Təhsil Nazirliyi: Tibb təhsili ilə bağlı yeni layihə hazırlanıb Hadisə

Təhsil Nazirliyi: Tibb təhsili ilə bağlı yeni layihə hazırlanıb

2022-2023-cü tədris ili üçün “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nda tibb təhsilinin yer almaması məsələsinə aydınlıq gətirilib.

Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov deyib ki, proqramda tibb təhsili olmasa da ictimai səhiyyə ixtisası var.

“Bu səhiyyənin idarə edilməsini özündə ehtiva edən geniş bir sahədir. Düşünürük ki, buna ciddi ehtiyac var. Müvafiq qurumların rəyi əsasında bu 15 ixtisasdan biri olaraq təsbit olunub”, - şöbə müdiri qeyd edib.

Təhsil Nazirinin müşaviri Nicat Məmmədli isə qeyd edib ki, tibb təhsili spesifik bir sahədir: “Məsələn, tibb təhsilində magistratura pilləsi mövcud deyil. Adətən dünyanın bir çox ölkələrində tibb təhsilinin xüsusi təşkili forması var. Həmçinin tibb təhsilinin uzunmüddətli olması, bəzi ölkələrdə bunun kifayət qədər bahalı olması qoyulan investisiyanın geri qaytarılması nöqteyi-nəzərindən də ciddi problemlər yarada bilir. Bununla bağlı böyük ehtimalla bu yaxınlarda elan edəcəyimiz ayrıca bir layihəmiz olacaq”.