ÜST-nin Çinə göndərdiyi missiya karantin dövrünü başa vuraraq araşdırmalara başlayır Dünya

ÜST-nin Çinə göndərdiyi missiya karantin dövrünü başa vuraraq araşdırmalara başlayır

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) COVID-19 infeksiyasının mənşəyinin tapılması üçün Çinə göndərdiyi ekspertlər qrupunun 14 günlük məcburi karantin dövrü yanvarın 28-də başa çatır.

AZƏRTAC xəbər verir ki, missiya bu gündən çinli alimlərlə birlikdə araşdırmalara başlayacaq. Ekspertlər karantin dövründə çinli həmkarları ilə videokonfrans formatında bir neçə dəfə müzakirələr aparıblar.

Qeyd edək ki, ÜST-nin 13 nəfərlik ekspertlər qrupu yanvarın 14-də Sinqapurdan birbaşa Uxana gəlib. Onlar Çində epidemiya əleyhinə prosedura uyğun olaraq mehmanxanada 14 günlük məcburi özünütəcrid dövrünü keçiblər. Heyətin Çinə səfəri 5-6 həftəni əhatə edəcək və epidemiyanın ilk olaraq başladığı Hubey vilayətinin paytaxtı Uxan şəhəri diqqət mərkəzində olacaq. Ekspertlər rəylərini öz müşahidələrinə, eləcə də Çin mütəxəssisləri tərəfindən heyvan və insanlardan toplanmış nümunələrə əsasən verəcəklər. Bu, ÜST ekspertlərinin COVID-19 virusu ilə əlaqədar ilk səfəri deyil. Bu cür iki səfər ötən ilin yanvarında və iyulunda həyata keçirilib. Bu virusun ilk olaraq Çinin Uxan şəhərindəki dəniz məhsulları bazarından yayıldığı bilinsə də, sonradan çinli mütəxəssislər virusun xaricdən Çinə gəlmiş ola biləcəyini açıqlayıblar.

ÜST ekspertlərinin Çinə gəlişindən əvvəl onların səfərləri ilə bağlı müəyyən gərginlik yaşanmışdı. Belə ki, ÜST virusun mənşəyinin axtarışı üçün Çinə missiya göndərəcəyini açıqlamışdı. Amma sonradan Pekinin ÜST heyətinin Çinə səfərinə razılıq vermədiyi barədə mətbuatda xəbərlər yayılmışdı. Yanvarın 11-də ÜST Çin tərəfinin səfərə icazə verdiyini açıqlayıb. ÜST-ün Baş direktoru Tedros Qebreyesus bir neçə gün əvvəlki onlayn mətbuat konfransında təşkilatın ekspertlərinin çinli həmkarları ilə birgə xəstəliyin zoonoz (heyvanlardan insanlara və ya insanlardan heyvanlara keçən yoluxucu xəstəlik) mənbəyinin aşkar edilməsi ilə bağlı elmi planlar hazırlayacaqlarını bəyan edib.