“Xaricdəki həmvətənlərimiz mütəşəkkil diaspor kimi formalaşıblar” Hadisə
Akif Ağatalıbov: “Prezident İlham Əliyevin Xivə şəhərində özbək incəsənət nümayəndələri ilə Azərbaycan dilində səmimi söhbəti hər birimizi qürurlandırdı”
Azərbaycan diasporunun inkişafında yaşlı diaspor üzvlərinin xidmətləri az deyil. Bir çox ölkələrdə ağsaqqal diaspor üzvləri zamanında öz sözlərini deyiblər və milli diasporun formalaşdırılmasında addımlar atıblar. Özbəkistanda Azərbaycan diasporunun formalaşdırılmasında aparıcı rol oynayan veteran diaspor Akif Ağatalıbov da belə soydaşlarımızdan biridir. Hazırda Azərbaycanda olan Akif Ağatalıbov yenə də Özbəkistanda diasporun fəaliyyətinə maddi və mənəvi dəstəyini göstərir. İyulun 18-də Akif Ağatalıbovun 65 yaşı tamam olub. Yubiley günlərində ağsaqqal soydaşımızı yada salıb diasporumuzun perspektiv inkişafı ilə bağlı fikirlərini öyrəndik.
Qeyd edək ki, Ağatalıbov Akif Ənvər oğlu 1957-ci ildə Bakı şəhərində andan olub. Ailədə 7 uşaq olublar. O, Bakının Nərimanov rayonundakı 39 saylı orta məktəbdə təhsil alıb. Orta məktəbdən ictimai fəallığı olub. 1975-77-ci illərdə Rusiyanın Lıtkarin şəhərində hərbi xidmətdə olub. Hərbi xidmətdən qayıtdıqdan sonra Bakıda müxtəlif sahələrdə çalışıb. 1980-cı ildə isə Özbəkistana üz tutub. Özbəkistanda ayaqda qalmaq üçün həmyerlilərimizlə bir çox sahələrdə çalışıb. Eyni zamanda Daşkənddə Aleksandr Ostrovski adına Teatr və İncəsənət İnstitutunda təhsil alıb. Özbəkistanın Fərrux Zakirov, Yadigar Sardiyev, Nəsibə Abdullayeva, Şirəli Corayev və s. məşhur incəsənət nümayəndələri ilə yaxın dost olub.
Akif Ağatalıbov 2002-ci ildə Özbəkistanda Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyasını (AMMA) yaradıb. Az bir zamanda Özbəkistanın 15-ə yaxın şəhərində Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyasının bölməsi fəaliyyətə başlayıb. 30 ildən artıq Özbəkistanda yaşamış Akif Ağatalıbov AMMA-nın 10 il sədri olub. Onun fəaliyyəti nəticəsində adı çəkilən qurum ötən illər ərzində istər Özbəkistan, istərsə də digər Orta Asiya respublikalarında Azərbaycanla bağlı müxtəlif tədbirlər keçirib, ölkəmizin həqiqətləri Orta Asiya respublikalarına çatdırılıb. Akif Ağatalıbov öz hesabına Azərbaycan həqiqətlərinin yerli ictimaiyyətə çatdırılması, milli-mədəni irsimizin təbliği, soydaşlarımızın hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı çox mühüm işlər görüb. Hazırda təşkilatın fəxri sədri olan Akif Ağatalıbov “Özbəkistan Respublikasının müstəqilliyinin 15-ci ildönümü” ilə əlaqədar yubiley medalı, 2011-ci il iyulun 4-də isə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub. Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü, həmçinin Orta Asiya Azərbaycanlıları Konqresinin baş koordinatoru olub.
Akif Ağatalıbov diasporumuzun inkişaf yolundan danışarkən dedi ki, milli diasporun birliyinin təməli ümummilli lider Heydər Əliyev tərəfindən həyata keçirilib və bu birlik bu gün özünü qoruyub saxlayır: “Əvvəllər biz bir araya gələ bilmirdik. Müəyyən səbəblər buna mane olurdu və ya bu istiqamətdə hansısa addımlar atılmırdı. Lakin ulu öndərin tapşırığı ilə xaricdəki həmvətənlərimiz bir yerə toplandı və Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı təşkil edildi. Birbaşa diasporla məşğul olan dövlət komitəsi yaradıldı. Bu gün Prezident İlham Əliyevin diasporla bağlı verdiyi tapşırıq və tövsiyələr sayəsində bu sahə daha da canlanır, inkişaf edir”.
O qeyd etdi ki, Azərbaycan diasporu ötən illər ərzində çox çətin və şərəfli bir yol keçib: “Diasporumuz bütün çətinliklərə baxmayaraq, öz sözünü deyib, dünya ölkələrində formalaşıb və güc mərkəzi kimi özünü göstərib. Xaricdəki həmvətənlərimiz mütəşəkkil diaspor kimi formalaşıblar. Bu gün fəxrlə deyə bilərik ki, dünya azərbaycanlılarının əsl milli özünüdərk və ümummilli ideya - azərbaycançılıq, müstəqil dövlətçilik və milli-mənəvi dəyərlər ətrafında birləşməsi prosesi başlanıb. Dünyanın müxtəlif yerlərində məskunlaşmış həmvətənlərimizin mütəşəkkil diaspor kimi formalaşması lobbi quruculuğu sahəsində Azərbaycan Respublikasının xarici siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib”.
Söhbət əsnasında Akif Ağatalıbov Vətən müharibəsindəki şanlı Qələbə ilə bağlı sevincini bizimlə bölüşdü: “Ali Baş Komandan İlham Əliyev Ermənistanı dəfələrlə təxribatçı hərəkətlərə son qoymağa çağırdı və hər zaman münaqişənin sülh yolu ilə həllinə çalışdı. Pandemiyaya baxmayaraq, 2020-ci ilin 27 sentyabrından Ermənistan BMT-nin atəşkəsə qarşı qlobal çağırışını pozaraq müstəqil Azərbaycan dövlətinə hücum edib və cəbhə boyu yenidən təxribatlar törədib. Ermənistan silahlı qüvvələrinin məqsədi sülh prosesini pozmaq və Azərbaycanı müharibəyə cəlb etmək idi. Özbəkistanda yaşayan soydaşlarımız da Ermənistanın Azərbaycana qarşı bu təcavüzkar siyasətini həmişə pisləyib. Ali Baş Komandan olaraq İlham Əliyevin qətiyyətli çıxışlarından və qələbəyə doğru atdığı addımlardan mənəvi güc alırdıq. Qarabağın işğaldan azad olunması uğrunda şanlı Zəfərlə Prezident İlham Əliyevin adı Azərbaycan tarixinə qızıl hərflərlə düşdü. Cənab Prezident bu gün dünya azərbaycanlılarına qələbə daddıran lider olaraq böyük sevinc yaşatdırıb. 30 ildən artıq Özbəkistanda yaşayan diaspor rəhbəri olaraq əminliklə bildirirəm ki, soydaşlarımız Prezident İlham Əliyevin daxili və xarici siyasətini dəstəkləyirlər. Biz istər Özbəkistan, istərsə də digər Orta Asiya respublikalarında Azərbaycanla bağlı müxtəlif tədbirlər keçirib ölkəmizin həqiqətlərini Orta Asiya respublikalarına çatdırmışıq. Özbəkistanda Azərbaycan həqiqətlərinin yerli ictimaiyyətə çatdırılması, azərbaycançılıq ideyasının, milli-mədəni irsimizin təbliği, soydaşlarımızın hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı çox mühüm işlər görmüşük. Bu gün də Vətənim Azərbaycan üçün əlimizdən gələni edirik”.
Akif Ağatalıbov Prezident İlham Əliyevin Özbəkistana son səfəri haqda da öz fikirlərini bildirdi: “Bildiyimiz kimi, Prezident İlham Əliyev bu ilin iyunun 21-də Özbəkistan Respublikasına dövlət səfəri edib. Bu səfərdə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və özbək xalqı Prezident İlham Əliyevi dost və qardaşcasına qarşılayıblar. Daşkənddə geniş tərkibdə görüş başa çatdıqdan sonra Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin iştirakı ilə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması mərasimi olub. Bu sənədlərin imzalanması ilə iki ölkə arasında siyasi-iqtisadi, hərbi və digər sahələrdə əməkdaşlıq daha da güclənəcək.
Xüsusən cənab Prezidentin Xivə şəhərində özbək incəsənət nümayəndələri ilə Azərbaycan dilində səmimi söhbəti hər birimizi qürurlandırdı. Bu görüş bir daha Azərbaycan və özbək xalqlarının qardaş, dost olmasının, mədəni birliklərinin əyani göstəricisidir”.
Akif Ağatalıbov hazırda Özbəkistanda soydaşlarımız arasında mədəni irsimizin geniş təbliğ olunduğunu dedi: “Hər bir xalqın mədəniyyəti onun tarixi keçmişini və milli şüurunun inkişaf səviyyəsini nümayiş etdirən çox mühüm amildir. Bu mənada, tam əminliklə demək olar ki, Azərbaycan xalqının zəngin tarixi-mədəni irsi dünya mədəniyyətinin ən qiymətli səhifələrindən biridir. Son illərdə Özbəkistanda soydaşlarımız arasında mədəni irsimizin, klassik ədəbiyyatımızın, folklorumuzun, musiqimizin təbliğində məqsədyönlü iş aparılıb. 2010-cu ildə Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin əsaslı təmirdən sonra açılışı olub. Azərbaycanlıların yığcam yaşadıqları Daşkəndin Mirabad rayonunun mərkəzindəki Heydər Əliyev küçəsində yerləşən mərkəzdə Heydər Əliyev, Azərbaycanın dövlətçilik tarixi, Azərbaycan və Özbəkistanın müştərək tarixi muzeyləri fəaliyyət göstərir. Bu ilin iyunun 21-də isə Daşkənddə Heydər Əliyev Meydanının açılışı olub. Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev açılış mərasimində iştirak ediblər. Qeyd edim ki, meydan paytaxtın Mirabad rayonunda azərbaycanlıların yığcam yaşadıqları ərazidə yerləşir. Bu meydan Özbəkistandakı soydaşlarımızın milli-mədəni birliyi üçün böyük əhəmiyyət daşıyır”.
Onun sözlərinə görə, son zamanlarda diasporla işin aparılmasına az da olsa canlanma hiss olunur: “Diasporla İş üzrə Dövlət Komitəsi 20 ildir ki, dövlətin diaspor siyasətini həyata keçirir. Dövlət tərəfindən diaspora daimi diqqət göstərilir. DİDK tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondunun yaradılması bunun bariz nümunəsidir. Xüsusən Diaspor Gənclərinin Yay Düşərgələrinin keçirilməsi xaricdəki gəncləri bir araya gətirmək baxımından önəmlidir. Çünki xaricdə yaşayan və fəaliyyət göstərən, eləcə də təhsil alan azərbaycanlı gənclər son zamanlar ictimai fəaliyyətlə də məşğuldurlar. Bu baxımdan gənclərimiz kifayət qədər təşkilatlanıblar və ölkəmizin aktiv təbliğatını aparırlar”.
Fuad Hüseynzadə