Baş prokurorluq Göyçayda vəzifəli şəxsin həbs olunması ilə bağlı məlumat yaydı Hadisə

Baş prokurorluq Göyçayda vəzifəli şəxsin həbs olunması ilə bağlı məlumat yaydı

Göyçay rayonu ərazisində qanunsuz tikinti-quraşdırma işlərinin aparılması və digər qanun pozuntusu faktları ilə əlaqədar daxil olmuş vətəndaş müraciətləri əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işinin istintaqı aparılır.

Prokurorluqdan verilən məlumata görə, aparılmış istintaq tədbirləri ilə hazırda Göyçay Rayon İcra Hakimiyyəti başçısının Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyən Şükürov Rəşad Əlibala oğlunun İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində işləyərkən rəhbərlik etdiyi struktur qurumun digər vəzifəli şəxslərindən ibarət korrupsiya şəbəkəsinin üzvləri ilə qabaqcadan əlbir olub vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ayrı-ayrı vəzifəli şəxslərdən xidməti vəzifələrinin icrasına davam etmələri üçün rüşvət verməyəcəkləri təqdirdə işdən çıxarılacaqları ilə bağlı hədə-qorxu gələrək öz xidməti otağında onlardan müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilmişdir.

İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Rəşad Şükürova Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 311.3.1 (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 311.3.4 (rüşvət alma hədə-qorxu tətbiq olunmaqla törədildikdə) maddələri ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda iş üzrə istintaq davam edir.