizliyə düçar olacaqlar”.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O bildirib ki, Belarusda prezident seçkiləri ərəfəsində saxlanılan rus vətəndaşlarla bağlı problemə tezliklə aydınlıq gətiriləcək.

“Artıq saxlanılan rus jurnalistlərin əksəriyyəti azad edilib. Rusiya Belarusdakı vəziyyətin tezliklə stabilləşəcəyinə ümid edir”, - deyə XİN rəsmisi qeyd edib.

M. Zaxarova Belarusdakı iğtişaşlarda “rus izi” axtarmağın əsassız olduğunu da vurğulayıb.