Dünyada gənc milyarderlərin sayı 80-nə yaxınlaşıb Dünya

Dünyada gənc milyarderlərin sayı 80-nə yaxınlaşıb

Dünyada 40 yaşadək olan və sərvəti 1 mlrd. ABŞ dollarından az olmayan insanların sayı 79-a çatıb.

"APA-Economics"in məlumatına görə, bu barədə "Hurun" biznes nəşrinin yeni dərc olunmuş araşdırmasında deyilir.

Sözügedən yaş kateqoriyasından olan milyarderlərin sayı ötən il 26 nəfər çoxalıb və onların ümumi sərvəti 230 mlrd. dollar artaraq 523 mlrd. dollara çatıb.

"Hurun"un araşdırmasına görə, gənc milyarderlərin siyahısına "Facebook" şirkətinin təsisçisi Mark Zukerberq başçılıq edir. Onun sərvəti 100 mlrd. dollar səviyyəsində qiymətləndirilir. İkinci pillədə 53 mlrd. dollarlıq sərvətlə "ByteDance" şirkətinin rəhbəri 38 yaşlı Çjan İmin qərarlaşır. İlk üçlüyü isə "Beijing Kuaishou Technology" şirkətinin təsisçisi, sərvəti 23 mlrd. dollar olan 39 yaşlı Su Xua qapadır.

Qeyd edək ki, "Hurun" artıq beş ildir dünyada 40 yaşınadək olan milyarderlərin reytinqini tərtib edir. 2016-cı ildə sözügedən reytinqə 39 nəfər daxil idi.