13 kəndə təbii qaz verilib Hadisə

13 kəndə təbii qaz verilib

Tural

Dekabrın 10-da Saatlı, Sabirabad, Zaqatala, Lənkəran və Bərdə rayonlarının daha 13 kəndinə təbii qaz verilmişdir. Bu münasibətlə keçirilmiş tədbirlərdə rayon icra hakimiyyətlərinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər. Sabirabad rayonunun Çiçəkli kəndinə ilk dəfə təbii qazın verilməsi ilə əlaqədar keçirilmiş mərasimdə qeyd olunmuşdur ki, 228 abonentlik kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 21946 metr olan polietilen və metal borularla qaz xətləri çəkilmiş, hər bir abonent üçün sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.
Zaqatala rayonunun 826 abonenti olan Car və Abaəli kəndlərinə də ilk dəfə təbii qaz verilmişdir. Vurğulanmışdır ki, qazlaşdırma işləri zamanı ümumilikdə 69506 metr uzunluğunda daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 826 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.
Həmin gün lənkaranlılar üçün də əlamətdar olmuş, Lənkəranın daha 2 kəndi ilk dəfə "mavi yanacaq"la təchiz edilmişdir. Bu münasibətlə keçirilmiş mərasimdə bildirilmişdir ki, ümumilikdə 489 abonenti olan Tükəvilə və Talışlı kəndlərinin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 25628 metr uzunluğunda metal və polietilen boru xətləri çəkilmiş, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılmışdır.
Saatlı rayonunda keçirilmiş tədbirdə bildirilmişdir ki, ümumilikdə 1116 abonenti olan Seyidlər, Qaracalar, Gomuşçu, Varxan və Qaralar kəndlərinin qaz təchizatının bərpası məqsədi ilə təxminən 89,4 kilometr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 1116 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır. Bundan başqa, Bərdə rayonunun ümumilikdə 319 abonenti olan Mirzəxan Qaraqoyunlu, Vəliuşaqlı və Kolayır kəndlərinə də təbii qazın verilişi bərpa olunmuşdur. Qeyd edilmişdir ki, qazlaşdırma işlərində 22,7 kilometrdən artıq metal borulardan istifadə edilmiş, hər bir abonent ayrıca sayğac və fərdi tənzimləyicilərlə təchiz edilmişdir.