Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi Antonius Broeklə görüşüb.
FHN-in mətbuat xidmətindən verilən məlumata görə, Kəmaləddin Heydərov Antonius Broeki BMT-nin Azərbaycanda müxtəlif sahələrdə layihələrin həyata keçirilməsində səmərəli fəaliyyətinə görə Azərbaycan prezidenti tərəfindən "Tərəqqi" medalı ilə təltif edilməsi münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. O, Fövqəladə Hallar Nazirliyinin kollektivi adından nazirliklə məhsuldar əməkdaşlığa görə qonağa təşəkkür edib.
Broek isə səmimi görüşə və xoş sözlərə görə təşəkkürünü bildirib, BMT-nin Azərbaycan nümayəndəliyinin Fövqəladə Hallar Nazirliyi ilə uğurlu əməkdaşlığından məmnunluğunu ifadə edib.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.